Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İki cəbhənin qəhrəmanı

Qələbə 75

Ömür dediyin nədir ki? Bir göz qırpımı! Tanrı qisməti! Onu da hərə bir cür yaşar. Kimisi adi işlərlə günlərini ötürər, kimisi də hələ çiyinləri bərkiməmiş, silaha sarılıb, qanlı-qadalı döyüşlərə atılar. Süngüsünü irəli verib, səngərdən-səngərə adlayar, düşmənə qan uddurar, zəfər qazanar. Zəkasının nuru, elmi ilə zirvələri fəth edər, tarix yazar, yaddaşlarda qalar. Beləcə, nəsillərə örnək bir ömür sürər. Haqqında danışacağım söhbətin qəhrəmanı kimi.
Qara Əli oğlu Sarıyev 1925-ci ildə Tovuz rayonunun Qəribli kəndində anadan olub. Böyük Vətən müharibəsi başlayanda 10-cu sinifdə oxuyurdu. Müəllimləri hər dəfə dərsə girəndə müharibədən danışır və deyirdilər ki, sizin qələbəyə köməyiniz yaxşı oxumağınızdır. Düzü, bu sözlər onsuz da dərs əlaçısı olan Qaranı daha yaxşı oxumağa ruhlandırsa da, o, başqa şeylər barədə düşünürdü: könüllü olaraq cəbhəyə getmək. Vətənpərvərlik hissi bu yeniyetməyə güc verirdi. O, bir gün qəti qərara gəlir: dərslərini yarıda qoyub könüllü cəbhəyə yollanır.
Ömründə əlinə silah almayan Qara Sarıyev cəbhə həyatına tez alışır, ən qızğın döyüşlərə atılmaqdan qorxmur. Rəşadəti müharibə yolu ilə keçir. Döyüş yoldaşları ilə o, Ukraynanın, Rumıniyanın, Macarıstanın, Çexoslovakiyanın, Avstriyanın, Monqolustanın, Çin Mançuriya əyalətinin, Port-Arturun azad olunmasında birbaşa iştirak edən bu cəsur əsgər özünün “Katyuşa”sı ilə Dunay, Dnestr, Prut çaylarını, Zabaykalye cəbhəsini, Monqolustanı və Qobi səhralarını keçərək, sıldırımlı Böyük Xinqan dağını aşıb düşmənlərin sədlərini dağıdır, onlara ağır zərbələr vurur.
Belə ki, 1945-ci ilin avqustunda müharibə başa çatdıqdan sonra sovet döyüşçüləri Mançuriyanın azad edilməsi uğrunda döyüşlərə başlayır. Qara Sarıyev də onların sırasında məşhur Xinqan əməliyyatının fəal iştirakçılarından biri olur. Məhz bu döyüşlərdə xüsusi fərqləndiyinə görə, SSRİ Silahlı Qüvvələrinin Ali Baş Komandanı İosif Vissarionoviç Stalinin 1945-ci ilin avqustunda, 372 nömrəli əmri ilə o, fəxri fərmanla təltif edilir.
2005-ci ildə Qara Sarıyev Çinin Mançuriya vilayətinin Subey, Çin-fin, Çançun, Muqden, Xarbin və Arqun çayının sahillərindəki yaşayış məntəqələrinin azad edilməsinin 60 illiyi münasibətilə Pekində keçirilən Sülh abidəsinin açılışı mərasimində iştirak etmək üçün dəvət alır. Çin dövlət rəsmilərinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan döyüşçüsü söz alaraq dünyaya özünün sülh arzularını çatdırır. Onun çıxışı dünyanın 80 dilinə tərcümə edilir. Çin dövlətinin başçısı onu şəxsən təbrik edib ona yüksək dövlət mükafatını verir.
2010-cu ildə Parisdə beynəlxalq toplantı keçirilir. Q.Sarıyev də buraya dəvət olunur. O, Fransanın İkinci dünya müharibəsində iştirak etmiş müharibə veteranları ilə birlikdə ölkənin Mo,Sen-Jenevyev-de Bua, Naya-Sen-Marten, Le Burje şəhərləri uğrunda gedən döyüşlərdə həlak olmuş əsgərlərin qəbirlərini ziyarət edir. Keçirilən toplantıda çıxış edərək deyir:
–Faşizm üzərində qələbədə Azərbaycan nefti böyük rol oynamışdır. Müharibə illərində Sovet ordusunun işlətdiyi yanacağın 80 faizi məhz Bakı neftinin hesabına olmuşdur. Digər xalqlar kimi, azərbaycanlılar da bu müharibədə qəhrəmanlıq nümayiş etdirmişlər. Belə ki, müharibəyə yollanan 700 minədək azərbaycanlının yarısı geri qayıtmamış, cəbhədə həlak olmuşdur. 
Ulu öndərimiz Heydər Əliyev demişdir: “Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci dünya müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlət orqanlarının, hər bir namuslu Azərbaycan vətəndaşının borcudur”.
Kvantun ordusu üzərində qələbənin 50 illiyi münasibətilə Moskvada keçirilən təntənəli tədbirdə Azərbaycanı təmsil edən iki nümayəndədən biri də Qara müəllim olur. Burada o, MDB Əlaqələndirmə Şurasının mükafatına layiq görülür. 
2003-cü ildə Qələbənin 58-ci ildönümü münasibətilə həm alman faşistlərinə, həm də yapon militaristlərinə qarşı döyüşlərin iştirakçısı kimi Moskvaya dəvət edilmiş Azərbaycanı Qara müəllim təmsil edir. O, burada Rusiya Prezidenti Vladimir Putinlə görüşür, onunla xatirə şəkli çəkdirir, özünün böyük və məşəqqətli döyüş yolu haqqında olan sənədləri də ona təqdim edir. Bu görüşdə V.Putin Q.Sarıyevdən soruşur ki, bir sizə nə kimi kömək göstərə bilərik. Qara müəllim belə cavab verir:
– Çox sağ olun, cənab Prezident! Mənim heç nəyə ehtiyacım yoxdur. Yalnız xahiş edirəm ki, Qarabağ müharibəsinin ədalətli həllinə kömək göstərəsiniz.
Qara müəllim Mauthauzen hərbi-faşist düşərgəsinin azad edilməsində də qəhrəmanlıq göstərib. Avstriyanın bu həbs düşərgəsində yüzlərlə millətin nümayəndəsi, o cümlədən azərbaycanlı əsirlər də saxlanılırdı. Bu döyüşlərdə o, yenə də az “Katyuşa”sı ilə döyüşürdü. Azad edilən əsrlər arasında xeyli sayda azərbaycanlı da vardı. Həmin hərbi düşərgəsinin yerində yaradılmış hərbi muzeyin açılış mərasimində iştirak edən Qara müəllim öz xatirəsində deyir:
“Mauthauzenin azad edilməsilə bağlı keçirilən Ümumdünya Qələbə paradında Amerika, İngiltərə, Fransa, İtaliya və digər ölkələrin bayraqları ilə yanaşı, Azərbaycan bayrağı da dalğalanırdı. Bu, insana böyük qürur gətirirdi”.
Qara Sarıyev müharibə illərində döyüş cəbhələrində göstərdiyi şücaətlərə görə, ümumilikdə 40-dan artıq orden və medallarla təltif edilib. Bunların arasında 1-ci və 2-ci dərəcəli “Böyük Vətən müharibəsi” ordenləri, Stalinqrad, Kursk cəbhələrinin, Leninqrad blokadasının xatirə medalları, “Vyananın alınması”, “Budapeştin alınması”, “Praqanın azad edilməsi”, “Ukraynanın azad edilməsi” “Almaniya üzərində qələbə”, “Yaponiya üzərində qələbə”, “Marşal Jukov” və s. orden və medalları da var. O, təkcə Ali Baş Komandan İ.V.Stalin tərəfindən 18 dəfə fəxri fərman və təşəkkürnamələrə layiq görülüb.
Qara Sarıyevin döyüş yolu müharibə başa çatdıqdan sonra da – 1948-ci ilin aprel ayına qədər hərbi xidmətdə olub. Xidməti başa vurduqdan sonra o, yarımçıq qalmış təhsilini davam etdirib. Orta məktəbi gümüş medalla bitirib, 1950-ci ildə Moskva Baytar Akademiyasına qəbul olunub. Təhsilini başa vurduqdan sonra təyinatla Azərbaycana göndərilib. Astara rayonunda baytar kimi fəaliyyətə başlayan Qara müəllim az sonra baytarlıq idarəsinin baş həkimi təyin olunur. 1962-ci ildə o, Azərbaycan ETBİ-nin aspiranturasına daxil olur. Naftalan neftinin heyvanların “pasterelyoz” xəstəliyinə dair imunitetə təsir mexanizmini öyrənir və bu mövzu üzrə Azərbaycan Elmlər Akademiyasında dissertasiya müdafiə edir, biologiya elmləri namizədi adına layiq görülür. 
1970-1985-ci illərdə Azərbaycan Respublikasında ilk dəfə (həmçinin SSRİ-də) heyvanlarda zoantroponoz qrupuna daxil olan xlamidioz xəstəliyinin törədicilərinin köçəri vəhşi quşlar və gənələrin olduğunu elmi əsaslarla sübut etmiş və xəstəliyə qarşı təlimat, mübarizə tədbirləri hazırlayır.
Qara müəllim 90-dan çox elmi əsərin müəllifidir. Onlardan iyirmisi beynəlxalq jurnallarda çap olunub. 2005-ci ildə “Azərbaycanda qoyunların xiamidioz balasalması və onlara qarşı mübarizə tədbirləri” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir. 2008-ci ildə isə professor olur. Əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. 1989-cu ildə ona “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı verilir. 2009-cu ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.
Qara Sarıyev SSRİ-də ilk dəfə olaraq buzovlarda adenovirus infeksiyasını aşkar edən alimdir. Heyvanlardan insanlara keçən 75-dək təhlükəli xəstəliklərin qarşısını almaq üçün baytar həkimləri heyvanları xəstəliklərə qarşı profilaktiki peyvəndə cəlb etməklə, insanların xəstəliklərə yoluxmasının qarşısını alırlar. Böyük rus alimi S.S.Yevseyenko yazır: “Tibbi təbabət insanları müalicə edir, baytarlıq təbabəti isə bəşəriyyəti qoruyur. Qara Sarıyevin elmi tövsiyələrinin heyvanlarda tətbiqi sayəsində ölkəyə milyonlarla manat iqtisadi gəlir gətirilmişdir”.
Hətta SSRİ dövründə Yevlax rayonunda brusellyoza görə, qeyri-sağlam heyvandarlıq təsərrüfatları rayonun baş baytar həkimi Xəlilov Cahangirlə birlikdə o, 7 ilə tam sağlamlaşdırılmışdır. 
İkinci dünya müharibəsində iki tarixi qələbənin iştirakçısı, fərdi Prezident təqaüdçüsü, Rusiya Federasiyası Müharibə və Silahlı Qüvvələrinin fəxri veteranı Qara Sarıyevi faşizm üzərində möhtəşəm qələbənin 75-ci ildönümü münasibətilə təbrik edir, ona cansağlığı arzulayırıq!

 

Əhməd ƏSƏDLİ,
baytarlıq elmləri namizədi, “Qızıl qələm” mükafatı laureatı

7 May 2020 22:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə