Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Haqq-nahaqq seçilər Haqq divanında”

Türkiyənin “Vətən” qəzetində Azərbaycan alimi Nazir Əhmədlinin “Haqq-nahaqq seçilər Haqq divanında” kitabı haqqında Türkiyənin tanınmış alimi, şairi və ictimai xadimi, Azərbaycanda da yaxşı tanınan Yavuz Bülənd Bakilərin geniş məqaləsi çap edilib Həmin yazını ixtisarla oxucularımıza təqdim edirik. 
Nazir Əhmədlinin doqquzuncu kitabı ədəbiyyat dünyamıza yep-yeni doğrularla gəldi: “Haqq-nahaqq seçilər Haqq divanında”. Bir məhkəmə qərarında haqlı ilə haqsız bir-birindən necə ayrılırsa, Nazir Əhmədlinin bu son kitabında da doğru ilə yanlış bir-birindən o cür ayrılmışdır. Nazir Əhmədli bu günə qədər xalq ədəbiyyatımızda irəli sürülən bir çox fikirlərin yanlış olduğunu ortaya qoyur.
Müəllif bu kitabında Aşıq Ələsgər, Şəmkirli Aşıq Hüseyn, Aşıq Alı, Aşıq Allahverdi, Məmmədhüseyn, Aşıq Musa kimi Azərbaycan xalq şairləri ilə bağlı bəzi bilgilər vermiş, şeirlərindən nümunələr təqdim etmişdir. Bu xalq şairlərinin arasında Nazir Əhmədli ən çox Aşıq Ələsgərin üzərində dayanmışdır. 284 səhifəlik araşdırmasının 147 səhifəsi Ələsgər haqqındadır.
Aşıq Ələsgər Azərbaycan xalq ədəbiyyatının öndə gələn nümayəndələri arasındadır. Təəccüblənəcəksiniz, Aşıq Ələsgər haqqında yazanlar, əsər yaradanlar, ən azı, yüz ildən bəri Aşıq Ələsgərin doğum tarixini 31 il irəliyə çəkərək yazmış və əmisi Allahverdini onun babası olaraq göstərmişlər. 
Nazir Əhmədli əhalinin siyahıyaalınmasını (Kameral təsvirləri-red) tədqiq edərək görmüşdür ki, atası Alməmməd 1824-cü, Ələsgər 1852-ci, qardaşları Salah 1855-ci, Xəlil 1867-ci, Məhəmməd isə 1871-ci ildə doğulmuşlar. Nazir Əhmədli əhalinin siyahıyaalma sənədlərinə əsaslanaraq, doğru olaraq, Aşıq Ələsgərin 1821-ci ildə deyil, 1852-ci ildə doğulduğunu ortaya çıxarmışdır.
Nazir Əhmədlinin üzərində durduğu digər xalq şairləri ilə bağlı təsbit etdiyi bəzi həqiqətlər, yeni məlumatlar var. O məlumatlar Türkiyədəki oxucuları maraqlandırmayacaqdır. Çünki Türkiyədə Azərbaycan xalq ədəbiyyatı haqqında araşdırmalar yoxdur. 
Nazir Əhmədli yuxarıda adını çəkdiyim şairlərin haqqında çox doğru bilgilər verir. Mən onları yazıma salmıram. Mənə görə, şairlərimizin doğum və ölüm tarixləri, ata və anasının adları, yaşadıqları şəhərlər, məzarlarının olduğu yerlər daha çox ədəbiyyat tarixçilərimizin və ya şairlərimiz haqqında araşdırma aparan, ortaya yeni əsərlər qoyanları maraqlandırır.
Mən bu kitabdakı çox mühüm iki-üç gözəllik üzərində duracağam. Öncə çox mühüm bir cəhəti diqqətinizə təqdim etmək istəyirəm: Nazir Əhmədli xalq şairlərimizin haqqında 1980-ci ildən əvvəlki səfsəfələrlə, türkcəni və türklüyü inkar edən marksist görüşlərlə yazmır. “Azərbaycanca” yazmır, “Azərbaycan türkü” yerinə “azərbaycanlı” demir, bu, çox mühüm bir cəhətdir.
Mən 1980-ci ildə ilk dəfə Azərbaycana getdim. Sonra on dəfə də Azərbaycanda oldum. O səyahətlərdə bir cəhət ürəyimi çox dağladı. Gördüm ki, Azərbaycanda Kommunist Partiyasına bağlı olanlar, kommunizmə könül verənlər türklükdən, türk dilindən qətiyyən söhbət açmırdılar. Danışdıqları dilin Azərbaycan dili olduğunu iddia edirlər. Özlərini isə Azərbaycan türkü deyil, azəri və ya Azərbaycan xalqı olaraq ortaya qoyurlar.
Küçədə və oteldə xalq içərisindən qarşılaşdığım adamlar isə mənə deyirdilər ki:
– Sən bizim qan qardaşımızsan, can qardaşımızsan. Mən də türkəm, mən də müsəlmanam. Mən sənin qulluğunda durmaq istəyirəm. Amma Kommunist Partiyasına uyanlar türk dilini və türklüyü qətiyyən sevmirdilər.
Mən 83 yaşındayam. Xalq şairlərimizi və xalq şeirimizi çox sevirəm. İlk şeirlərimi də xalq şeirləri üslubunda yazdım. Dünən olduğu kimi, bu gün də Qaracaoğlanı, Ərrahı, Yunis Əmrəni, Koroğlunu, Dadal­oğlunu, Sümmanini çox sevirəm. Amma bu şairlərimizin heç birinin doğum tarixini, doğum yerini, ata-analarının adlarını və haralarda yatdıqlarını bilmirəm. Amma dilimdə onlardan beytlər, şeirlər var.
Azərbaycan xalq şairlərinin doğum yerlərini, doğum illərini, ata-analarının adlarını Nazir Əhmədlinin kitabında oxumaq məni həyəcanlandırmadı. Amma həmin kitabın bəzi səhifələrini, bəzi açıqlamalarını böyük zövqlə oxudum, dönə-dönə oxudum. Sətirlərin altını cızaraq oxudum. Elə hesab edirəm ki, bu kitabı əlinə alan hər bir Türkiyə türkü bəhs edəcəyim, göstərəcəyim nümunələri mənim hissiyatımda oxuyacaq.
Mənim üzərində dayanacağım mövzu delədir: Oğuz boyu Anadoludan öncə Azərbaycan torpaqlarini fəth etdi .Və orada bəzi dağlara, çaylara, şəhərlərə, yeni adlar qoydu. 1071-ci ildə baş vermiş Malazgird savaşından sonra Anadolu torpaqları da fəth edildikdə, daha öncə Azərbaycanda bir dağa, bir ovaya, bir kəndə, bir çaya, bir bölgəyə, bir təpəyə verilən adlar Anadoluda da istifadə edilmişdir. Məsələn, mən “Haqq-nahaqq seçilər Haqq divanında” kitabını diqqətlə oxuyarkən gördüm ki, Azərbaycandakı çaylardan birinin adı Adıyamandır. Bizdə isə bir şəhərimizin adı Adıyamandır.
Müəllif kitabın 72-ci səhifəsində deyir: “Mahaldakı ən gursulu çaylardan biri olan Adıyaman çayı öz mənbəyini Vedibasar və Dərələyəz mahallarına söykənən dağlardan götürür”. Azərbaycan türkcəsində “söykənmək” yaslanmaq deməkdir.
Biz, sadəcə, Adıyaman çayının adınımı Azərbaycandan alıb bir şəhərimizə verdik? Kitabın 85-ci səhifəsində müəyyən edildiyinə görə, bir zamanlar Azərbaycanda yaşayan Gökçə adlı bir topluluq, öz adını əvvəlcə Dədə Qorqud dastanlarından almışdır. Dədə Qorqud dastanlarında bir dağın adı Göyçə (Gökçə) dağıdır. Bir gölün adı da Gökçə gölüdür. Gökçə adı Dədə Qorqud dastanlarından Azərbaycan coğrafiyasına keçmiş, Azərbaycan coğrafiyasından da Anadolu torpağına yayılmışdır. 
Kitabın 85-ci səhifəsində yer alan bilgiləri olduğu kimi diqqətinizə təqdim edirəm: “Tokat vilayətinin Niksar ilçəsində Gökçəli adında qəsəbə, Afyon-Karahisar vilayətinin Dinar ilçəsində, Amasiya vilayətinin Göynücək ilçəsində, Bayburt vilayətinin Mərkəz ilçəsində, Biləcik mahalının Bozüyük ilçəsində, Bingöl vilayətinin Adaklı ilçəsində, İğdır vilayətinin Qaraqoyunlu ilçəsində, Sivas vilayətinin Yıldızeli ilçəsində Gökçəli adında kəndlər, İstanbulun Çatalca ilçəsində, Qaziantepin Nizip ilçəsində, Qəhrəman Maraşın Andırın ilçəsində, Malatya vilayətinin Pötürge ilçəsində, Ordu vilayətinin Kumru ilçəsində, Samsun vilayətinin Çərşəmbə ilçəsində, Adana vilayətindəki Yürəyir ilçəsində Gökçəli adında məhəllələr vardır. 
Bu yaxınlarda İraqın Mosul şəhərinin İŞİD terrorçularından təmizlənməsi zamanı burada “Gökçəli” məhəlləsinin varlığının da şahidi olduq. Hazırda da gökçə ­tayfası Türkiyədən başqa, Mosul və Kərkük şəhərlərinin yaxınlığında yaşayır. Gökçəli obaları Mersində Dəliçay, Mezitli dərəsi, Bolkar dağlarına qədər uzanan ərazidə yaşayırlar”.
Nazir Əhmədlinin kitabını oxuduğum zaman gördüm ki, o, haqqında yazdığı xalq şairlərinin türk olduqlarını və türkcə yazdıqlarını, söylədiklərini müəyyən edir. Öz kökünə dönüş baxımından bu çox doğru, çox gözəl, çox əsil bir davranışdır. Bu baxımdan “Haqq-nahaqq seçilər Haqq divanında” kitabını böyük bir zövqlə oxudum. Nazir Əhmədlini bütün könlümlə (qəlbimlə) alqışlayıram.

 

Yavuz Bülənd BAKİLƏR
Türkiyə, İstanbul

7 May 2020 22:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə