Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan pandemiya dövründə də etibarlı tranzit-logistika mərkəzi kimi öz fəaliyyətini uğurla davam etdirir

Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da keçirilən Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşündə dövlətimizin başçısı çıxışında bu quruma üzv ölkələrin iqtisadiyyatı, ticarət münasibətləri və idxal-ixrac əməliyyatları üçün nəqliyyat daşımalarının mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanın Türkiyə və Mərkəzi Asiya arasında etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq, tranzit yüklərin daşınması üçün əlavə tədbirlər gördüyünü diqqətə çatdırıb: “Qarşılıqlı anlaşma və əlaqələndirmə şəraitində ölkələrimiz arasında beynəlxalq yükdaşımaları fasiləsiz olaraq həyata keçirilir. Pandemiyanın mənfi təsirlərinə baxmayaraq, 2020-ci ilin ilk üç ayı ərzində türkdilli ölkələrdən 180 min tondan artıq yük Azərbaycan vasitəsilə daşınmışdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40 min ton çoxdur”.

Azərbaycan iqtisadiyyatının digər sahələrində olduğu kimi, tranzit-logistika istiqamətində də fəaliyyətin səmərəli qurulması bir neçə amillə bağlıdır. Əvvəla, son illərdə gerçəkləşdirilən mühüm layihələr nəticəsində respublikamızın ­Avrasiyaboyu strateji beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində əlverişli geoiqtisadi mövqedə yerləşməsi, eləcə də güclü tranzit potensialı Azərbaycanın transregional ticarətdə mühüm qovşağa çevrilməsini təmin edib. Ölkəmiz beynəlxalq aləmdə “Şərq-Qərb”, “Şimal-Cənub”, “Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin, o cümlədən “Viking” Qatarı layihəsinin fəal iştirakçısı kimi tanınıb. 
Bu məqamda onu da vurğulayaq ki, Bakı-Tbilisi-Qars (BTQ) da region üçün strateji əhəmiyyətə malikdir, konteyner daşımaları, Avrasiyaboyu multimodal nəqliyyatın həcminin artırılması, Asiyadan Avropaya istiqamətlənən karqo axınları üçün rəqabətqabiliyyətli bağlantı təmin edir. Asiya və Avropa arasında ən qısa marşrutu reallaşdırmaqla BTQ dəmir yolu bağlantısı gələcəkdə bir neçə milyon ton karqo daşınmasınının reallaşdırılması məqsədi daşıyır. 
Regionun aparıcı ticarət və logistika qovşağı olan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi də müvafiq beynəlxalq nəqliyyat dəhlizləri vasitəsilə malların daşınmasında əhəmiyyətli yol oynayır. Bu kompleksin gələcəkdə Asiya və Avropa arasında böyük tranzit karqo daşımalarını gerçəkləşdirmək məqsədilə daha önəmli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. 
Xatırladaq ki, ölkəmiz əvvəllər olduğu kimi, pandemiya dövründə də etibarlı tranzit-logistika mərkəzi kimi öz fəaliyyətini davam etdirir. Yuxarıda xatırlatdığımız Türk Şurasının fövqəladə Zirvə görüşünün Yekun Bəyannaməsində bu məsələ öz əksini tapıb. Belə ki, həmin sənəddə pandemiya dövründə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr arasında daşımaların davamlılığının reallaşdırılması üçün müvafiq addımların atılması zəruriliyi bildirilib. Eyni zamanda, yük nəqliyyatı vasitələrinin sərhədlərdən keçmə prosedurlarının sadələşdirilməsi və bu sahədə yaranan problemlər barədə məlumat mübadiləsinin aparılmasının dövlət və hökumət başçıları tərəfindən zəruri hesab olunduğunu diqqətə çatdırıb.
Yeri gəlmişkən xatırladaq ki, hazırda qonşu dövlətlərlə hava və quru nəqliyyatı vasitəsilə sərnişindaşımaların dayandırılmasına baxmayaraq, beynəlxalq yükdaşımaların həyata keçirilməsinə ölkəmiz tərəfindən heç bir məhdudiyyət qoyulmayıb. Koronavirusa qarşı mübarizə başlanılan vaxtdan etibarən respublikamızda sərhəd-keçid məntəqələri 24 saatlıq iş rejimində fəaliyyət göstərib və avtomobil nəqliyyatı vasitəsilə yükdaşımaları üçün daim açıq olub.
Burada onu da qeyd edək ki, cari ilin ilk rübündə Azərbaycan ərazisindən 52 min 405 ədəd, o cümlədən tranzit kimi 20 min 819 ədəd xarici ölkələrin nəqliyyat vasitələri ikitərəfli və Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli icazələri ilə sərhəddə icazə almaqla beynəlxalq avtomobil daşımalarını yerinə yetirib. Statistik məlumatların müqayisəsi də göstərir ki, sözügedən dövrdə ötən ilin müvafiq dövrünə nisbətən respublikamızın ərazisindən beynəlxalq avtomobil daşımalarını yerinə yetirən xarici ölkələrin nəqliyyat vasitələrinin sayı 24 faiz, tranzit daşımaların sayı isə 32 faiz artıb.
Prezident İlham Əliyev Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə pandemiya dövründə Azərbaycanın Türkiyə və Mərkəzi Asiya arasında etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq, tranzit yüklərin daşınması üçün əlavə tədbirlər görüldüyünü, bunlar sırasında Bakı və Türkmənbaşı limanlarının birgə təşəbbüsü ilə fider gəmisinin fəaliyyətə başlamasının mühüm hadisə olduğunu qeyd edib. 
Dövlət başçısının bu fikri ilə bağlı onu xatırladaq ki, Türkiyədən daxil olan yüklərin Orta Asiya istiqamətində fasiləsiz daşınmasını təmin etmək məqsədilə artıq Bakı Limanında bir ilkə imza atılıb. Belə ki, avtomaşınlardakı yüklər konteynerlərə çevrilərək fider gəmisinə yüklənilib. “Balkan” fider gəmisi Türkmənbaşı limanına ümumilikdə 62 konteyner (20, 40 və 45 futluq) çatdıracaq. Daşımanın operatoru “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC-dir.
Türkmənistan, Qırğızıstan, Özbəkistan və Əfqanıstan üzərindən yükdaşımaların həyata keçirilməsi üçün nəzərdə tutulan “Balkan” gəmisi həftədə bir dəfə fəaliyyət göstərəcək. Daşınan yükün həcmi artarsa, gəminin həftədə iki dəfə istifadəsi nəzərdə tutulur. Prosesə “ADY Konteyner”lə yanaşı, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Türkiyənin logistika mərkəzi də dəstək verir. Növbəti mərhələdə Türkiyənin İstanbul şəhərindən, eləcə də Mersin limanından qatarlar Bakı Limanına gətirilərək gəmilərə yüklənəcək, sonra Orta Asiyaya daşınacaq.
Qeyd edək ki, fider tipli “Balkan” gəmisindən istifadə olunması hazırda pandemiyanın yükdaşıma sahəsinə mənfi təsirinin azaldılması məqsədi daşıyır. 
Azərbaycan İranla birgə Hindistanın Rusiya ilə yükdaşımasının həcminin artmasında da fəal iştirak edir. Bu proses üçün seçilən marşrut Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizidir ki, həmin dəhliz də Azərbaycandan keçir. Yüklər Hindistandan Rusiyaya və əks istiqamətə daşınması İranın Çabahar dəniz limanı vasitəsilə reallaşacaq. Hindistan bu limanın yenidən qurulması və texniki avadanlıqla təchiz olunması üçün 2 milyard dollar vəsait ayırıb. 
Xatırladaq ki, yüklər Hindistanın Mumbai limanından çıxaraq İranın Çabahar limanına, buradan isə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə Rusiyaya daşınacaq. Əks istiqamətdə isə yüklər Rusiyadan Azərbaycanın İran ilə sərhədindəki Astara şəhərinə, oradan da dəmir yolu ilə Çabahar limanına, daha sonra isə Hindistanın Mumbai limanına çatdırılacaq.
Göründüyü kimi, hər iki istiqamətdə yüklər Azərbaycan ərazisindən keçəcək ki, bu da ölkəmizin büdcə gəlirlərinin artmasına, yeni iş yerlərinin yaranmasına və ümumilikdə əhalinin sosial vəziyyətinin əhəmiyyətli dərəcədə yüksəlməsinə təkan verəcək.
Yükdaşımalarla bağlı bütün yuxarıda qeyd edilənlər qeyri-neft sektorunun inkişafı istiqamətində Azərbaycan Prezidentinin həyata keçirdiyi uzaqgörən siyasətin məntiqi nəticəsidir.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

 

7 May 2020 22:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə