Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Prezidenti uzaqgörənliklə hadisələri qabaqlayır

Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunun mart ayının sonunda Prezident İlham Əliyevə ünvanladığı məktubda koronavirusla mübarizə işində Azərbaycanın nümunəvi ölkə olduğu bildirilmişdir. Dövlət başçımız Rusiyanın “Mir” televiziya kanalına müsahibəsində "Bəs Ümumdünya Səhiyyə Təşkilatı bu istiqamətdə Azərbaycanın fəaliyyətini necə qiymətləndirdi?" sualına cavab verərkən bu fakta da toxunub və deyib ki, Azərbaycan dünya birliyinin məsuliyyətli üzvü kimi pandemiya ilə beynəlxalq səviyyədə mübarizəyə böyük töhfə verir. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilatdır və Azərbaycan bu təşkilatda üç il sədrlik edəcək.   
Cənab Prezident Qoşulmama Hərəkatının təmas qrupunun sammitinin keçirilməsi təşəbbüsünün hərəkatda çox müsbət qarşılandığını vurğulayaraq deyib: “Sammit göstərdi ki, biz səyləri birləşdirməklə bu bəlaya qarşı daha təsirli müqavimət göstərə bilərik. Həmçinin Azərbaycan bir neçə ölkəyə zəruri maliyyə və texniki, o cümlədən tibbi preparatlar və qoruyucu vasitələr yardımı edib. Biz pandemiyaya qarşı mübarizə işinə Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə iki dəfə donor töhfəsi etdik. Mart ayında Ümumdünya Səhiyyə Təşkilatı ilə Azərbaycan arasında donor sazişi imzalandı. Sazişə müvafiq olaraq biz bu bəla ilə qlobal səviyyədə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar ayırdıq. May ayında isə Qoşulmama Hərəkatının sədri kimi hərəkatın virusdan daha çox zərər çəkən üzvlərinə yardım göstərilməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə etdik. Müvafiq qərara əsasən, Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan bu yardımın miqyasını və təqdim ediləcəyi ölkələri birgə müəyyənləşdirəcək".
Pandemiyaya qarşı  mübarizə ilə bağlı dövlət başçısının gördüyü əhatəli işlər təqdir olunmalıdır. Qeyd etməliyik ki, görülən bütün tədbirlər, o cümlədən məhdudlaşdırıcı tədbirlər  vətəndaşlarımızın təhlükəsizliyini, sağlamlığını təmin etmək və onların həyatını qorumaq məqsədi daşıyıb. Aprelin sonundan etibarən karantin rejiminin şərtləri bir qədər yumşaldılsa da,  mayın sonunadək qüvvədədir. Əgər yumşaltma xarakteri daşıyan tədbirlər yoluxanların kəskin artmasına gətirib çıxarsa, o halda məhdudlaşdırıcı tədbirlərin yenidən gücləndiriləcəyini gözləməliyik.
Televiziyaya müsahibəsində cənab Prezident, həmçinin bildirib ki, ölkədə beynəlxalq birliyin daha sıx birləşməsinə, habelə koronavirusa müqavimət üzrə birgə işlərin gücləndirilməsinə böyük əmək sərf edilir: “Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının sədridir. Apreldə və mayda iki sammit keçirildi. Özü də birinci sammit – Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammiti, ümumiyyətlə, dünyada bu mövzuya videokonfrans formatında həsr edilən ilk sammit idi. Dövlət və hökumət başçılarının böyük sayda iştirakı ilə bu tədbirlərin uğurlu keçirilməsi nəticəsində Azərbaycan ümumi bəlaya qarşı mübarizədə vahid yanaşmalar əldə edib”.
Qeyd edək ki, koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, bu virusa yoluxanların müalicəsinin yüksək səviyyədə təşkili, onların tezliklə sağalması istiqamətində görülən işlər birbaşa Prezident İlham Əliyevin xüsusi nəzarətindədir. Virusun yayılmağa başladığı dövrdən dövlətimizin başçısının tapşırığına əsasən zəruri qabaqlayıcı, profilaktik və təxirəsalınmaz tədbirlərin görüldüyü danılmazdır. Bu istiqamətdə görülən kompleks işlər çərçivəsində Prezident İlham Əliyevin təşəbbüsü ilə modul tipli 10 yeni xəstəxananın tikintisinin xüsusi əhəmiyyəti var. Bu, tətbiq olunan xüsusi karantin rejimi dövründə ölkənin səhiyyə sisteminin indiyədək görünməmiş bu qlobal çağırışa və arta biləcək xəstə sayına tab gətirməsi üçün mövcud xəstəxanaların infeksion çarpayı fondunun artırılması baxımından müstəsna rol oynayır.
Mayın 7-də paytaxtda açılışı edilən modul tipli ilk xəstəxana kompleksinin tikinti və quraşdırma işləri 3 həftə ərzində tamamlanıb. Sahəsi 3000 kvadratmetr olan bu kompleks 1 saylı Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərəcək.  Üç korpusdan ibarət, ümumilikdə, 100 palatada 200 çarpayı yeri olan modul tipli xəstəxana kompleksində orta-ağır simptomlu infeksion xəstələrin qəbulu və müalicəsi üçün hərtərəfli şərait yaradılıb. Ehtiyac yaranacağı təqdirdə, əlavə avadanlıqlar təchiz olunmaqla palataların reanimasiyaya çevrilməsi mümkündür.
Kompleks bütün zəruri avadanlıq və sistemlə təchiz olunub. Burada quraşdırılan xüsusi havalandırma sistemi havanı ventilyasiya qurğusu ilə təmizlədikdən sonra palatalara ötürür. May ayı ərzində modul tipli daha beş xəstəxana kompleksinin, iyun ayının ortalarınadək isə digər 4 kompleksin istifadəyə verilməsi nəzərdə tutulub.
Bu komplekslərin müəyyən edilən şəhər və rayonlardakı mövcud xəstəxanaların yaxınlığında quraşdırılaraq onlara təhkim edilməsi nəzərdə tutulur ki, bu da koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi koordinasiyanı təmin edəcək. Modul tipli yardımçı xəstəxana korpuslarının mühüm üstünlükləri var. Belə ki, qısa müddət ərzində sadə beton bünövrə üzərində quraşdırılan bu tikililər pandemiya ilə mübarizə başa çatdıqdan sonra, yəni, zərurət olmadıqda tezliklə və asanlıqla digər sahələrə köçürülə və başqa məqsədlər üçün də istifadə edilə bilər.
Hazırda ölkə ərazisində, ümumilikdə, 10 modul tipli xəstəxana kompleksinin quraşdırılması aparılır. Onlardan ikisi Bakıda, digərləri isə Gəncə, Sumqayıt, Abşeron, Şəki, İsmayıllı, Qəbələ, Qobustan və Şamaxıda quraşdırılacaq. Modul tipli xəstəxanaların istifadəyə verilməsi nəticəsində ölkəmizin səhiyyə sisteminin əlavə 2000 çarpayılıq ehtiyatı yaranacaq. Bu, bir daha sübut edir ki, Azərbaycan Prezidenti böyük uzaqgörənliklə hadisələri qabaqlayır və ehtiyat tədbirləri görür. İnanırıq ki, ölkə başçısının diqqəti, təşəbbüsü, tələbi və  nəzarəti ilə bu bəla tezliklə xalqımızdan uzaqlaşacaq,  pandemiyaya qarşı mübarizədən az itkilərlə çıxacağıq.

 

Nəsib QULİYEV, 
Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, tibb elmləri doktoru, professor

7 May 2020 22:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə