Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Hökuməti və Beynəlxalq Qızıl Xaç Komitəsi səmərəli əməkdaşlıq edir

Prezident İlham Əliyevin rəhbərliyi ilə insan haqlarının, o cümlədən məhkumların hüquqlarının qorunmasına xüsusi diqqət yetirilir, qanunvericilik təkmilləşdirilir, cəza-icra siyasəti humanistləşdirilir, islahatlar aparılır və geniş ictimai iştirakçılıq təmin olunur.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dövlət başçısı tərəfindən və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul olunan əfv və amnistiya aktları, xüsusilə COVID-19 pandemiya şəraitində ötən ay yaşı 65-dən yuxarı olan 176 məhkumun əfv edilməsi dövlətimizin humanist siyasətinin əyani təzahürüdür.
Eyni zamanda, davamlı xarakter almış cəzadan vaxtından əvvəl şərti azad etmənin son aylarda daha intensiv tətbiqi məhkumların cəmiyyətə yenidən inteqrasiyasında mühüm rol oynayır.
Həmçinin yerli qeyri-hökumət təşkilatları və beynəlxalq qurumlar, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə səmərəli əməkdaşlıq edilir, məhkumların hüquqlarının qorunmasının və saxlanma şəraitinin monitorinqi aparılır, onlara hüquqi yardım göstərilir.
Qeyd olunmalıdır ki, BQXK ilə sıx qarşılıqlı fəaliyyətdə məhkumların tibbi və dərman təminatı yaxşılaşdırılıb, penitensiar müəssisələrdə vərəmə qarşı mübarizədə birgə səylər yüksək nəticələr verməklə müsbət təcrübəmiz dünyada örnək olub. Azərbaycan təcrübəsinin digər dövlətlərə yayılması və öyrənilməsi üçün Bakıda Təlim Mərkəzi yaradılıb və Ümumdünya Səhiyyə Təşkilatı ona beynəlxalq status verib. Səmərəli fəaliyyət göstərən bu Mərkəzdə son illərdə Avropa və digər qitələrdən 20 dövlətin çoxsaylı nümayəndələri müsbət təcrübəmizdən bəhrələnib və artıq bəzi ölkələrdə bizim təcrübəyə uyğun modellər tətbiq olunur.
Eyni zamanda, 2000-ci ildən Azərbaycan Hökuməti və Beynəlxalq Qızıl Xaç Komitəsi arasında imzalanmış Sazişə əsasən, komitə nümayəndələri mütəmadi olaraq azadlıqdan məhrumetmə yerlərinə, o cümlədən penitensiar müəssisələrə maneəsiz baş çəkir, məhkumlarla təkbətək görüşlər keçirir, bu sahədə işin təkmilləşdirilməsinə töhfələr verirlər.
Dövlət başçısı həmin Sazişin məhkumlar və təqsirləndirilən şəxslərin hüquqlarının etibarlı təminatına xidmət etdiyini nəzərə alaraq, onun müddətinin uzadılması ilə bağlı xüsusi Sərəncam imzalayıb.
Sərəncamla verilmiş səlahiyyətə əsasən, Sazişin müddətinin uzadılmasına dair Protokolu Azərbaycan Hökuməti adından Ədliyyə naziri Fikrət Məmmədov, BQXK tərəfdən isə komitənin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Elena Aymone Sessera imzalayıblar. Dünyada koronavirus infeksiyasının yayılması ilə əlaqədar ölkəmizdə xüsusi karantin rejiminin tətbiqi nəzərə alınaraq imzalanma rəsmi kanallar vasitəsilə həyata keçirilib.
BQXK tərəfi Azərbaycan Hökumətinə göstərilən dəstəyə görə təşəkkürünü bildirib və nazirliklə aparılan səmərəli əməkdaşlığı yüksək qiymətləndirib.

7 May 2020 22:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə