Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yenidən virusla üzləşməmək üçün məsuliyyətli olmalıyıq

Xüsusi karantin rejiminin məhdudiyyətlərinin bir qismi yumşaldıldıqdan sonra   bir çox sahələrin  fəaliyyəti bərpa edildi. Dünyanın ən qüdrətli dövlətləri hələ də bu təhlükəli virusun qarşısında aciz qalsalar da, ölkəmizdə artıq həyat  tədricən əvvəlki axarına qayıdır.  Bu, möhtərəm Prezidentimiz  İlham Əliyev tərəfindən düzgün müəyyənləşdirilmiş siyasi kursun təzahürüdür. Pandemiyanın ilk günlərindən  operativ tədbirlərin görülməsi, tədris müəssisələrinin, bir sıra iş yerlərinin fəaliyyətinin müvəqqəti dayandırılmasında əsas məqsəd təhlükəli virusun geniş şəkildə yayılmasının  qarşısının alınması məqsədi daşıyırdı.  Bütün bunlar öz müsbət nəticəsini verir. Ölkəmiz bu təhlükədən az itki ilə çıxır. 

Artıq bir sıra  iş yerləri  yenidən bərpa olundu, bəzi qadağalar aradan götürüldü. Amma, bu, bizi tam arxayınlaşdırmamalıdır. Koronavirusun hər an başımızın üstünü ala biləcəyini göz önünə gətirməliyik. Prosesin ikinci dalğasının  başlanmaması üçün hər birimiz Nazirlər Kabineti yanında yaradılmış operativ qərargahın qəbul etdiyi qərarlara, gigiyenik qaydalara ciddi riayət etməliyik.  
Məhdudiyyətlərin bir qisminin yumşaldılması  o demək deyil ki, insanlar tam sərbəst şəkildə hərəkət edə bilərlər. Bu dövrdə verilən tövsiyələrə dəqiqliklə əməl etmək vacibdir. Xüsusən təcrid olunmağa diqqət yetirilməlidir.  Unutmamalıyıq ki,  dövlət başçısının bütün tapşırıqlarının, qəbul etdiyi qərarların əsasını insanların sağlamlığının qorunması təşkil edir. Neçə vaxtdır ki, təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb, ancaq müəllimlər hər ay əməkhaqlarını əvvəlki qaydada alırlar. Bu qayğıya görə, hər birimiz möhtərəm Prezidentimizə minnətdarlığımızı bildiririk. 
Koronavirusla Mübarizəyə Dəstək Fondu yarananda həm dövlət başçımızın, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir illik əmək haqlarını həmin fonda ianə etmələri humanizm prinsiplərinin ali zirvəsidir. Hər birimiz bundan nümunə götürməliyik. Möhtərəm Prezidentimiz xalqı birliyə çağıraraq, belə çətin günlərdə maksimum həmrəylik nümayiş etdirməyin vacibliyini bildirdi. Xüsusilə, aztəminatlı ailələrə kömək göstərilməsinin  xalqımıza xas olan ən ülvi xüsusiyyətlərdən biri olduğunu  vurğuladı. 
Kollektivimiz də dövlət başçısının bu tövsiyələrindən  yararlanaraq, öz əmək haqqından 860 manat fonda ianə etdi. Bundan əlavə, 70- dən çox  imkansız ailəyə zəruri ərzaq məhsulları payladıq.
Xüsusi karantin rejiminin  yumşaldılmasında  əsas məqsəd əhalinin rahatlığının təmin olunması, iş yerlərinin fəaliyyətinin bərpasıdır.  Əgər yumşaldılma tədbirlərinin qalmasını, virusun yayılmasının qarşısını almaq istəyiriksə, operativ qərargahın tövsiyələrinə ciddi riayət etməli,  özümüzü və yaxınlarımızı qorumalıyıq. Unutmamalıyıq ki, karantin rejiminin yumşaldılmasından sui- istifadə edib  pandemiyadan  qorunmaq üçün həyata keçirdiyimiz qaydalardan tamamilə imtina növbəti virus dalğası ilə  üzləşəcəyimiz deməkdir. 

 

Səfurə RƏHİMOVA, 
Suraxanı rayonundakı şəhid Bünyadəli Qulamoğlu adına  285 nömrəli tam orta məktəbin direktoru

7 May 2020 23:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə