Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünya Azərbaycanın təcrübəsindən bəhrələnir

COVİD-19 adı ilə bəşəriyyətə divan tutan koronavirus pandemiyası da bir gün sona çatacaq. Ondan sonra postpandemiya dövründə, şübhəsiz, alimlər, mütəxəssislər sakit tərzdə əyləşib tədqiqatlar aparacaq və bu ümumbəşəri bəlanın nədən yarandığını, iti sürətlə dünyada necə yayıldığını təhlil edəcəklər. Həmçinin dünya iqtisadiyyatını dərin böhrana salmış, bəşəriyyətə necə trilyonlarla ziyan vurmuş, saysız-hesabsız insanın ölümünə səbəb olmuş bu dəhşətli infeksiyaya qarşı mübarizədə böyük fədakarlıqlar göstərmiş insanların – müxtəlif peşə sahiblərinin adları çəkiləcək, xatirələri qədirbilənliklə yad ediləcək.

Bəs, bu sosial bəladan nisbətən az itkilərlə sovuşmaq mümkün deyildimi? Yəqin ki bu suala da cavab axtarılacaq və ayrı-ayrı dövlətlərin təcrübəsi nəzərdən keçiriləcək. Şübhəsiz, burada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin misilsiz xidmətləri, koronavirus pandemiyasına qarşı mübarizənin təşkilində çevik surətdə qəbul etdiyi ən düzgün qərarlar yada düşəcək. Çünki Prezident İlham Əliyev bu məsələdə bütün həmkarlarını üstələyir. Azərbaycan təcrübəsi dünyada böyük maraq doğurur. Əslində, Azərbaycan liderinin bu sahədə apardığı çox uğurlu siyasət bu gün həm ölkəmizin, həm də dünyanın gündəmindədir. Azərbaycan

 

Gördüyünüz işlər ürəkaçandır

Möhtərəm cənab Prezident!

Ulu öndərimiz Heydər Əliyevin “Kiçik bir Azərbaycan” adlandırdığı gözəl Sumqayıt şəhərinin ağsaqqalları adından Sizi salamlayıram.

Ulu öndərimiz Sumqayıta, onun zəhmətkeş insanlarına və şəhərimizin inkişafına çox böyük diqqət yetirirdi. Sumqayıtın bir şəhər kimi formalaşması və inkişafı böyük tarixi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Biz sumqayıtlılar çox sevinirik ki, ulu öndərimizin şəhərimizə olan bu isti münasibəti Sizin tərəfinizdən uğurla davam etdirilir. Birbaşa diqqət və qayğınız sayəsində, xüsusən son illərdə şəhərimizdə yaradılan çoxsaylı sosial-ictimai və sənaye müəssisələri Sumqayıtı daha da inkişaf etdirmiş və müasir, abad, işıqlı bir şəhərə çevirmişdir.

Cənab Prezident, koronavirus pandemiyası nəticəsində bu gün dünya iqtisadi çətinlik və böhran girdabındadır. Mövcud çətinliklərə baxmayaraq, respublikamızda nəzərdə tutulan sosial layihələr dayandırılmır, qrafikə uyğun olaraq öz həllini tapır. Heç bir sosial proqram ixtisar olunmayan Azərbaycanda dövlətimizin başçısının siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Sumqayıt şəhərinə çəkilən yeni magistral qaz xətti də Sizin sumqayıtlılara yeni töhfəniz oldu. Bu alternativ qaz kəməri ilk növbədə sakinlərimizi və eləcə də sənaye müəssisələrini dayanıqlı qazla təmin edəcəkdir.

Hörmətli Prezidentimiz, sərəncamlarınız və verdiyiniz xüsusi tapşırıqlar əsasında vaxtında qabaqlayıcı tədbirlərin görülməsi sayəsində bu qorxulu və dəhşətli koronavirus pandemiyasının yayılma sürətinin xeyli aşağı salınması mümkün oldu. Dünyada koronavirusla mübarizənin çox yüksək səviyyədə və peşəkarlıqla təşkil olunduğu ölkələrdən biri də məhz Azərbaycandır. Ümumdünya Səhiyyə Təşkilatı ölkəmizdə pandemiyanın qarşısının alınması üçün görülən tədbirləri yüksək qiymətləndirir. Sizin tapşırığınıza əsasən, şəhərimizdə də ahıllara, 65 yaşdan yuxarı tənha insanlara, aztəminatlı ailələrə gündəlik qayğı və yardım göstərilir.

Cənab Prezident, həmişə olduğu kimi, bu gün də Sizin və Mehriban xanımın xalqa hansı məhəbbətlə bağlı olduğunuzu görürük. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə görülən işlər də xüsusi alqışalayiqdir. Siz həmişə əsl rəhbər kimi hər birimizə dayaq, dəstək olmusunuz. Sizə Sumqayıtın çoxsaylı ağsaqqallarının, şəhər əhalisinin dərin hörmət və ehtiramını, şəhərimizin inkişafına, çiçəklənməsinə göstərdiyiniz diqqətə və qayğıya görə minnətdarlığını, təşəkkürünü çatdırıram. Xalqımızın rifahı və xoşbəxt gələcəyi naminə Sizə, hörmətli Mehriban xanıma, ailənizə möhkəm cansağlığı, daha böyük uğurlar arzu edirik. Allah Sizi Qorusun!

Dərin hörmətlə,

Müzəffər Gülümov,

Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü

Xidmətlərinizi xalq heç vaxt unutmayacaq

Çox hörmətli Prezident!

Son aylarda dünyada geniş vüsət almış koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması, ölkəmizin, xalqımızın bu qorxulu infeksiya ilə mübarizədən qalib çıxması üçün gördüyünüz qabaqlayıcı tədbirlər biz ağsaqqallar tərəfindən də rəğbətlə qarşılanır.

Siz ilk günlərdən bütün qüvvələri səfərbər edərək mümkün tədbirləri həyata keçirdiniz. Hər zaman olduğu kimi, bu çətin anda da vətəndaşların yanında, onların xidmətində oldunuz. Dövlətimiz, xalqımız üçün belə çətin dönəmdə gördüyünüz işlər, göstərdiyiniz fədakarlıq, yorulmaz fəaliyyətiniz bizi daha da ruhlandırır.

Bu gün Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə tədbirləri, həyata keçirilən siyasət bir sıra ölkələr üçün nümunədir. Bəşəriyyəti bürüyən bu bəladan qorunmaq üçün xalqa etdiyiniz müraciətləriniz, qısa müddət ərzində ölkəmizdə 14 laboratoriyanın fəaliyyətə başlaması, “Yeni klinika” tibb müəssisəsinin istifadəyə verilməsi, tibbi maska istehsal edən müəssisənin açılması, sosial paketin həyata keçirilməsi üçün böyük həcmdə maliyyə vəsaitinin ayrılması sübut etdi ki, ölkəmizdə bütün lazımi addımlar ən yüksək səviyyədə atılır. Bu xidmətlərinizi xalq heç vaxt unutmayacaq.

Azərbaycan xalqının sağlamlığının qorunmasına xidmət edən fəaliyyətinizə görə dərin təşəkkürümüzü bildirir, Sizə möhkəm cansağlığı arzu edirik!

Hörmətlə,

İsa Əhmədov, əmək veteranı, Zaqatala rayonu.

Dar gündə insanlara qucaq açdınız

Hörmətli cənab Ali Baş Komandan!

Sizə 70 yaşlı ağbirçək – 6 uşaq anası, 11 nəvə nənəsi kimi müraciət edirəm. Külfətimin, el-obamın bu gününün, sabahının etibarlı əllərdə olması məni həm sevindirir, həm də daha çox yaşayıb-yaratmağa həvəsləndirir. Belə deyim ki, Sizin gördüyünüz işlər, xalqımıza qayğıkeş münasibət göstərib dar gündə qucaq açmağınız bir ağbirçək kimi şəxsən məni ruhlandırır.

Bu çətin pandemiya dövründə uzaqgörənliyiniz sayəsində bizi bəladan az itki ilə çəxardığınıza, xüsusilə yaşlı nəslə göstərdiyiniz qayğıya görə Sizə minnətdaram.

Mən bu müqəddəs ayda oruc tuturam. Bütün Ramazan boyu Sizə və ailənizə dua edəcəyəm.

Hörmətlə,

Səadətxanım Qafar qızı Cabbarova, Cəlilabad şəhəri.

Azərbaycan bugünkü növrağına Sizin sayənizdə çatıb

Möhtərəm cənab Prezident!

Siz ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısısınız. Xalqımızın bu çətin günündə, qorxu və təlaş içində yaşadığı zamanda ona arxa duraraq Vətənimizə layiqli Prezident olduğunuzu bir daha sübut etdiniz. Sizin uzaqgörənliyiniz, yüksək idarəçilik qabiliyyətiniz bizi valeh etdi. Sizin çağırışlarınıza canla-başla əməl edirik. Ona görə ki, Siz dəfələrlə xalqımızı çətin vəziyyətlərdən çıxarmış, diqqət və qayğınızı bizdən əsirgəməmisiniz. Azərbaycan bugünkü şöhrətinə Sizin sayənizdə nail olub. Sizin vaxtında verdiyiniz qərarlar, sərəncamlar ölkəmizdə pandemiyanın yayılmasının qarşısını aldı. Buna görə həm öz adımdan, həm də ailəmin adından Sizə dərin təşəkkürümü bildirirəm.

Cənab Prezident, bu arada böyük şairimiz Səməd Vurğunun bu misralarını xatırlamaq yerinə düşər: “Vətənçin yaşayan, Vətənçin ölən, Səmimi bir insan nə bəxtiyardır”. Bəli, Siz xalqımızın, Vətənimizin rifahı üçün həmişə əzmlə çalışan ulu öndərin layiqli davamçısı olduğunuzu bir daha sübut etdiniz. Biz bir daha əmin olduq ki, müdrik şəxsiyyətin ardınca addımlayırıq. Sizinlə fəxr edirik!

Hörmətlə,

Solmaz Məmməd qızı Qəmbərova, Gəncə şəhəri.

Dost dar gündə tanınar

Cənab Prezident!

Ataların belə bir məsəli var: “Dost dar gündə tanınar”. İcazə verin, Sizə dost kimi müraciət edim. Həqiqətən, Siz təkcə Prezident və rəhbər deyil, həm də biz insanların yaxın dostusunuz. Əziz dost, Siz prezidentlik fəaliyyətinə başladığınız ilk vaxtlardan verdiyiniz sərəncamlar və həyata keçirdiyiniz bütün tədbirlərlə bunu bariz şəkildə sübut etmisiniz.

Son vaxtlar dünyada cərəyan edən virus Azərbaycandan da yan keçməmişdir. Belə vaxtda Sizin həyata keçirdiyiniz qabaqlayıcı islahatlar nəticəsində xəstəlik dünyanın başqa dövlətlərinə nisbətən çox yüngül keçir. Bu, Sizin uzaqgörənliyinizin nəticəsidir. Belə bir vaxtda xəstələrə göstərilən tibbi qayğı və müalicə ilə yanaşı, digər insanlara da hər cür yardım, pul və ərzaq verilməsi Sizin böyük qayğınızdır. Dostlarınızı darda qoymadınız. Biz Sizinləyik. Sizin dediyiniz kimi, virusa birlikdə qalib gələcəyik. Sizin rəhbərliyiniz altında Vətənimizi düşmən tapdağından azad edəcəyik. O gün uzaq deyil. O günü birlikdə bayram edəcəyik.

Cənab Prezident, dövlətimizin daha da qüvvətlənməsi, insanlarımızın maddi rifahının yaxşılaşdırılması, iqtisadi və hərbi qüdrətimizin daha da inkişaf etdirilməsi istiqamətində işlərinizdə, prezidentlik fəaliyyətinizdə Sizə böyük uğurlar və möhkəm cansağlığı arzulayıram. Allah Sizi qorusun!

Hörmətlə,

Gülhüseyn Məmmədov, 89 yaşlı təqaüdçü və keçmiş dövlət qulluqçusu, Yardımlı şəhəri.

Uğurlarınız qürur hissi doğurur

Möhtərəm cənab Prezident!

Dünyanı cənginə alan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısını almaq məqsədilə uzaqgörənliklə qəbul etdiyiniz qərarlar, rəhbərliyinizlə həyata keçirilən tədbirlər, əldə olunan nəticələr bir vətəndaş, eyni zamanda, təhsil işçisi kimi məndə qürur hissi doğurur. Hər gün müxtəlif informasiya vasitələrindən dünya üzrə pandemiyaya yoluxanların və ölənlərin sayını öyrənirik.

Bizdə isə bu rəqəmlərin qat-qat aşağı olması məhz Sizin vaxtında həyata keçirdiyiniz məqsədyönlü tədbirlərin nəticəsidir. Siz hər bir vətəndaşın Prezidentisiniz. Bunu atdığınız hər bir addımda, xüsusilə bugünkü çətin dövrdə sübut edirsi niz. Şərhə ehtiyac yoxdur. Faktlar danışır. Ulu öndər, müasir Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin siyasi davamçısı kimi onun qurduğu strateji xətti uğurla davam etməyiniz bizi qürurlandırır.

Biz də Boladi kənd 1 nömrəli tam orta məktəbin kollektivi olaraq, daim Sizin yanınızdayıq və səsinizə səs veririk. Biz birlikdə güclüyük. Biz bütün pisliklərə, xəstəliklərə məhz Sizin rəhbərliyinizlə qalib gələcəyik!

Hörmətlə,

Kəmalə Səfərova, Lənkəran rayonu Boladi kəndindəki N. Axundov adına 1 nömrəli tam orta məktəbin psixoloqu.

Təqdim etdi: Qüdrət PİRİYEV, “Xalq qəzeti”

2 May 2020 04:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə