Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Məclisdə Kamran Əliyevin Baş prokuror vəzifəsinə namizədliyi dəstəklənib, Hesablama Palatasının illik hesabatı dinlənilib, bir sıra sənədlərə dəyişikliklər müzakirə edilib

Mayın 1-də Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib. İclası açan Milli Məclisin Sədri Sahibə Qafarova gündəlik barədə məlumat verib. Əvvəlcə iclasda “Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirə edilib.

İclasda iştirak edən Prezident Administrasiyasının Siyasi partiya­lar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Prezi­denti İlham Əliyevin təqdimatına əsasən, Baş prokuror vəzifəsinə Baş prokurorun müavini - Azərbaycan Respublikasının Baş prokuroru ya­nında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevin namizədliyinin irəli sürüldüyü­nü bildirib. Namizədin bioqra­fiyası haqqında məlumat verən Ədalət Vəliyev Kamran Əliyevin fəaliyyətinin dövlət tərəfindən yüksək qiymətləndirildiyini vurğula­yıb.

Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, bu illər ərzində Milli Məclislə Baş Pro­kurorluq arasında sıx əməkdaşlıq olub. O deyib ki, Kamran Bay­ram oğlu Əliyevin namizədliyini Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında komitənin üzvləri dəstəkləyərək müsbət rəy veriblər. Kamran Əliyevin Baş prokuror vəzifəsinə namizədliyinin irəli sürülməsi hüquq ictimaiyyəti tərəfindən də müsbət qarşılanır.

Sonra səsvermə yolu ilə Kamran Əliyevin Baş prokuror vəzifəsinə namizədliyi dəstəklənib.

İclasda iştirak edən Kamran Əliyev çıxış edərək deyib: “Mənə yüksək etimad göstərdiyinə görə, möhtərəm Prezident İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm. Azərbaycan müstəqillik illərində çətin və şərəfli inkişaf yolu keçib. Ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmiz ağır vəziyyətdən çıxaraq inkişaf yoluna qədəm qoyub. Prezi­dent İlham Əliyevin həyata keçirdiyi mütərəqqi daxili və xarici siyasət nəticəsində Azərbaycan dünyada qabaqcıl mövqelərdən birini tutub. Xalqın maraqlarının qorunması, hüquqi qaydaların qorunması, təhlükəsizliyin təminatına ciddi nəzarət Azərbaycan prokurorluğu qarşısında da ciddi vəzifələr qoyur.

Bu yüksək kürsüdən sizi əmin etmək istəyirəm ki, Azərbaycan Prokurorluğu bundan sonra da hər zaman qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsi sahəsində üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirəcək, dövlətimizə və xalqımıza sədaqətlə xidmət edəcək”.

İclasda sonra Azərbaycan Res­publikası Hesablama Palatasının illik hesabatı dinlənilib.

Hesabatı təqdim edən Palatanın sədri Vüqar Gülməmmədov qeyd edib ki, qurumun hesabatı qanunun tələblərinə uyğun hazırlanıb. 2018-2020-ci illər üzrə qəbul edilmiş Strateji İnkişaf Planı ilə nəzərdə tutulmuş məqsədlərə dair tədbirlər, qurumun ötən ildəki həm nəzarət, həm də inzibati fəaliyyəti üzrə əsas nəticələr hesabatda öz əksini tapıb.

Bildirilib ki, dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının layihəsi, eləcə də dövlət büdcəsinin icrası ilə bağlı Milli Məclisdən daxil olan qanun layihələrinə dair Hesab­lama Palatasının verdiyi rəylərdə həm icra, həm də layihə sənədləri ciddi təhlil edilib, mümkün risklər araşdırılıb, problemlər göstərilib və onların aradan qaldırılması məqsədilə tövsiyələr verilib.

Palata sədri məlumat verib ki, 2019-cu ildə 47 audit və 6 analitik fəaliyyət həyata keçirilib. Yeni Qa­nunun tələblərinə uyğun olaraq 28 uyğunluq, 7 maliyyə, 8 maliyyə və uyğunluq, həmçinin ilk dəfə olaraq 4 səmərəlilik auditi aparılıb. Hesa­batda 43 maliyyə və uyğunluq au­ditinin nəticələri icmallaşdırılıb, yol verilən pozuntular təsnifləşdirilərək ayrı-ayrı audit olunan qurumlar üzrə say və ümumi məbləğdə xüsusi çəkisi müəyyən edilib.

Qeyd olunub ki, ötən il Hesab­lama Palatası 561 nöqsan müəyyən edib. Əsas pozuntular büdcə qanunvericiliyi, dövlət satınalma­ları, dövlət əsaslı vəsait qoyuluşları sahələrində baş verib. Mühasibat uçotu və hesabatlılıqla bağlı po­zuntular da üstünlük təşkil edib. Əvvəlki illə müqayisədə 2019-cu ildə nəticələr üzrə müəyyən edilmiş nöqsanlar təsnifləşdirilib, nəzarət tədbirlərinin sayı 18,9 faiz, nöqsan sayı isə 21,4 faiz azalıb.

Bildirilib ki, 2019-cu ildə 21,3 milyon manat vəsaitin bərpası təmin edilib, həmin vəsaitin 19,6 milyon manatı dövlət büdcəsinə, 1,3 mil­yon manatı büdcədənkənar dövlət fondunun büdcəsinə və 335,4 min manat vəsait qurumların hesabına daxil olub.

Vüqar Gülməmmədov depu­tatlara həyata keçirilmiş nəzarət tədbirləri, müxtəlif büdcə və hesablara bərpa edilmiş vəsaitlər, nöqsanlara yol vermiş vəzifəli şəxslərə tətbiq edilən inziba­ti tənbeh tədbirləri, səmərəlilik auditləri nəticəsində aşkar olunmuş səmərəsiz xərclər və s. barədə geniş məlumat verib.

Daha sonra məsələ ilə bağlı müzakirələr aparıldı. Çıxış edən İqtisadi siyasət, sənaye və sahibkar­lıq komitəsinin sədri Tahir Mirkişili, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Təbii ehtiyatlar, energe­tika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Regional məsələlər komitəsinin sədri Siyavuş Novru­zov, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlardan Fazil Mustafa, Vahid Əhmədov, Ma­lik Həsənov, Qüdrət Həsənquliyev, Əli Məsimli, Sahib Alıyev, Vüqar Bayramov, Erkin Qədirli, Əli Hü­seynli, Razi Nurullayev və Sədaqət Vəliyeva hesabatdakı yenilikləri və mütərəqqi cəhətləri vurğulayıb, fikirlərini bildiriblər.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov müzakirədə səslənmiş təkliflərə münasibət bildi­rib, sualları cavablandırıb.

Müzakirələrin sonunda Hesab­lama Palatasının 2019-cu ildəki fəaliyyətinə dair hesabatı səsə qoyu­laraq məqbul hesab edilib.

Fasilədən sonra gündəlikdəki digər məsələlərin müzakirəsinə başlanılıb.

Əvvəlcə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Res­publikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İordaniya Dəniz Komissiyası arasında Dənizçilərin hazırlanma­sına, onlara diploma verilməsinə və növbə çəkməyə dair (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiyanın (əlavələrlə) I/10-cu qaydasına uyğun olaraq sertifi­katların (diplomların) tanınması haqqında” Anlaşma Memorandumu­nun təsdiq edilməsi barədə qanun layihəsi haqqında məlumat verib. Qeyd olunub ki, bu sənəd hər iki tərəf arasında dənizçilərə ixtisas şəhadətnamələrinin verilməsini nəzərdə tutur. Sənəd səsə qoyularaq qəbul edilib.

Tahir Mirkişili “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər arasında vergi inzibatçılı­ğının həyata keçirilməsi üçün elekt­ron formada məlumat mübadiləsi haqqında” Protokolun təsdiq edilməsi barədə qanun layihəsi haqqında sənədi də ətraflı şərh edib. Qeyd olunub ki, Azərbaycan bu Pro­tokola xüsusi qeyd-şərtlə qoşulub. Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqları azad edilməyincə və işğalın zərərləri tam aradan qaldırılmayınca Protokolda göstərilmiş heç bir hüquqi öhdəlik və müddəalar ölkəmiz tərəfindən Ermənistana tətbiq edilməyəcək.

Sənəd səsvermə yolu ilə təsdiqlənib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov gündəlikdəki növbəti 3 məsələni - Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunda dəyişiklik edilməsi barədə məsələləri üçüncü oxunuşda müzakirəyə təqdim etdi. Qeyd olundu ki, sənədlərə təklif edilən dəyişikliklər “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanının icrası ilə əlaqədardır, ölkəmizdə cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılma­sı üzrə tədbirləri davam etdirmək məqsədilə hazırlanıb. Hər 3 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyula­raq təsdiq edilib.

Sonra iclasda Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Yol hərəkəti haqqında”, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqın­da”, “İşsizlikdən sığorta haqqında”, “Məşğulluq haqqında”, “Dövlət rüsumu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Ətraf mühitin mühafizəsi haqqın­da”, “Baytarlıq haqqında”, “Fitosa­nitar nəzarəti haqqında” və “Yeyinti məhsulları haqqında” qanunlarda və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qa­nun layihəsini, eləcə də Əmək Məcəlləsində, Torpaq Məcəlləsində, Vergi Məcəlləsində, Gömrük Məcəlləsində və Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında sənədləri üçüncü oxunuşda təqdim edib. Sənədlər səsə qoyularaq qəbul edilib.

İclasda Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qa­nun layihəsi də üçüncü oxunuşda təsdiqlənib.

Tahir Mirkişili “Dövlət rüsu­mu haqqında”, “Dövlət satınal­maları haqqında” qanunlarda və Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında qanun layihələrini üçüncü oxunuşda təqdim edərək bildirib ki, sənədlərin əvvəlki oxunuşdakı müzakirəsindən sonra mətnlərdə heç bir dəyişiklik aparılmayıb. Qanun layihələri səsvermə yolu ilə təsdiqlənib.

Sonra “Nağdsız hesablaşmalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) məlumat verən Tahir Mirkişili qeyd edib ki, təklif olunan dəyişiklik, kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki-hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fi­ziki şəxslərə gündəlik ödənişin nağd qaydada verilə bilməsini nəzərdə tutur. Qanun layihəsi işə cəlb olunanların uçotunun dürüstləşdirilməsinə və sosial müdafiəsinin təmin olunmasına im­kan verəcək. Sənəd səsə qoyularaq təsdiq edilib.

Tahir Mirkişili “Dövlət rüsu­mu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda təqdim edərkən vurğulayıb ki, sənəd ölkəmizdə və Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan bir sıra konsulluq əməliyyatlarının dövlət rüsumu­nun azaldılması ilə bağlıdır. Sənəd müzakirələrdən sonra səsə qoyula­raq qəbul olunub.

İclasda “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” qanun layihəsi də müzakirə edildi. Sənədi ikin­ci oxunuşda şərh edən Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, qanun sülhün və bəşəriyyətin təhlükəsizliyinin qorunması, Azərbaycanın milli təhlükəsizliyinin təmin edilməsi, ekoloji təhlükəsizliyin qorunma­sı, o cümlədən ekoloji tarazlığın pozulmasının qarşısının alınması məqsədilə ölkə ərazisində kimyəvi silahların hazırlanması, istehsa­lı, artırılması, tətbiq edilməsinin qadağan olunmasının, habelə onun məhv edilməsinin hüquqi əsaslarını və qaydalarını müəyyən edir. Sənəd səsə qoyularaq təsdiq edilib.

“Hərbi qulluqçuların statusu haqında”, “İnzibati icraat haqqın­da”, “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respubli­kasının qanunlarında, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə və İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi barədə (ikinci oxunuş) həm Ziyafət Əsgərov, həm də Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev məlumat ve­rib. Layihənin mahiyyəti barədə məlumat verilərkən qeyd olunub ki, Azərbaycanda elmi və elmi-pedaqo­ji kadrların attestasiyasının apa­rılmasını təkmilləşdirmək və elmi tədqiqatların səviyyəsini yüksəltmək məqsədilə Azərbaycan Prezidenti­nin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə “Elmi dərəcələr verilməsi qaydası haqqında” və “Elmi adlar verilməsi qaydası haqqında” əsasnamələr təsdiq edilib. Mövcud layihə həmin fərmanda nəzərdə tutulmuş məsələlərlə bağ­lıdır. Sənəd səsə qoyularaq qəbul edilib.

Hüquq siyasəti və dövlət qu­ruculuğu komitəsinin sədr müa­vini Qüdrət Həsənquliyev Mənzil Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Gənclər siyasəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Könüllü fəaliyyət haq­qında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Reklam haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənədi ikinci oxunuşda təqdim edib. Qeyd edilib ki, sənədlərə təklif olunan düzəlişlər “Gənclər siyasəti haq­qında” Qanuna dəyişiklik edilməsi barədə” 2019-cu il 5 mart tarix­li 1524-VQD nömrəli Qanuna uyğunlaşdırma məqsədi daşıyır. Dəyişikliklər gənclərin mənəvi-əxlaqi tərbiyəsinin təmin edilməsi və sağlam gəncliyin formalaşdırıl­ması baxımından əhəmiyyətlidir.

Sənədlə əlaqədar fikirlərini bildirən Milli Məclis Sədrinin müa­vini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev bildirib ki, “Bədən tərbiyəsi və idman haqqında” Qanu­na “Yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilmir” bəndinin əlavə edilməsi nəzərdə tu­tulur. Bu dəyişiklikdən əvvəl yetkin­lik yaşına çatmayan gənclər idman mərc oyunlarında iştirak edirdilər və buna görə hər hansı məhdudlaşdırıcı norma yox idi. Təbii ki, yetkinlik yaşına çatmayan gəncin mərc oyun­larında iştirak etməsinin onun üçün yarada biləcəyi çətinlikləri o dərk etmir. Mərc oyunlarında iştirak edir, burada o pul uduzur və ya borcu yaranır, sonra bu borcu ödəmək üçün məcbur olub başqa qanunazidd əməllər (oğurluq, soyğunçuluq, quldurluq) törədir. Bu kimi əməllərin nəticəsi sonda o gəncin, bəzi hallar­da isə həmin ailələrin faciəsi ilə bitir. Bu dəyişikliklə yetkinlik yaşına çat­mayanların idman mərc oyunlarında iştirakı məhdudlaşacaq. Mövcud dəyişikliklə yanaşı, İnzibati Xətalar Məcəlləsinə 401.3-cü maddə əlavə edilir ki, bu yetkinlik yaşına çatma­yanın idman mərc oyununda birbaşa və ya dolayı yolla iştirakına şərait yaradan şəxsin cəzalandırılmasını nəzərdə tutur. Belə ki, yetkinlik yaşına çatmayan gəncin idman mərc oyununda iştirak etməsinə şərait yaradacaq şəxs 500 manat məbləğində cərimələnəcək. Adil Əliyev bildirib ki, mövcud layihələr gənclər sahəsində görülən işlərin genişləndirilməsinə, gənclərimizin ölkəmizə, dövlətimizə layiqli vətəndaş kimi yetişdirilməsinə, onların milli mənəvi dəyərlərə bağlı şəkildə tərbiyə edilməsinə, pis vərdişlərdən çəkindirməyə hesabla­nıb.

Sənəd səsə qoyularaq qəbul edilib.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “İnformasiya, informasiyalaşdırma və informa­siyanın mühafizəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haq­qında” və “İctimai televiziya və radio yayımı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) sənədi şərh edərək bildirib ki, dəyişiklik zərurəti Azərbaycanın dövlət dilinin tətbiqinə nəzarətin və dil normalarının qorunmasının təmin edilməsi vacibliyindən irəli gəlir. Layihəyə əsasən, adıçəkilən 5 qanunun 8 maddəsinə bir formulada dəyişiklik təklif olunur. Məqsəd Azərbaycan dilinin hüquqi statusu­nun qorunması, bu dilin işlənməsi və inkişafı üçün zəruri tədbirlərin görülməsidir. Həmçinin televizi­ya və radioda, KİV-də, internet resurslarında, reklam daşıyıcılarında ədəbi dilin normalarının və leksik-qrammatik qaydalarının pozulması hallarının, əcnəbi söz və ifadələrin işlədilməsinin qarşısını almaq­dır. Ətraflı müzakirələrdən sonra qanun layihəsi səsvermə yolu ilə təsdiqlənib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müa­vini Qüdrət Həsənquliyev İnzibati Xətalar Məcəlləsində və 1996-cı il 17 mart tarixli 74-IQ nömrəli Qa­nunla təsdiq edilmiş “Milli Məclisin Daxili Nizamnaməsi”ndə, “Tele­viziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” qanun­larda dəyişiklik edilməsi haqqında sənədləri ikinci oxunuşda şərh edib. Komitə sədrinin müavini bildirib ki, bu qanun layihələri “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr ta­rixli Prezident fərmanının icrası ilə əlaqədardır. Sənədlər səsvermə yolu ilə təsdiqlənib.

İclasda Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Azərbaycan Respub­likasında dövlət dili haqqında” qa­nunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Layihə səsə qoyularaq təsdiq edilib.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Sosial sığorta haqqında” Qa­nunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuş­da şərh edib. Bildirilib ki, sənəd ölkə Prezidentinin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə daxil olub. Prezident İlham Əliyevin cari il martın 19-da imzaladığı “Korona­virus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisa­diyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamın 10.2-ci bəndinin icrası ilə əlaqədar Nazirlər Kabineti 2020-ci il 4 aprel tarixdə Tədbirlər Planını təsdiqləyib. “Sosial sığorta haqqında” Qanunda aparılan dəyişikliklər bu məsələlərlə əlaqədardır. Qanun layihəsi özündə bir sıra sahibkarlıq subyektlərində, fiziki və hüquqi şəxslər arasında so­sial sığorta haqlarının azaldılması və bununla bağlı güzəştləri ehtiva edir. Sənəd səsə qoyularaq təsdiqlənib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Vergi Məcəlləsinə edilən dəyişikliklərlə bağlı qa­nun layihəsini də ilk oxunuşda müzakirəyə təqdim etdi. Bildiri­lib ki, koronavirus pandemiyası dünya iqtisadiyyatına, o cümlədən Azərbaycan iqtisadiyyatına mənfi təsir etməkdədir. Azərbaycan regi­onda ən böyük iqtisadi dəstək paketi elan edən ölkədir. Dəyişikliyə görə, pandemiyanın bilavasitə təsir etdiyi, sənəddə nəzərdə tutulan fəaliyyət sahələri üzrə vergiödəyicilərinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə, əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergi güzəştlərinin verilməsi təklif olunur. Sadələşdirilmiş verginin ödəyicisi olan ictimai iaşə fəaliyyəti və sərnişin daşımaları fəaliyyəti həyata keçirən vergiödəyicilərinə yuxa­rıda qeyd edilən əmlak və torpaq vergiləri üzrə güzəştlərlə yanaşı, sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz güzəştin verilməsi nəzərdə tutulur. Pandemiyanın mənfi təsir etdiyi yuxarıda göstərilən iqtisadi fəaliyyət sahələri üzrə bir sıra digər güzəştlərin də verilməsi planlaş­dırılır. Belə ki, fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan ver­ginin dərəcəsinin 14 faizdən 7 faizə endirilməsi, 1 il müddətinə cari vergi ödəmələrindən və cari vergi ödəmələri ilə bağlı arayışla­rın verilməsindən azad edilməsi, 2019-cu il üçün son verginin ödənilməsi müddətinin 2020-ci il 1 sentyabr tarixinədək uzadılması, mikrosahibkarlıq subyekti olma­yan vergiödəyicilərinin əvvəlki il üzrə hesablanmış mənfəət (gəlir) və əmlak vergilərinin cari ilin 1 sentyabr tarixinədək uzadılması, ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanma­sının 2020-ci ilin 1 aprel tarixindən 2021-ci ilin 1 yanvar tarixinədək təxirə salınması da bu güzəştlərə daxildir. Mikrosahibkarlıq subyektlərinə sadələşdirilmiş vergi üzrə 50 faiz güzəştin verilməsi, 2020-ci ilin birinci və ikinci rübü üzrə sadələşdirilmiş vergi hesaba­tının və mənfəət (gəlir) və əmlak vergiləri üzrə hesabatların verilməsi və hesablanmış verginin büdcəyə ödənilməsinə cari ilin sentyabr ayının 1-dək vergi tətilinin verilməsi nəzərdə tutulur. Qeyd edilib ki, bütün sahibkarlıq subyektlərini əhatə edən vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyyət nəzərə alınmadan gəlirdən çıxılma­sı, əhalinin ərzaq və tibbi ehtiyac­ları üçün zəruri olan bəzi məhsul növlərinin ƏDV-dən müddətli azad edilməsi kimi vergi güzəştlərinin verilməsi də bu güzəştlər sırasın­dadır. Ətraflı müzakirələrdən sonra sənəd səsə qoyularaq birinci oxu­nuşda qəbul edilib.

Sonra Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Miqrasiya Məcəlləsində və “Turizm haqqın­da” Qanunda dəyişiklik edilməsi haqqında sənədləri (birinci oxu­nuş) təqdim etdi. Bildirilib ki, Azərbaycan Prezidenti 2019-cu ilin aprel ayında “ASAN viza” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi ilə bağlı Fərman imzalayıb. Artıq əsasnamədə edilən birdəfəlik və çoxdəfəlik asan vizaların, sürətlənmiş elektron vizanın və hava limanında alınan vizaların verilmə müddəti ilə bağlı dəyişikliklər qüvvədədir. Təklif olunan dəyişikliklər bu məsələlərin qanunlarda da öz əksini tapması məqsədilə edilib. Sənədlər ayrı-ayrı­lıqda səsə qoyularaq təsdiqlənib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə Vergi Məcəlləsində, “Qiymətləndirmə fəaliyyəti haqqın­da” və “İcra məmurları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) sənədi şərh edib. Qeyd olunub ki, bu dəyişiklik 2018-ci il dekabrın 28-də qəbul edilmiş “İcra haqqında” Qanuna uy­ğunlaşdırma məqsədi daşıyır. Sənəd səsə qoyularaq qəbul edilib.

İclasın sonunda çıxış edən Milli Məclisin Sədri Sahibə Qafarova deyib: “Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən köklü islahatlar ölkəmizin si­yasi və ictimai həyatının bütün sahələrini əhatə edib. Bu islahat­ların əsas məqsədlərindən biri də dövlət hakimiyyəti orqanlarının fəaliyyətini müasir dövrün çağırışla­rı səviyyəsində qurmaqdır. Prezi­dent Administrasiyası və Nazirlər Kabineti ilə yanaşı, Milli Məclis Aparatında da struktur və kadr islahatlarının aparılması zərurəti yaranmışdı. Bununla əlaqədar mən cari il aprelin 2-də sərəncam imzalamışdım. Sərəncama əsasən, Milli Məclis Aparatında və İşlər İdarəsində çalışan dövlət qulluqçula­rı ştatdankənar elan olunmuş və yeni struktura uyğun ştat cədvəli təsdiq edilənədək onların öz fəaliyyətini əvvəlki ştat cədvəlinə uyğun davam etdirməsi nəzərdə tutulmuşdur. Ötən bir ay müddətində Aparatın və İşlər İdarəsinin hər bir bölməsinin fəaliyyəti, hər bir əməkdaşın işi ətraflı və dərin təhlil edilib. Artıq bu iş başa çatıb.

Mən dünən bir neçə yeni sərəncam imzalamışam. Bu sərəncamlara əsasən Milli Məclis Aparatının və İşlər İdarəsinin yeni strukturu müəyyən edilib, yeni ştat cədvəli təsdiq edilib, dövlət qul­luqçularının vəzifələrə təyinatları həyata keçirilmiş, bir sıra dövlət qulluqçuları ixtisar edilib. İnanıram ki, həyata keçirilən bu islahatlar parlamentin işinin daha səmərəli təşkil edilməsinə, qanun yaradıcılığı prosesinin təkmilləşməsinə kömək edəcəkdir”.

Bununla da Milli Məclis bugünkü işini başa çatdırıb.

AZƏRTAC

2 May 2020 04:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə