Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sosial dəstək tədbirləri davam etdirilir

Bu gün insanların sağlamlığının qorunması ilə bərabər, zərər çəkən sahələrdə çalışan muzdlu işçilərə dəstək verilməsi, iş yerlərinin qorunması, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə operativ addımlar atılır. Bu baxımdan Prezident İlham Əliyevin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli sərəncamı mühüm önəm daşıyır.

Dövlət başçısının adı çəkilən sərəncamının icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən bu il aprelin 4-də təsdiq edilən Tədbirlər Planında iqtisadiyyata, məşğulluğa və sosial rifaha dəstək məqsədilə genişmiqyaslı tədbirlər əksini tapıb. Tədbirlər Planına uyğun olaraq, Azərbaycan hökuməti hazırda beynəlxalq müstəvidə baş verən problemin yarada biləcəyi fəsadların neytrallaşdırılması istiqamətində zəruri addımlar atır. Belə ki, pandemiyadan zərər çəkən sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsi dövlət tərəfindən ödənilir, fərdi və mikro sahibkarlara maliyyə dəstəyi göstərilir. Bundan başqa, infeksiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətillərinin verilməsi, sosial sığorta yükünün azaldılması, kredit faizlərinin subsidiyalaşdırılması və zəmanət alətlərinin təkmilləşdirilməsi nəzərdə tutulur.

Sosial müdafiə tədbirləri diqqətdə saxlanılır

Ölkəmizdə geniş miqyas alan sosial dəstək tədbirlərindən biri kimi iş yerlərinin qorunması təmin olunmaqla, məşğulluq im­kanlarının artırılması üçün mühüm addımlar atılır, işsiz və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslərin birdəfəlik ödəmə (190 manat) ilə təminatı proqramı reallaşdırılır.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ödənişli ictimai iş yerlərinin sayının 90 minə çatdırılması üçün indiyədək bir sıra tədbirlər gerçəkləşdirilib. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Na­zirliyinin DOST İş Mərkəzi vasitəsilə son günlərdə əlavə olaraq 18 min nəfər ödənişli ictimai işlərə cəlb olunmaqla, bu işlərdə çalışanların sayı 55 minə çatdırılıb. Eyni zamanda, dövlət başçısının göstərişi ilə birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılmaqla, proqramın əhatə etdiyi aztəminatlı şəxslərin sayı 200 mindən 600 minə yüksəlib. Bu günədək onlardan 400 min şəxsə birdəfəlik ödəniş təyin edilib və daha 200 min şəxsə də ödəniş aparılacağı nəzərdə tutulub. Ümumilikdə isə işsiz və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslər tərəfindən birdəfəlik ödəmə ilə bağlı e-sosial.az portalına edilən müraciətlərin qəbulu artıq yekunlaşıb.

Daxil olmuş müraciətlərin emalı pro­sesi isə davam edir. Birdəfəlik ödəmələrin təyinatında ünvanlılıq prinsipi əsas tutulur. Xüsusilə aprelin 1-dək işsiz kimi qeydə alınan, çalışdığı qeyri-formal iş yerini xüsusi karantin dövründə itirən, ailə gəlirlərinin daha aşağı səviyyədə olduğu (e-informasiya bazalarının məlumatları əsasında) müəyyənləşdirilən şəxslər diqqətdə saxlanır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda bildirilir ki, hazırda aztəminatlı işsiz şəxslərlə bağlı bir çox istiqamətlərdə sosial dəstək tədbirləri davam etdirilir:

– həmin şəxslərin işlə təminatı üçün onlara vakansiyalar, habelə ödənişli ictimai iş yerləri təklif olunur;

– iş tapmaqda çətinlik çəkənlərin peşə hazırlığına cəlb edilməsi tədbirləri reallaş­dırılır;

– kiçik ailə təsərrüfatlarını qur­maq üçün maddi imkanları olmayanlara özünüməşğulluq proqramı çərçivəsində dəstək göstərilir. Bu il minimum 12 min ailə üçün belə təsərrüfatlar qurulur, onlara gəlir əldə etmək imkanları yaradılır;

– qeyri-rəsmi çalışanların müəyyənləşdirilməsi və onların əməyinin rəsmiləşdirilməsi üçün tədbirlər görülür;

– mövcud vəziyyətdə maddi çətinlikləri olan ailələr hazırda ölkədə geniş miqyas alan sosial dəstək aksiyalarından yarar­lanır. Təkcə aprel ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial tərəfdaşlarla birgə belə ailələrə 28 min ərzaq payı verilib. Daha 30 min ərzaq payının verilməsi nəzərdə tutulub;

– gəlirləri ehtiyac meyarından aşağı olan ailələrin ünvanlı dövlət sosial yardımı proqramı ilə əhatə olunması işləri aparılır. Proqramın şərtləri də yumşaldılır ki, bu da sosial yardım alanların sayının artmasına imkan verir. Təkcə aprel ayında əlavə olaraq 12 min (50 min ailə üzvü) ünvanlı yardım təyin olub və bu yardımı alanların sayı 82 minə (340 min ailə üzvü) çatıb.

Beləliklə, dəstəyə ehtiyacı olan şəxslər müəyyənləşdirilməklə onlarla bağlı bütün istiqamətlərdə sosial müdafiə tədbirləri davam etdirilir.

Sosial dəstək tədbirləri 4,8 milyondan çox vətəndaşı əhatə edir

Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş amilinin dayanması pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək yönümündə genişmiqyaslı tədbirlərlə bir daha təsdiqini tapır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin məlumatında bildirilir ki, dövlətin indiki çətin dövrdə də öz vətəndaşının yanında olduğunun bariz nümunəsi olan bu tədbirlər, ilk növbədə, dövlət və özəl sektorda muzdla çalışan 1 milyon 640 minədək işçinin iş yerlərinin və əməkhaqqı gəlirlərinin qorunmasına imkan verib.

Sosial ödənişlərin davamlılığı təmin edilməklə, əsasən həssas qruplardan olan 2 milyon vətəndaşa sosial təminat növləri (pensiya, təqaüd, müavinət) üzrə ödənişlərin davamlılığı reallaşdırılıb.

Ümumiyyətlə, 600 minədək aztəminatlı işsiz şəxsi əhatə edən birdəfəlik ödəmə proq­ramına, məşğulluq imkanlarının artırılması üçün 90 minədək şəxsin ödənişli ictimai işlərə cəlb olunmasına, özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min kiçik ailə təsərrüfatlarının qurulmasına başlanılıb.

Hazırda 82 min ailənin 340 minədək üzvü ünvanlı dövlət sosial yardımı ilə, 20 minədək şəxsin işsizlikdən sığorta ödənişi, 100 minədək aztəminatlı ailənin ərzaq yardı­mı ilə təminatı işləri aparılır.

Beləliklə, pandemiya ilə əlaqədar təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən dəstək tədbirləri 4,8 milyondan çox vətəndaşı və ya ölkə əhalisinin 48 faizini əhatə edir.

162 min 217 muzdlu işçiyə əmək haqqının müəyyən hissəsi ödənilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üzrə son he­sabatı açıqlayıb. Həmin hesabatda bildirilir ki, ötən müddətdə vergi ödəyicilərinin sayı 21 min 432, vergi ödəyiciləri üzrə muzdlu işçilərin sayı isə 224 min 602 nəfər təşkil edib.

Müraciət edənlər üçün 77 milyon 982,8 min manat, o cümlədən, 1-ci ay 38 mil­yon 991,4 min manat (50 faiz) ödənilməsi nəzərdə tutulur. Faktiki olaraq 16 min 814 vergi ödəyicisinə, həmin vergi ödəyiciləri üzrə isə 162 min 217 muzdlu işçiyə ödəniş edilib. Ödənilmiş vəsaitin məbləği 37 milyon manat olub. Tədbirin icrası üzrə ümumilikdə 215 milyon manat vəsait nəzərdə tutulur.

Xatırladaq ki, bu ödəmələr koronvirus pandemiyasından zərər çəkmiş muzdlu işçilərə dövlət tərəfindən dəstək məqsədilə həyata keçirilir.

Bank sektoruna etimad getdikcə güclənir

Prezident İlham Əliyev tərəfindən əhalinin bütün qorunan əmanətlərinin məbləğindən asılı olmayaraq tam sığortalan­ması müddətinin növbəti dəfə 9 ay uzadıl­ması haqqında Qanun imzalanıb.

Dövlət başçısının bu qərarı pandemiya şəraitində qəbul edilən digər mühüm qərarlar kontekstində yenə də, ilk növbədə, ölkə əhalisinin maraqlarının təmin olunması­na və maliyyə sisteminin dayanıqlılığının gücləndirilməsinə yönəlib.

Azərbaycan Mərkəzi Bankından (AMB) bildirildiyinə görə, bununla da cəlb olun­duğu tarixə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyənləşdirilən illik faiz dərəcəsi həddindəki bütün qoru­nan əmanətlərin məbləğindən və val­yuta növündən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malik fondun iştirakçı bankları tərəfindən tam sığortalanması müddəti 2020-ci il dekabrın 4-dək uza­dılıb. Beləliklə, 2020-ci il martın 4-dən adı çəkilən qanunun qüvvəyə minməsi tarixinədək (26 aprel 2020-ci il) yuxarıda vurğulanan şərtlərlə cəlb edilən əmanətlər də imzalanan qanunla əhatə olunur.

“Əmanətlərin tam sığortalanması haqqın­da” Qanunun müddətinin yenidən uzadılması əmanətçilərin və kreditorların mənafelərinin daha etibarlı qorunmasına, maliyyə sek­torunun sabitliyinin və sağlamlığının dəstəklənməsinə və bank sektoruna etimadın daha da gücləndirilməsinə imkan verəcək. Əmanətlərin tam sığortalanmasının davam etməsi bank sektorunda restrukturizasiyanın başa çatdırılması və beləliklə, sektorun sağ­lamlaşdırılmasını ciddi dəstəkləməklə onun iqtisadiyyatda rolunun artmasına, biznesin, həmçinin əhalinin maliyyə xidmətlərinə çıxışının daha da yaxşılaşdırılmasına təkan verəcək.

Bu qərar 7,3 milyard manat həcmində əmanətləri əhatə etməklə ümumilikdə 8,3 milyon əmanətçinin (bura bir əmanətçi üzrə müxtəlif banklarda olan müddətli əmanət hesabları, habelə cari hesablar daxildir) ma­raqlarının qorunmasına xidmət edir.

V.BAYRAMOV, “Xalq qəzeti”

2 May 2020 04:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə