Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan pandemiyadan ən az itkilərlə çıxan ölkə olacaq”

Türkiyənin Egey Universitetinin professoru Aydın İbrahimov koronavirusla mübarizədə medianın da rolunu dəyərləndirdi

Butün dünya, eləcə də, ölkəmiz insanların sağlamlığını təhdid altına alan yeni qlobal pandemiya– koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə aparmaqdadır. İnfeksiyanın yayılmasının qarşısının alınması üçün vətəndaşların təhlükəsizliyini təmin edən hökumət məqsədyönlü, təxirəsalınmaz tədbirlər görməkdədir. Təlimatlara əməl etmək, həyata keçirilən tədbirlərə dəstək olmaq, sərhəd tanımayan COVİD-19 infeksiyasına qarşı birgə mübarizə aparmaq bir nömrəli vəzifə olduğu günlərdə medianın üzərinə də mühüm vəzifələr düşür. Bu barədə qəzetimizə müsahibə verən Türkiyənin Egey Universitetinin professoru Aydın İbrahimov bildirdi:

–Baş verənlər bütün dünyadan təsirsiz ötüşməyib. Koronavirus bütün dünya üçün böyük bəladır və bəşəriyyət üçün qlobal problemlər yaratmışdır. Cəmiyyətdə cox müxtəlif mülahizələrlə rastlaşmaqdayıq, az qala bu virusu nizamı pozulmuş dünyanı böyük fəlakətlərdən xilas edən amil kimi təqdim edənlər də var. Bu barədə pole­mika yürütmək fikrindən uzaq olduğum qədər də, hər kəsin fikir və ehtimalla­rına hörmətlə yanaşır, eyni zamanda, qabaqlayıcı tədbirlərin görülməsini, bu sahədə uğurlu siyasətin aparılmasının tərəfdarıyam. Dünya səhiyyəsinin çaba­larına baxmayaraq, virusla mübarizədə insanların qoyulmuş qayda-qanunlara, karantin rejiminə əməl etməsi bir nömrəli fakt kimi qalmaqdadır.

Amma yaddan çıxarmamalıyıq ki, bu gün baş verən dəyişikliklərdən ən önəmlisi insanların psixoloji durumunda qoydu­ğu izlərdir. Qorxu və vahimənin, təşviş və ümidsizliyin yarada biləcəyi amillər adamların durumunda mühüm rol oynayır, hətta həkimlərin qeyd etdiyi kimi, insanla­rın bilavasitə immun durumuna təsir edir. Ona görə də düşünürəm ki, sabaha ümidli münasibət, çətinliklərin keçici olacağına inam insanlar üçün cox vacibdir.

Bu barədə Egey Universitetinin profes­soru, genetika üzrə tədqiqatları ilə bütün dünyada özünü təsdiq etmiş soydaşımız Afiq Bərdəlinin həm bir həkim, həm də vəziyyəti real dəyərləndirən elm adamı kimi söylədiklərinin xüsüsi önəmi var. Professor Bərdəliyə görə indiki zamanda insanların psixoloji durumunu qorumaq gü­nümüzün ən vacib məsələsidir. Bu, mənim Afiq müəllimlə olan söhbətlərimin nəticəsi və şəxsi qənaətim olsa da, cəmiyyət üçün də gərəkli və vacibdir. Ona görə də hesab edirəm ki, bu sahədə televiziyanın, media­nın üzərinə çox böyük vəzifələr düşür.

–Sizcə, bu vəzifələr nədən ibarətdir?

–İnformasiyanın tarixən nələrə qadir olduğunu hər birimiz yaxşı bilirik. Belə olan halda hadisələrin gedişini evlərdən izləyən insanlara hansı informasiyaların ötürülməsi vacib və düşündürücüdür! Məlumatların yalnız koronavirus fonunda təqdim edilib-edilməməsi, başqa hansı məlumatların daha əhatəli verilməsinə ehtiyac oldugunu gündəmə gətirmək, daha cox da saf-çürük etmək və ortaya çıxan çoxsaylı sualların cavabı axtarılmalıdır. Əslində, bu, dünyanı düşündürən vacib məsələlərdəndir. Uzun illərdir yaşadığım Türkiyədə də bu məsələ geniş polemika yaratdı. Türkiyədə bu məsələ ilə bağlı dərc edilən materiallar sırasında Egey Üniver­siteti jurnalistika fakültəsinin professoru Gülgün Ərdoğan Tosunun məqaləsi xüsusi maraq dogurdu. Gülgün xanım pandemiya dövründə baş verənlərin mediaya da ciddi təsir göstərdiyini təsdiqləyir və qənaətini belə əsaslandırır ki, informasiya axınının artan sürətinə uyğun olaraq, məlumatlar sırasında qeyri-səhih və sensasiyalı xəbərlərin sürətlə artdığı dövrdə media önəmli və uğurlu imtahan verdi.

Həqiqət budur ki, pandemiya dövründə sosial şəbəkələrdə nə qədər gərəksiz, amma insanların psixoloji dürumuna təsir edən informasiyaların yayılmasına hər birimiz şahidik, həm də bu bütün dünyada belədir. Yayılan əsassız şayiələrin yaratdı­ğı vahimə və qorxu insanlarda ümidsizlik yaratmaqla, uzun illər yaddaşlardan silin­mir. Bəzən mətbuat da bu yöndə fəaliyyəti ilə hadisələri qabaqlaya bilmir. Hətta, bir sıra televiziya kanallarında koronavirus­dan söhbət açan aparıcının həyəcanı, təşviş yaradan xəbərləri insanları vahimə ilə baş-başa qoyur, onların dincliyini poz­muş olur.

Yaşadığım Türkiyə, eləcə də, daim izlədiyim Azərbaycan televiziya kanalla­rında və mətbuatında da bunlarla rast­laşıram. Təəssüf hissi keçirirəm, ən azı, ona görə ki, hər kəs eyni informasiyanı bir cür qəbul edir və hamının tibbi bilikləri gözləndiyi qədər zəngin deyil. Məncə, bu gün məlum problemlə əlaqədar daha çox ekspertlərin münasibətinə önəm verilməlidir. Söz azadlığı anlamı bu məsələyə münasibətdə də hər kəsin fikrini söyləmək kimi başa düşülməməlidir. Yəni qeyri-peşəkarların təqdimatında səslənən fərziyələr və mülahizələr yer aldıqca, elmi faktların dəyərsizləşməsi ortaya çıxır, bu isə qorxuludur. Ona görə də problemin mahiyyətini bilən və düzgün şərhini verən elm adamlarının, ziyalıların mətbuatda və efirdə ara-sıra yox, mütəmadi görünməsi mütləqdir.

Digər tərəfdən, Azərbaycan mətbuatında bir bütünləşmə var, siyasi məqsədlər bu məsələdə predmet deyil. Türkiyədə isə hər kəs diqqətli olmağa cağırış edir, amma bəzən səhiyyə, virusa qarşı aparılan mübarizə siyasi müstəviyə daşınır. Amma hər iki ölkədə vətəndaşın dövlətə böyük inam və ümidi var. Müalicə işlərinə bütün sahələrdən həkimlər cəlb edilib. Onlar 12 saat işdə olur və 48 saat viruslu xəstələrdən uzaq qalır. Bəlkə də, daha çox itkilərlə üzləşən İtaliyanın səhvi bu oldu ki, daha çox iş saatı tətbiq edərək, tibb personalının sağlamlığını böyük risk altında qoydu. Bu onların virusla daha çox təmasda olmasına gətirdi və gündə 60 tibb işçisinin koronavirusdan dünyasını dəyişdiyi kimi hallar oldu.

Türkiyənin təcrübəsi onu göstərir ki, planlı və növbəli şəkildə iş önəmlidir. Azərbaycana gəldikdə isə, demək olar ki, bu sahədə aparılan işlərin daha mütəşəkkil olması diqqətdən yayınmır, hökumətin, bilavasitə ölkə Prezidentinin hadisələrə operativ və vaxtında müdaxiləsi uğurlu inkişafının təminatı oldu. Ümum­dünya Səhiyyə Təşkilatının Azərbaycanda gürülən qabaqlayıcı tədbirlərə verdiyi dəyər və ən önəmlisi də daha az itkilərin olması bunun təsdiqidir.

–Bu mübarizədə kimlərin fəaliyyətinə daha çox önəm verərdiniz?

–Məncə, hər kəsin bu məsələdə yeri və mövqeyi önəmlidir. Dövlət qurumlarının həyata keçirdiyi tədbirlər– karantin rejimi­nin tətbiqi, asayişin təmin olunması kimi bir sıra ümdə vəzifələrin yerinə yetirilməsi uğurlu addımlardır və insanların ruhi duru­munun qorunması üçün vacibdir. Burada həkimlərin fədakar əməyi danılmaz oldugu qədər də müqəddəsdir. Hadisələrin ən vahiməli günlərində 80 milyonluq Türkiyə 3 gün hər axşam balkonlardan həkimləri sa­lamladı. Azərbaycanda da həkim əməyinə və təşəbbüsünə dövlət səviyyəsində yüksək qiymət verildi. Bu sırada polisin əvəzsiz xidmətlərinin də olduğu cəmiyyətin diqqətindən yayınmadı. Böyük Atatürkün müstəsna uzaqgörənliklə söylədiyi fikirlər həmişə olduğu kimi, indi də gündəmdə mühüm yer tutdu: hər kəsin vicdanı polis olmalıdir, vicdanı olmayanlarsa, qarşısında polisi görəcək.

Qeyd etməyi vacib bilirəm ki, bu dövrdə jurnalistlərin də üzərinə mühüm vəzifələr düşdü: çağırışlarıyla insan­ları evdə qalmağa səsləyən mətbuat nümayəndələri həyatlarını bəlli risklərə qoyaraq iş başındadırlar. Evdə qalanların nikbin və ümidli məlumatlarla təminatının necə gərəkli və önəmli olduğunu nə söyləməyə, nə də əsaslandırmağa ehtiyac duymuram.

–Bu söylədiklərinizin fonun­da Azərbaycan necə görünür? Deyəcəkləriniz həm də kənardan bir baxış kimi dəyərli olardı...

–Əslində, söhbətimizin gedişində mən qismən də olsa, bu barədə danış­dım. Açıq demək lazımdır, bu məsələdə Azərbaycan müsbət mənada fərqləndi, hətta, örnək ola biləcək bir mərtəbədə yer aldı. Həyata keçirilən düşünülmüş siyasət, görülən qabaqlayıcı tədbirlər nəticəsində digər məsələlərdə olduğu kimi, yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə çərçivəsində də bütün addımlar düşünülmüş şəkildə atıldı və bu tendensiya bu gün də uğurla davam etdirilir. İnanıram ki, bunun bəhrəsi olaraq Azərbaycan pandemiyadan ən az itkilərlə çıxan olkə olacaq.

Söhbətimizin davamı olaraq bir vacib məqamı da deyim. Virus söhbəti gündəmə gələndə, yadıma o dəqiqə işğal altında olan torpaqlarımız düşdü. Azərbaycan pandemiyadan ən az itkilərlə çıxandan sonra, ölkəni daha ciddi bir vürusdan təmizlənmək lazım gələcək. Onda bütün Qarabağımızın—Şuşa və Xankəndimizin, Ağdam və Füzulimizin, La­çın və Kəlbəcərimizin, Qubadlı, Zəngilan və Cəbrayılımızın da üzü güləcək. Azərbaycan mətbuatının yayacağı bu şad xəbəri səbirsizliklə gözləyənlərsə milyon­larladır. İnanırıq ki, Azərbaycan xalqının və hakimiyyətinin bütün viruslarla mübarizə taktikası uğurla davam edəcək.

–Müsahibə üçün sağ olun.

Namiq ƏHMƏDOV, “Xalq qəzeti”

2 May 2020 04:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə