Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu gün “Biz birlikdə güclüyük!” çağırışına hər zamankından daha həssas şəkildə qoşulmalıyıq

Bu gün bütün dünya ölkələri koronavirus pandemiyasından qurtulmaq üçün səfərbər olub. Azərbaycanda da infeksiyanın yayıldığı ilk gündən etibarən bu dəhşətli bəlaya qarşı mübarizə tədbirlərinin həyata keçirilməsinə başlanılıb. Virusun ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Prezident İlham Əliyevin tapşırığına əsasən, hələ 3 ay bundan öncə qabaqla­yıcı addımlar atılıb, zəruri qərarlar qəbul edilib. Profilaktik və təxirəsalınmaz tədbirlərin gerçəkləşdirilməsi üçün Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət qurumlarından ibarət operativ qərargah yaradılıb, məhdudlaşdırıcı izolyasiyanın tətbiqi yayılmanın minimum həddə salınmasında önəmli rol oynayıb. Azərbaycanda indiyədək koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 128 mindən çox test aparılıb.

Burada bir məqamı da xüsusilə vur­ğulamaq istərdim. Artıq bir neçə aydır ki, COVID-19 pandemiyası dünya əhalisinin illərlə formalaşan həyat tərzini sarsıtdığı, dövlətləri və onların iqtisadiyyatını, necə deyərlər, diz çökdürdüyü bir zamanda Azərbaycanın inkişafı dayanmayıb, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə sosial layihələr davam etdirilib, insan­ların sağlamlığının qorunması, sosial müdafiəsinin təminatı və iqtisadi fəallığının saxlanılması, inveksiyanın xalqımızın rifah səviyyəsinə mənfi təsirinin aradan qaldırılması, habelə dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin, eləcə də, işçilərin əməkhaqlarının qorunması istiqamətlərində ciddi nəzarət reallaşdırı­lıb. Həmçinin, işsiz insanların qeydiyyata alınaraq onlara ölkə üzrə yaşayış minimu­mu səviyyəsində (190 manat) birdəfəlik ödəmə verilməsi gerçəkləşdirilib.

Artıq bir neçə gündür ki, ölkəmizdə sağalma yoluxma faizini üstəliyir. Bu üstələmə isə getdikcə artmaqdadır. Belə olan təqdirdə karantin rejimindən mərhələli çıxış planının hazırlanması artıq müzakirə movzusudur. Təbii ki, mərhələli çıxış planının hazırlanması aidiyyəti orqanlar tərəfindən müəyyənləşdiriləcək. Bütövlükdə isə hər bir vətəndaşımız əmindir ki, xalq olaraq bu çətin sınaq­dan şərəflə çıxacaq, pandemiyaya qalib gələcəyik.

Burada diqqəti vacib bir məsələyə də yönəltməyi zəruri bilirəm. Sevindirici haldır ki, Ümumdünya Səhiyyə Təşkilatının bəyan etdiyi kimi, pandemiya ilə mübarizə istiqamətində Azərbaycanın nümunəvi təcrübəsi artıq bir çox ölkələr tərəfindən fəaliyyət proqramı kimi geniş şəkildə istifadə olunmaqdadır. Lakin tarixdə bu cür pandemiyalar zamanı baş verən dəhşətli hadisələr barədə məlumatlar, virusolo­giya elminin nəticələri, virusun yayılma­sının son həftələr və günlərdə müxtəlif ölkələrdə nəzərə çarpan ikinci dalğası onu göstərir ki, əldə olunan uğurlarla qətiyyən arxayınlaşmaq olmaz. Bir sözlə, pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində məhdudiyyətlərin bir qisminin aradan qaldırılması insanlarda arxayınlıq yaratmamalıdır. İndiki həssas məqamda hər bir şəxs virusun təhlükəsinin hələ də tam sovuşmamasını unutmama­lı, mütəxəssislərin, həkimlərin, məsul şəxslərin məsləhətlərini, dövlətin karantin rejimi ilə bağlı qoyduğu qaydaları yerinə yetirməkdə davam etməlidir.

Sonda demək istərdim ki, sağlam düşüncəyə əsaslanıb, yaxınları, doğma­ları, digər insanları göz önünə gətirməli, onların təhlükəsizliyinin, sağlamlığının hər birimizlə bağlı olduğu həqiqətini yaddan çıxarmamalı, cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına hər zaman­kından daha həssas şəkildə qoşulmalıyıq.

Anar MƏMMƏDOV, Milli Məclisin deputatı

2 May 2020 04:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə