Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pandemiya dövründə STAR zavodu və “Petkim” istehsalı davam etdirmişdir

Koronavirus səbəbindən dünyanın bir çox istehsalçı şirkətləri xammal təchizatında ciddi problemlər yaşadığı dövrdə qardaş Türkiyədə əsas payı SOCAR-a məxsus olan “Petkim” neft-kimya kompleksi və STAR Neft Emalı Zavodu istehsalı tam gücündə davam etdirmişdir. Bu barədə “Petroturk.com”a məlumat verən SOCAR-ın “Türkiyə Rafineri və Petrokimya Birliyi”nin rəhbəri Anar Məmmədov proseslərin emal sektoruna təsirindən danışarkən aşağıdakıları bildirmişdir:

–Yeni növ koronavirusun ilk təsiri aviasiya, logistika və nəqliyyat sektorlarında özünü büruzə verdi. Demək olar ki, bütün ölkələrdə uçuşlar və nəqliyyat səyahət məhdudiyyətləri səbəbindən dayandırıldı. Bu, təbii olaraq, neft bazarına da mənfi təsir göstərdi. Bazardakı durğun­luq səbəbindən bölgədəki əksər neftayırma zavodları­nın istehsal gücü 50-75 faizə endi.

Koronavirus səbəbindən müxtəlif sektorların is­tehsalatında problemlər yaranıb, bir çox istehsalçı xammal tədarükü olma­masından əziyyət çəkib. İzmirin Əliağa bölgəsində yerləşən “Petkim”in yanın­da inşa etdiyimiz STAR zavodu olmasa idi, bu çətin vaxtda beynəlxalq tədarük zəncirindəki çətinliklər səbəbindən “Petkim”in əsas xammalı olan naftanın idxalında problem yaşa­ya bilərdik. STAR zavodu “Petkim” üçün fayda gətirdi, həm də istehsalın davam­lılığını təmin etdi. “Petkim” xam maddə olaraq istifadə olunan və əvvəllər idxal etmək məcburiyyətində qaldığı naftanı STAR-dan alır və epidemiya müddətində istehsalını fasiləsiz davam etdirərək, xüsusilə də tibbi ləvazimatlar üçün xammal istehsalı sahəsinə böyük töhfə verdi.

İlin ikinci yarısında nə baş verəcəyindən və gələcək prespektivlərdən danışan baş direktor demişdir: “Hazırda bazarda bu vəziyyətin nə qədər davamlı olacağını proqnozlaşdırmaq çətindir, ancaq düşünürük ki, epide­miya nəzarət altına alınsa, bazarlarda xam neftin və məhsulların qiymətlərində artımlar olacaq və sektor ilin sonuna qədər normallaşma prosesinə daxil olacaq. Epi­demiya, xüsusilə yaz və yay dövründə, turizm mövsümü canlandığı zaman nəzarət altına alınsa, normallaşma prosesi də başlaya bilər. Turizm sektoru geri dönərsə, reaktiv yanacaq istehlakı da buna görə arta bilər”.

Anar Məmmədov daha sonra bildirmişdir:

–İndi neftayırma zavodla­rının işində çətinliklər olsa da, daha çox istehsal elastikliyi olan və yalnız STAR NEZ kimi neft-kimya məhsulları ilə inteqrasiya olunan zavodların işinin daha sərfəli olacağını gözləyirik. “STAR Rafineri”nin istehsal fəlsəfəsində “SOCAR-Türkiyə”nin digər qolu olan “Petkim”lə yarat­dığı sinerji yatır. Türkiyənin ilk və tək inteqrasiya neft-kimya şirkəti olan “Petkim”in əsas xam maddə olan nafta ehtiyacının, az qala, hamısı­nı boru xəttləri ilə birləşdiyi “STAR Rafineri” ödəyir. Türkiyənin neft məhsulları tələbatının 25 faizini ödəyən STAR NEZ koronavirusa görə tələbata uyğun olaraq istehsal planını yeniləyib.

Bu müddətdə təyyarə yanacağına ehtiyac böyük miqdarda azaldığı üçün həmin məhsulun istehsalı tamamilə dizel yanacağına keçirildi. Koronavirusdan sonra yenidən sürətlə təyyarə yanacağı istehsalına başla­yacağıq. Neft emalı zavodu­muz ən müasir texnologiya ilə inşa edildiyindən bu cür vəziyyətdə əməliyyatlarda çe­viklik yaratmaq mümkündür.

Qeyd edək ki, Türkiyədə dizel yanacağının 40 faizi idxal edilir. STAR zavodu ildə 4,8 milyon ton dizel yana­cağı istehsalı ilə Türkiyənin tələbatının 20 faizini təmin etmək gücündədir.

Namiq QƏDİMOĞLU, “Xalq qəzeti”

2 May 2020 04:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə