Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türk Şurasına üzv ölkələr nəqliyyat məsələlərini müzakirə edib

Azərbaycanın sədrliyi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın, eləcə də, müşahidəçi dövlət Macarıstanın nəqliyyat sahəsi üzrə məsul şəxsləri arasında videokonfrans keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, videokonfransda Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Tex­nologiyalar naziri Ramin Quluzadə, Qırğızıstanın Nəqliyyat və Yollar Nazir­liyinin Dövlət katibi Ermek Mamırkaliyev, Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismayıloğlu, Özbəkistanın Nəqliyyat na­ziri Elyor Qəniyev, Qazaxıs­tanın Sənaye və İnfrastruk­turun İnkişafı Nazirliyinin Nəqliyyat Komitəsinin sədri Samat Qilimov, Macarısta­nın İnnovasiyalar və Texno­logiya Nazirliyinin Nəqliyyat Siyasəti üzrə Dövlət naziri Laslo Mosokzı və Türk Şu­rasının Baş katibi Bağdad Amreyev iştirak ediblər.

Nazir R.Quluzadə Prezident İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da keçirilən videokonfransda Türk Şurasının fövqəladə Zirvə görüşünün Yekun Bəyannaməsində pande­miya dövründə ölkələrimiz arasında daşımaların davamlılığının təmin edilməsi üçün müvafiq addımların atılmasının vacibliyinin qeyd olunduğu­nu bildirib. Eyni zamanda, yük nəqliyyat vasitələrinin sərhədlərdən keçmə prose­durlarının sadələşdirilməsi və bu sahədə yaranan problemlər barədə məlumat mübadiləsinin aparılma­sının dövlət və hökumət başçıları tərəfindən zəruri hesab olunduğunu diqqətə çatdırıb.

Hazırda Türk Şurasına üzv ölkələr arasında bütün sahələrdə, o cümlədən, nəqliyyat sahəsində də əlaqələrin yüksək səviyyədə qurulduğunu qeyd edən nazir həssas dönəmdə səmərəli yükdaşımalarının təşkili, çətinliklərə qarşı birgə effektiv tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

R.Quluzadə Azərbaycan ərazisində koronaviru­sun yayılmasının qar­şısını almaq məqsədilə sahə üzrə beynəlxalq təcrübəyə əsasən həyata keçirilən işlərdən danışıb: “Ölkənin bütün sərhədləri sərnişindaşımalara bağla­nıb. Xarici ölkələrdə olan 15 mindən çox vətəndaşımız çarter təyyarə reysləri ilə ölkəyə gətirilib. Ölkədə şəhərlərarası, rayonlararası nəqliyyatın və Bakı Met­ropoliteninin fəaliyyəti tam dayandırılıb”.

Nazir, həmçinin, deyib ki, qonşu dövlətlərlə hava və quru nəqliyyatı vasitəsilə sərnişindaşımaların dayandırılmasına bax­mayaraq, beynəlxalq yükdaşımaların həyata keçirilməsinə ölkəmizdə heç bir məhdudiyyət qoyulma­yıb. Ölkədə sərhəd-keçid məntəqələri 24 saatlıq iş rejimində fəaliyyət göstərir və avtomobil nəqliyyatı vasitəsilə yükdaşımaları üçün daim açıqdır.

Çıxışının davamın­da R.Quluzadə bildirib ki, cari ilin ilk rübündə Azərbaycan Respublikası­nın ərazisindən 52 min 405 ədəd, o cümlədən, tranzit olaraq 20 min 819 ədəd xarici ölkələrin nəqliyyat vasitələri ikitərəfli və Beynəlxalq Nəqliyyat Foru­munun çoxtərəfli icazələri ilə sərhəddə icazə almaq­la beynəlxalq avtomobil daşımalarını yerinə yetirib: “Statistik məlumatların müqayisəsi göstərir ki, bu ilin ilk rübündə ötən ilin müvafiq dövrünə nisbətən Azərbaycan Respub­likasının ərazisindən beynəlxalq avtomobil daşımalarını yerinə yetirən xarici ölkələrin nəqliyyat vasitələrinin sayı 24 faiz, tranzit daşımaların sayı isə 32 faiz artıb”.

Xəzər dənizi üzərindən Qazaxıstan və Türkmənistan istiqamətində yük maşınları və kontey­ner daşımalarının həyata keçirilməsinin davam etdirildiyini qeyd edən nazir Azərbaycan Respublika­sının Dövlət bayrağı ilə üzən gəmilərdə ölkəmizin dəniz nəqliyyatı sahəsində qoşulduğu beynəlxalq konvensiyalarda və yerli qanunvericilikdə nəzərdə tutulan, vaxtı bitmiş şəhadətnamələrin və müva­fiq yoxlamaların müddətinin bu il iyulun 1-dək artırıldığı­nı söyləyib.

“Eyni zamanda, respub­likanın bütün beynəlxalq hava limanlarında yük aviadaşımaları üçün məhdudiyyətlər aradan qaldırılıb və hazırda təcili yük reysləri də daxil olmaq­la bütün zəruri səlahiyyət və icazələr dərhal təqdim olu­nur. Azərbaycan Respubli­kasının aviasiya personalı­nın sertifikat və icazələrinin qüvvəsinin uzadılması, həmçinin, xarici dövlətlərin aviasiya administrasiyaları tərəfindən qüvvəsi uzadıl­mış sertifikatların müvəqqəti tanınması barədə qərar qəbul edilib”, – deyə R.Quluzadə vurğulayıb.

Nazir, həmçinin, qeyd edib ki, Azərbaycan ölkənin tranzit potensialının və yük axınlarının artırılması məqsədilə hələ pande­miyadan öncəki dövrdə daşımalara və tranzit keçidhaqlarına əlavə güzəştlər tətbiq edib, digər müvafiq tədbirlər görüb. Bu güzəştlər Türk Şurasına üzv ölkələrin daşıyıcıları üçün nəqliyyat əməliyyatlarının sadələşdirilməsi və daşı­ma xərclərinin azaldılması baxımından əhəmiyyətlidir. Bu səbəbdən, Avropadan Asiya istiqamətində hərəkət edən daşıyıcılar üçün Xəzər dənizi üzərindən keçən marşrutun üstünlüklərindən davamlı şəkildə istifadənin nəzərdən keçirilməsi mövcud yük axınının daha da artmasına öz töhfəsini vermiş olar.

Videokonfransın gedişində COVİD-19 pandemiyasının yaratdığı məhdudiyyət şəraitində tərəflər arasında nəqliyyat əməliyyatlarının mövcud vəziyyəti müzakirə edilib.

Eyni zamanda, pandemiya dövründə Transxəzər Dəhlizi bo­yunca zəruri malların – ərzaq məhsulları, dərman və tibbi ləvazimatların maneəsiz daşınmasının və təchizat zəncirinin kəsintisiz fəaliyyətinin təmin edilməsi üçün lazımi praktik tədbirlərin müzakirəsi apa­rılıb.

Qeyd olunan praktik tədbirlərə, yükdaşıma­ların asanlaşdırılması istiqamətində üzv ölkələr tərəfindən müvafiq tədbirlərin görülməsi, eyni zamanda, humani­tar mallar, zəruri istehlak malları, dərman və tibbi ləvazimatları daşıyan yük maşınlarının sərhədlər/nəzarət məntəqələrindən keçidinin asanlaşdırılma­sı üçün praktik köməklik göstərilməsi və bu sahədə yarana biləcək problemlərlə bağlı informasiya mübadiləsinin aparılması daxildir. Eyni zamanda, pandemiya dövründə yarana biləcək məsələlərin çevik həlli, nəqliyyat və logistikanın effektiv əlaqələndirilməsi üçün tərəflərin nəqliyyata məsul nazirlikləri arasında operativ işçi qrupun yaradılması, Transxəzər Dəhlizi boyunca tərəflər arasında təmassız xarici ticarət və multimo­dal nəqliyyat sistemlərinin inkişaf etdirilməsi də praktik tədbirlər sırasında yer alır.

Həmçinin, postpande­miya dövründə tərəflər ara­sında gələcək əməkdaşlıq üzrə müxtəlif təkliflər səsləndirilib. Türkiyə tərəfi rəqabətədavamlı və ortaq tariflərin tətbiq olunması ilə bağlı əməkdaşlığın inkişaf etdirilməsi təklifi ilə çıxış edib. Özbəkistan tərəfi isə Daşkənd–Karakalpa­kiya–Aktau–Bakı–Tbilisi–Qars–İstanbul multimodal nəqliyyat dəhlizinin işə sa­lınması və birgə istifadəsini, həmçinin pandemiyanın yaratdığı məhdudiyyətləri nəzərə alaraq, Türk Şurası çərçivəsində ərzaq, tibb məhsulları və digər zəruri malların tranzit daşımala­rında “yaşıl dəhlizlər”in ef­fektivliyinin artırılması üçün əlavə tədbirlərin görülməsini təklif edib.

Videokonfransın so­nunda yekun nitqi ilə çıxış edən R.Quluzadə birgə əməkdaşlıq nəticəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr arasında səmərəli yükdaşımalarının daha effektiv şəkildə təşkilinin təmin ediləcəyinə, bu tədbirlərin pandemiya ilə mübarizədə öz töhfəsini verəcəyinə və ondan son­rakı dövrlərdə də ölkələrin rifahına xidmət edəcəyinə əminliyini bildirib.

Görüşün gündəliyində öz əksini tapan məsələlərlə bağlı müzakirələrin nəticəsi Türk Şurası Katibliyi tərəfindən ümumiləşdirilərək üzv dövlətlərə göndərilməsi və üzv ölkələrin müvafiq qurumları tərəfindən bunun­la bağlı lazımi tədbirlərin görülməsi üçün nəzərdən keçirərək öz məlumatlarını və təkliflərini təqdim etməsi razılaşdırılıb.

1 May 2020 01:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə