Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Özünü qoruyanı, Allah qoruyar!”

Pandemiya ilə mübarizədə arxayınçılığa yol vermək olmaz

Azərbaycanda Prezident İlham Əliyevin müdrik liderliyi ilə yeni koronavirus pandemiyasına qarşı mübarizənin yüksək səviyyədə təşkil olunması göz qabağındadır. Bütün səviyyələrdə atılan düzgün, düşünülmüş addımların, görülən gərgin işlərin nəticəsində ölkəmizdə bu təhlükəli virusa yoluxanların və xəstəlikdən ölənlərin sayı qonşu ölkələrlə, bütövlükdə, dünya dövlətləri ilə müqayisədə, nəzərəçarpan dərəcədə azdır.

Lakin, pandemiya ilə mübarizədə arxayınçılıq yolverilməzdir və ağır nəticələr verə bilər. Bakı şəhəri, Səbail rayonundakı 3 saylı təcili tibbi yardım stansiyasının həkimi Cəfər Yəhyayev hesab edir ki, bu günlərdə əhali son dərəcə ehtiyatlı olmalıdır. Belə ki, karantin rejimindəki məhdudiyyətlərin bir hissəsi aradan qaldırıldığı üçün, şəhər sakinləri arasında virusa yolux­mada artım ola və nəticədə prosesin arzuolunmaz ikinci dalğası başlana bilər.

Xüsusiləşdirilmiş Anqioloji Mərkəzin baş mütəxəssisi Faiq Yusifov ölkəmizdə pandemiya ilə mübarizəyə ilk günlərdən cəlb olunan çox saylı fədakar tibb işçilərindən biridir. O, fəxrlə dedi ki, hazırda Azərbaycanda koronavirus infek­siyasının yayılmasının qarşısının alınması və infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif xəstəxanalarda yaradılmış karantin zonalarına daxil olan şəxslərin müayinəsi uğurla davam etdirilir. Karantinə alınan şəxslər müvafiq müayinədən keçi­rilir, o cümlədən, onlardan labora­tor analizlər götürülür, səhhətləri nəzarət altında saxlanılır. İnfeksiyaya yoluxma faktı təsdiq olunan şəxslər dərhal xüsusi rejimli xəstəxanalara köçürülür, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər görülür. Yəni, Azərbaycan həkimləri, tibb bacıları təhlükənin qarşısının alınması üçün fədakarcasına əllərindən gələni edirlər.

F. Yusifov əmindir ki, tətbiq olu­nan qaydalar təkcə dövlət orqanlarının deyil, ümumilikdə, bütün cəmiyyətin, fərdi qaydada hər bir vətəndaşın üzərinə müvafiq məsuliyyət qoyur. Belə ki, hər kəs bilməlidir ki, həmin qaydalar, ilk növbədə, onun və yaxın­larının təhlükəsizliyini, sağlamlığını təmin edən müvəqqəti və məcburi addımlardır. Buna görə də hamı bu qaydalara bundan sonra da anlaşıqlı, dözümlü yanaşmalı, onları maksimum icra etməyə çalışmalıdır.

Təcrübəli həkim əhalini öz sağ­lamlığına münasibətdə səhlənkarlığa yol verməməyə səslədi. Onun fikrincə, ilk günlərdə olduğu kimi, bu gün də hamı özünün və doğmalarının sağlamlığının qeydinə qalmağa çalış­malıdır. Həkim rus xalqının aşağıdakı atalar sözünün indiki məqamda yerinə düşdüyünü bildirdi: “Özünü qoruyanı, Allah qoruyar!”

Azərbaycan Tibb Universitetinin professoru Anar Ağayev də hesab edir ki, ölkəmizdə xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar görülən tədbirlər başadüşüləndir, lakin bu, əhalidə təhlükənin tamamilə sovuşduğu barədə səhv fikir yaratma­malıdır. Onun fikrincə, bunu nəzərə alaraq, koronavirus pandemiyasının başlanğıc dövründə həyata keçirilən bir çox preventiv qaydalar, əvvəlki kimi davam etdirilməlidir.

Professor A. Ağayev fikirini onunla izah etdi ki, COVİD-19 xəstəliyi uzunmüddətli prosesdir. Bu səbəbdən mövcud qaydalara riayət olunma­sı və zəruri profilaktik tədbirlərin davam etdirilməsi vacibdir. Əlbəttə, ilk növbədə hamı üçün əlçatan olan və böyük xərc tələb eləməyən gigi­yena qaydalarına ciddi riayət olun­malıdır. Bu gün ölkəmizin təcrübəli tibb mütəxəssisləri hesab edirlər ki, xüsusi karantin rejimindəki mövcud məhdudiyyətlərin sanitar-epidemioloji şəraitdən asılı olaraq, mərhələli şəkildə yumşaldılması anlaşılandır. Amma epidemioloji vəziyyət tələb edərsə, yəni xəstəliyin dinamikasında artım olarsa, karantin rejimi yenidən sərtləşdirilməli, müvafiq məhdudiyyətlər təzədən tətbiq olunmalıdır.

Bu səbəbdən indiki vəziyyətdə hər şey insanlardan asılıdır. Yəni, bəzi məhdudiyyətlər götürülsə belə, insanlar profilaktik tədbirlərə, sanitar normalarına əməl etməyə çalışmalı­dırlar.

Təqdirəlayiq haldır ki, son günlər ölkəmizdə pandemiya ilə mübarizədə vətəndaş cəmiyyəti fəalları da həvəslə iştirak edirlər. “Ailələrə sosial dəstək” İctimai Birliyinin sədri Esmira Rəhimova qeyd etdi ki, bir çox qeyri-hökumət təşkilatları (QHT) dövlət qu­rumları ilə yanaşı, əhalinin imkansız təbəqələrinə maddi-mənəvi yardımlar göstərməyə çalışırlar.

Ümumiyyətlə, ölkəmizdə pande­miya ilə mübarizədə atılan addımlar əhali tərəfindən rəğbətlə qarşıla­nır. Bununla bərabər, E.Rəhimova vurğuladı ki, pandemiya təhlükəsinin tamamilə aradan qalxdığını düşünmək tezdir. Onun fikrincə, özünütəcrid, "Evdə qal!" kampaniyası davam etdirilməlidir. Xüsusilə, yaşı 65-dən artıq olan vətəndaşlarla bağlı xəbərdarlıqlar bərpa olunmalıdır.

QHT fəalı düşünür ki, ölkə media­sı, eləcə də, sosial şəbəkələr xəstəliyin yeni dalğasına yol verməmək üçün şəxsi gigiyena, özünütəcrid, kütləvi toplantılara yol verilməməsi, distansi­ya saxlanılması və s. qaydalara riayət olunmasının zəruri olduğunu əhaliyə daim izah etməyə çalışmalıdır.

Bu, bir həqiqətdir ki, bu gün müstəqil Azərbycan dövləti pandemi­ya ilə mübarizə sahəsində ən böyük uğurlar qazanmış ölkələrdən biridir. Milli Məclisin deputatı Anatoli Rafailov hesab edir ki, hər bir dövlət xadiminin, tarixi şəxsiyyətin real gücü, qüdrəti ta­rixin ən ağır, ən çətin dönəmlərində üzə çıxır. Azərbaycan vətəndaşları həqiqətən xoşbəxt insanlardır ki, indiki son dərəcə narahat, taleyüklü bir dönəmdə ölkəmizə Prezident İlham Əliyev kimi müdrik siyasətçi, görkəmli dövlət xadi­mi rəhbərlik edir.

Reallıq budur ki, hazırda dünyanın böyük dövlətlərinin belə koronavi­rus pandemiyasının ağır fəsadları qarşısında ciddi çətinliklərlə üzləşdiyi bir vaxtda Azərbaycanda Prezident İlham Əliyevin müdrik liderliyi ilə bu təhlükənin önlənməsi, ölkə əhalisinin bu ağır xəstəlikdən ən minimum itkilərlə qurtulması üçün uğurlu tədbirlər görülüb.

Milli Məclisin deputatı əmindir ki, əhali bundan sonra da möhtərəm dövlət başçısının bütün tapşırıq və tövsiyələrinə, eləcə də, Nazirlər Kabineti yanında operativ qərargahın tətbiq etdiyi qaydalara məsuliyyətlə yanaşacaq, heç bir arxayınçılığa yol verməyəcəklər.

M. ABDULLAYEV, “Xalq qəzeti”

1 May 2020 01:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə