Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham ƏLİYEV: Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığımız ərzində Azərbaycan bütün sahələrdə, o cümlədən, iqtisadi sahədə çox dəyişib

Cənab prezident, sizə və Avropa Yenidənqurma və İnkişaf Bankının yüksək rütbəli nümayəndələrinə bu görüşə görə təşəkkür edirəm. Bu, Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanın yaxın və etibarlı tərəfdaşı olmasının göstəricisidir. Odur ki, çətin vaxtda siz belə təşəbbüslə çıxış etmisiniz. Bu, bizə hazırda həyata keçirilən layihələrimizi nəzərdən keçirməyə, görüləcək işləri müzakirə etməyə və gələcək əməkdaşlığımızı planlaşdırmağa imkan verəcək.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti


Cənab Prezident İlham Əliyev, bizim fikrimizcə, Siz və hökumətiniz bu böhranın öhdəsindən əla gəlirsiniz. Qısa zamanda bir sıra təsirli tədbirlər həyata keçirilib ki, bununla bağlı Sizi təbrik edirəm.

Suma ÇAKRABARTİ Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti


Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən son illərdə Azərbaycan rəhbərliyinin iradəsi ilə həyata keçirilən islahatların müsbət nəticələri daim yüksək qiymətləndirilib, ölkəmizdə karbohidrogen hasilatından əldə edilən gəlirlərin iqtisa­diyyatın digər sektorlarına yönəldilməsinin iqtisadi şaxələndirməni gücləndirdiyi və özəl sektorun ümumi inkişafının əsas prioritetlərdən birinə çevrildiyi vurğulanıb. Bank rəhbərliyi, eyni zamanda, maliyyə sektorunda həyata keçirilən islahatlar sayəsində müşahidə olunan sabitliyi də nəzərdən qaçırmayıb, kreditləşmə və əmanətlərin həcmində dollarlaşmanın azalmasını müsbət tendensiya kimi qeyd edib.

Xatırladaq ki, AYİB indiyədək Azərbaycana 173 layihə üzrə 3,5 milyard avro maliyyə vəsaiti ayırıb. Bundan başqa, bank kiçik və orta biznesə məsləhət xidmətləri, 1000- dən çox şirkətə isə dəstək göstərib.

Azərbaycan Prezidenti İlham Əliyevlə AYİB-in prezidenti Suma Çakrabarti arasında adı çəkilən bankın təşəbbüsü ilə keçirilən videokonfransda bu barədə ətraflı bəhs edilib.

Prezident İlham Əliyev belə bir təşəbbüsün – videokonfransın gerçəkləşməsinə görə, AYİB-in prezidentinə və qurumun yüksək rütbəli nümayəndələrinə təşəkkürünü bildirib. Bunu bankın Azərbaycanın yaxın və etibarlı tərəfdaşı olması­nın göstəricisi kimi dəyərləndirib: “Bu, bizə hazırda həyata keçirilən layihələrimizi nəzərdən keçirməyə, görüləcək işləri müzakirə etməyə və gələcək əməkdaşlığımızı planlaşdır­mağa imkan verəcək”.

Dövlətimizin başçısı nitqində koronavirusa qarşı görülən işlər barədə də ətraflı məlumat verib. Azərbaycan Prezidenti bununla əlaqədar ilk gündən real vəziyyətə əsaslanan tədbirlər görüldüyü­nü, mövcud vəziyyətin düzgün dəyərləndirildiyini, böhranla ciddi məşğul olmaq üçün səmərəli ko­mandanın yaradıldığını xüsusi vurğulayıb: “Azərbaycana bu virus qonşuluqdan gəldi və bunun qarşısını almaq üçün biz müvafiq addımlar atdıq və qonşu dövlətlərlə razılıq və birgə qərar əsasında sərhədlərimizi bağladıq. Hesab edirəm ki, biz bu qərarı vaxtında və digər ölkələrin bənzər qərarlarından tez verdik və beləliklə, zaman udmuş olduq. Biz görürük ki, bu virusla mübarizədə ən vacib məsələ vaxtdır, çünki heç bir ölkənin səhiyyə sistemi bu qədər böyük sayda yoluxmuş insanların müalicəsinə hazır deyil. Bu səbəbdən vaxtın qazanılması, səhiyyə sistemi­mizin hazırlanması, mütəxəssis və həkimlərimizin səfərbər edilməsi və düzgün idarəçiliyin qurulması əsas hədəflərimiz oldu”.

Dövlətimizin başçısı Azərbaycanda mart ayından etibarən pandemiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsinə başlanıldığını, bu zaman Ümum­dünya Səhiyyə Təşkilatı ilə sıx təmas qurulduğunu, təşkilata res­publikamızda infeksiya ilə bağlı vəziyyəti qiymətləndirmək üçün mütəxəssislərdən ibarət heyət göndərilməsi ilə bağlı müraciət edildiyini diqqətə çatdırıb.

Yeri gəlmişkəm, xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatını təmsil edən heyət ölkəmizə gələrək, mövcud şəraitlə tanış olduqdan sonra Azərbaycanın dəhşətli bəlaya qarşı ciddi operativ tədbirlər reallaşdırdığı barədə bəyanatla çıxış edib, eyni zamanda, müəyyən tövsiyələr verib, nəhayət, respublikamızı koronavirus­la mübarizə sahəsində nümunə kimi göstərib.

Azərbaycan Prezidenti nitqində məhdudlaşdırıcı tədbirlərin tətbiqi qərarının heç də asan olmadığını vurğulayıb: “Biz anlayırdıq ki, insanlar üçün narahatlıq yaranacaq, iqtisadi inkişafımıza böyük zərbə dəyəcək, halbuki bu ilin göstəriciləri olduqca ümidverici idi. Lakin bizim iki varian­tımız var idi. Birinci variant insanların həyatını və sağlamlığını qorumaq, ikinci variant isə iqtisadiyyatın xilas edilməsi prioriteti idi. Bu səbəbdən ilk gündən bizim seçimimiz insanların həyatının qorunması oldu. Gördü­yümüz bütün işlərin məqsədi budur və bu istiqamətdə səylərimizi tam səfərbər etmişik. Biz 120 mindən artıq test həyata keçirmişik və aparılan testlərin adambaşına düşən sayına görə aparıcı yerlərdəyik”.

Dövlətimizin başçısı daha sonra xəstəliyə qarşı tədbirlərdən bəhs edərkən, ötən müddətdə əlavə laboratoriyaların yaradılması, onların sayının 18-ə çatdırılması, koronavi­rusa yoluxan pasiyentlərin 22 dövlət xəstəxanasında, o cümlədən yeni istifadəyə verilən 575 çarpayılıq mü­asir xəstəxanada müalicə olunmaları, hazırda karantin rejimində 2000-ə yaxın vətəndaşın olması və həmin rəqəmin getdikcə aşağı düşməsi fakt­larını xatırladıb. Ölkə rəhbəri karantin rejimində saxlanılan şəxslərin əsasən xaricdən gələn və onlarla təmasda olan şəxslər olduqlarını, 4-5 ulduzlu mehmanxanalarda yerləşdirildiklərini, yüksək standartlara cavab verən şəraitlə təmin edildiklərini bildirib.

Videokonfransda koronovirusa qarşı məhdudlaşdırıcı tədbirlərin vaxtaşırı sərtləşdirildiyi və bunun müsbət nəticə ilə müşahidə olundu­ğu, sağalanların sayının yoluxan­ların sayını üstələdiyi, ölüm faizinin nisbətən aşağı düşdüyü, nəhayət, məhdudlaşdırıcı tədbirlərin yumşal­dılmasına başlanıldığı bildirilib. Eyni zamanda, pandemiyanın iqtisadiy­yata təsirsiz ötüşmədiyi də diqqətə çatdırılıb. Bununla bağlı dövlətimizin başçısı deyib: “İqtisadiyyatımıza təsirə gəldikdə, əlbəttə, təsir mənfi olacaqdır. Bizim ilin əvvəlində müsbət perspektivlərimiz var idi. Hələ də ilin ilk rübünə nəzərə salsaq, artım 1 faizdir, qeyri-neft sektorunda artım 3 faiz təşkil edir, qeyri-enerji sahəsində artım isə 23 faizdir”.

Azərbaycan Prezidenti korona­virus nəticəsində mənfi təsirə məruz qalan özəl sektorun inkişafı məqsədilə ciddi dəstək paketi təqdim edildiyini, xidmət və digər sahələrdə çalışan 600 min vətəndaşın, habelə mikrosahib­karlıq subyektlərinin əməkhaqlarının böyük hissəsinin dövlət tərəfindən ödənilməsi barədə qərar verildiyini, bütün bu kimi tədbirlərin isə böyük xərc demək olduğunu vurğulayıb: “Vergi güzəştləri də nəzərə alınsa, bu gün bu rəqəm 3,5 milyard manat və ya 2 milyard dollardan çoxdur. Bu, bizim büdcəmiz üçün böyük yükdür, çünki neftin qiymətinin kəskin azalma­sı bizim valyuta ehtiyatlarımıza mənfi təsir göstərəcəkdir. Ancaq bizim üçün bu dövr xərclərimizi artırmalı və yoxsul vətəndaşlarımıza və sahibkarlara yar­dım etməli olduğumuz dövrdür. Eyni zamanda, bu il biz ödənişli ictimai iş yerlərinin sayını da 2 dəfə artırmışıq. Burada minimal əməkhaqqı verilir və adətən bu, dövlət sektoruna aid olan iş yerləridir. Bu il belə iş yerlərinin sayı 90 min olacaqdır. Biz sosial yardım alan vətəndaşların da sayını artırmışıq. Hər bir belə ailəyə ayda 222 manat ödənilir və onların sayı 80 minə çatmışdır. Bununla yanaşı, 12 min insan üçün, – burada da 70 faiz artım var, – özünüməşğulluq imkanları yaradılıb”.

AYİB-in prezidenti Suma Çak­rabarti videokonfransı qeyri-adi bir görüş kimi qiymətləndirərək, dövlətimizin başçısı ilə istər Bakı, istərsə də Davosda dəfələrlə gö­rüşdüyünü bildirib. Eyni zamanda, Azərbaycanın koronavirusun doğur­duğu böhrana qarşı səmərəli və təsirli layihələr gerçəkləşdirdiyini, nəticədə müsbət göstəricilər əldə edildiyini vurğulayıb.

Suma Çakrabarti nitqində AYİB-in Azərbaycanla əməkdaşlığı dövründə görülən işlər barədə bəhs edərkən, Prezident İlham Əliyevin ölkəmizdə pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində həyata keçirilən layihələri yüksək qiymətləndirib, eyni zamanda, diqqəti indiyədək sosial-iqtisadi sahələrdə gerçəkləşdirilən islahatların uğurlu nəticələrinə yönəldib. Son 17 ildə yoxsulluğun rekord dərəcədə aşağı salınması, yoxsulluğun azaldılması istiqamətlərində yüksək göstəricilərin əldə edildiyini vurğulayıb. O, həmçinin Mərkəzi Bankla 50 milyon dollar məbləğində “Swap” razılaşmasının uğurla başa çatdırıldığını, bun­dan sonra da mühüm layihələrin reallaşdırılması istiqamətində sıx əməkdaşlığın davam etdiriləcəyini əminliklə diqqətə çatdırıb.

Qeyd edək ki, AYİB bərpaolunan enerji potensialına malik sahələrin birində külək ölçü-müşahidə stansi­yasının quraşdırılması və ölçmələrin aparılmasında kömək göstərməyi qəbul edib. Hazırda bank 12 ay­lıq külək ölçmə-müşahidə işlərini layihələndirəcək və həyata keçirəcək məsləhətçi şirkət cəlb edilməsi istiqamətində işləri davam etdirir.

AYİB-in Azərbaycana xüsusi marağı heç də təsadüfi deyil. Bu, bir tərəfdən, ölkəmizdə iqtisadi isla­hatların davamlı xarakter daşıması, əlverişli investisiya mühitinin yaradıl­ması ilə bağlıdırsa, digər tərəfdən, maliyyə sektorunda yeniləşmənin müsbət nəticələri ilə əlaqədardır. Xatırladaq ki, AYİB-in keçən ilin noyabrında açıqladığı “2019-2020- ci illər üzrə keçid hesabatı”nda Azərbaycanda ölkə rəhbərliyinin iradəsi ilə həyata keçirilən islahatların müsbət nəticələri vurğulanıb, inki­şafı şərtləndirən amillər qeyd edilib, gələcək dövr üçün proqnozlaşdırılan pozitiv perspektivlər əks olunub.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

30 Aprel 2020 00:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə