Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Koronavirusla bağlı bundan sonra da dövlətin çağırışlarına ciddi əməl edilməlidir

Nazirlər Kabinetinin qərarına əsasən aprelin 27-dən etibarən xüsusi karantin rejiminin məhdudiyyətlərinin bir qisminin yumşaldıl­ması, bununla bağlı bir çox sahənin öz fəaliyyətlərini bərpa etmələri sanki əhalinin müəyyən hissəsində bir arxayınlıq yaradıb. Bunu hər gün işə gəlib-getdiyimiz avtobuslarda etdiyimiz müşahidələrə əsasən deyirik. Belə ki, karantin rejimində məhdudiyyətlər yumşaldı­lana qədər maska və əlcəksiz sərnişinə təsadüfi hal­larda rast gəlmək olardı. İndi isə tam əksinə vəziyyət nəzərə çarpır. Sanki bütün təhlükəli vəziyyət arxada qalıb, daha heç kim bundan sonra koronavirusa yoluxmayacaq. Bir sözlə, xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar əhalidə təhlükənin sovuşduğu əhval-ruhiyyəsi yarana bilər.

Fikrimizcə, belə bir arxayınçılıq nəzərə alınaraq, respublikada koro­navirus pandemiyasının başlanğıc dövründə həyata keçirilən kampa­niya daha intensiv şəkildə yenidən təkrarlanmalıdlr. Yoxsa karantin rejimindəki məhdudiyyətlərin bəzisinin aradan qaldırılması ilə bağlı yaranan arxayınçılıq əhali arasında virusa yoluxmada artıma və prosesin yeni, ikinci dalğasının başlamasına təkan verə bilər.

Mütəxəssislər bildirirlər ki, COVID-19 xəstəliyi uzunmüddətli prosesdir. Bu səbəbdən mövcud qay­dalara riayət olunması və zəruri pro­filaktik tədbirlərin davam etdirilməsi vacibdir.

Bu məqsədlə gigiyena qaydala­rına daha ciddi riayət olunması ilə bağlı maarifləndirici verilişlər, roliklər bərpa olunmalı, yeniləri çəkilməlidir. Özünütəcrid, “Evdə qal!” kampa­niyası davam etdirilməlidir. Yaşı 65-dən artıq olan vətəndaşlarla bağlı xəbərdarlıqlar bərpa olunmalıdır.

Doğrudur, xüsusi karantin rejimindəki mövcud məhdudiyyətlərin sanitar-epidemioloji şəraitdən asılı olaraq mərhələli yumşaldıl­ması zəruridir. Amma epidemi­oloji vəziyyət tələb edərsə, yani xəstəliyin dinamikasında artım nəzərə çarparsa, karantin rejiminin yenidən sərtləşdirilməsi, müvafiq məhdudiyyətlərin yenidən tətbiqi qaçılmaz olacaq.

Bu səbbədən indiki vəziyyətdə hər şey insanlara bağlıdır. Yəni məhdudiyyətlər götürülsə belə, adamlar profilaktik tədbirlərə, sanitar normalara uygun davranmasa, yolux­ma halları çoxala bilər.

Azərbaycanın baş infeksionisti Cəlal İsayev indiki vəziyyətlə əlaqədar narahatlığını belə bildirib: “Karantin rejimi bitdikdən sonra da insanlar müəyyən tələblərə əməl etməli, tövsiyələri nəzərə almalıdırlar. Hazırda Azərbaycanda xəstəxanalarda 500- dək insan koronavirusa görə müalicə edilir. Gün ərzində təxminən 30-40 nəfər sağalaraq evə buraxılır. Amma hələ də ölkədə hər gün yoluxma halı qeydə alınır. Biz yalnız yeni yoluxma qeydə alınmadıqda, xəstəxanalarda müalicə edilən insanların sayı azaldıq­da virusun ölkəmizdə yox ola bilməsi haqqında danışa bilərik. Amma ölkədə hətta 1-2 nəfərdə belə, koronaviru­sa yoluxma halı varsa, sadaladığım şəxslər risk qrupuna daxil olan insan­lar sayılacaqlar”.

C.İsayev bunu nəzərə alaraq, insanlara xəbərdarlıq da edib. O qeyd edib ki, mayın 4-də karantin rejimindən çıxılsa belə, insanlar müəyyən tələblərə əməl etməli, tövsiyələri nəzərə almalıdırlar. Bu tövsiyələrin bir qismi, məsələn, əllərin yuyulması, şəxsi gigiyena qaydalarına əməl edilməsi, kütləvi yerlərdən uzaq olmaq bizim gündəlik həyatımızla bağlıdır. İnsanların çox olduğu yerlərdə yalnız koronavirusa deyil, hər cür infeksiyaya yoluxmanın olması mümkündür. Ona görə də həmişə qaydalara riayət etməliyik ki, təkcə koronavirusa deyil, digər infek­siyalara da yoluxmayaq.

Yeri gəlmişkən, Beynəlxalq Əmək Təşkilatı (BƏT) da təkcə Azərbaycanda deyil, koronavirusun zəiflədiyi digər ölkələrdə də bu bəlaya qarşı ciddi mübarizə tədbirlərinin davam etdirilmə zəruriliyini diqqətə çatdırıb. BƏT lazımi qoruyucu tədbirlərin reallaşdırılmadığı təqdirdə, bizim hamımızı pandemiyanın ikinci dalğası gözləyə bildiyini xatırladıb.

BƏT aprelin 28-də qeyd edilən Dünya Əməyin Mühafizəsi Günü münasibətilə hökumətləri və bütün işəgötürənləri istər indi, istərsə də təcrid vəziyyətindən çıxandan sonra iş yerlərində koronavirusa yoluxma təhlükəsini minimuma endirməyə çağırıb.

BƏT-in baş direktoru Qay Ray­der deyib: “Dünyada bütün işçilərin təhlükəsizliyi və sağlamlığı bu gün hər şeydən üstündür. Virus infeksiya­sının yayıldığı indiki şəraitdə əhalinin təhlükəsizliyi və müəssisələrin da­yanıqlılığı bizim işçiləri nə dərəcədə qoruya biləcəyimizdən asılıdır”.

O, pandemiyaya qarşı mübarizənin ön cəbhəsində olanların müdafiəsinin nə dərəcədə əhəmiyyətli olduğunu xatırladıb. Söhbət, ilk növbədə, həkimlərdən, xilasetmə xidmətlərinin əməkdaşlarından, qida məhsullarının pərakəndə satış müəssisələrində çalışanlardan və otaqların yığışdırılması ilə məşğul olanlardan gedir.

BƏT, həmçinin əməkçilərin ən zəif təbəqəsinə, məsələn, qeyri-formal iqtisadiyyatda çalışanlara, miqrantlara və ev xidmətçilərinə xüsusi diqqət yetirməyə çağırır. Ekspertlər bu in­sanların əməyin təhlükəsizliyi ilə bağlı zəruri informasiya, fərdi qoruyucu vasitələrlə təchiz olunmalarını, onların dövlət tibb xidmətləri, lazım gəldikdə alternativ dolanışıq mənbələri ilə təmin olunmalarını təklif edirlər.

BƏT karantin başa çatandan sonra iş şəraitinin təhlükəsizliyinin təmin edilməsi üzrə bir sıra tövsiyələr, o cümlədən işçilər, podratçılar, müştərilər və ziyarətçilər arasında fiziki təmasın azaldılmasına müvəffəq olmaq, zəruri məsafəyə riayət etmək, iş otaqlarını daim havalandırmaq, səthləri müntəzəm silmək, otaqların təmizliyinə və gigiyenasına əməl etmək, əllərin yuyulması və dezin­feksiya üçün zəruri şərait yaratmaq, lazım gəldikdə işçiləri fərdi qoruyu­cu vasitələrlə pulsuz təmin etmək, habelə heyətə psixoloji dəstək göstərmək kimi tövsiyələr verib.

Bir sözlə, deyilənlər nəzərə alı­naraq, koronavirus pandemiyasının başlanğıc dövründə həyata keçirilən kampaniya daha intensiv şəkildə yenidən təkrarlanmalıdır. Əhali bu gerçəkliyi bilməlidir ki, koronavirus xəstəliyi uzunmüddətli prosesdir. Bu səbəbdən mövcud qaydalara riayət olunması və zəruri profilaktik tədbirlərin davam etdirilməsi son dərəcə vacibdir.

V.BAYRAMOV, “Xalq qəzeti”

29 Aprel 2020 23:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə