Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalq Sizə inanır və etibar edir, cənab Prezident!

Kimin kimliyi, nəyə qadir olduğu dar gündə, çətin məqamlarda üzə çıxır. Azərbaycan Prezidentinin də gördüyü misilsiz işlər pandemiya dövründə həm ölkəmizdə, həm də dünyada özünü xüsusilə qabarıq şəkildə büruzə verdi.

COVİD-19 pandemiyasının bəşəriyyətə meydan oxuduğu indi­ki dönəmdə böyük-kiçikliyindən, güc-qüvvəsindən asılı olmadan bütün dövlətlər koronavirus infeksiyasına qarşı mübarizə aparırlar. Lakin bu mübarizə heç də hər yerdə istənilən səmərəni vermir. Xəstəliyə yoluxanların və pandemiyadan ölənlərin sayı durmadan artır. Dünyanın, demək olar ki, hər yerində iqtisadiyyatın (ancaq həyati əhəmiyyətli müəssisə və təşkilatlar istisna olmaqla – red.), elm-təhsil sisteminin, mədəniyyət müəssisələrinin fəaliyyəti dayan­dırılıb, dövlətlərarası və ölkədaxili gediş-gəlişlər məhdudlaşdırılıb, bəşər tarixində indiyədək görünməmiş anormal vəziyyət yaranıb. Bunun nə qədər çəkəcəyi isə kimsəyə bəlli deyil.

Amma bəzi dövlətlərdə pandemiyaya qarşı aparılan tədbirlər səmərə verməkdədir. Fəxrlə demək olar ki, bunlardan biri də Azərbaycandır. Azərbaycan Prezidenti İlham Əliyevin bu sahədə gördüyü işlər, apardığı qabaqlayıcı tədbirlər nəinki ölkəmizdə, xaricdə də xoş əks-səda doğurub. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti və Azərbaycan Respublikasının Pre­zidenti İlham Əliyev arasında qarşı tərəfin təşəbbüsü ilə aprelin 28-də keçirilən videokonfransda AYİB-in prezidenti dövlət başçımıza müraciətlə demişdir: “Cənab Prezident, bizim fikrimizcə, Siz və hökumətiniz bu böhranın öhdəsindən əla gəlirsiniz. Qısa zamanda bir sıra təsirli tədbirlər həyata keçirilib ki, bununla bağlı Sizi təbrik edirəm… Qeyd etməliyəm ki, qəbul etdiyiniz qərarların və görülmüş tədbirlərin həcmi məndə dərin təəssürat yaratdı. Bununla bərabər addımlarınız olduqca qətiyyətlidir və Siz çevik hərəkət edirsiniz. Sizin də qeyd etdiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatı da bunu təqdir etmişdir”.

Bəs dünya azərbaycanlıları və ölkə vətəndaşları bu barədə nə fikirdədirlər? Azərbaycan Prezidentinə ünvanlanmış saysız-hesabsız məktublardan bir neçəsini təqdim edirik.

 

Sizin sayənizdə Azərbaycan bu çətinliyin də öhdəsindən gələcək

Möhtərəm cənab Prezident!

Sizə bu minnətdarlıq məktubunu Qazaxıstandan yazıram. Hazırda dünyanın ən böyük problemi olan koronavirus pandemiyasının qarşısının alınması məqsədilə bütün dövlətlər çoxsaylı tədbirlər görür və virusun təsirinin azaldılması üçün addımlar atırlar. Biz – Qazaxıstanda məskunlaşan azərbaycanlılar yaşadığımız ölkə ilə yanaşı, doğma Vətənimizdə bu bəlanın yayılmasından narahatlıq keçirsək də, Azərbaycanımızda görülən tədbirləri, Sizin örnək fəaliyyətinizi, hər bir vətəndaşınıza göstərdiyiniz diqqət və qayğını heyranlıqla izləyirik. Vaxtında atdığınız uğurlu addımlar, verdiyiniz müdrik qərarlar, xüsusilə də ölkə vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyiniz layihələr xaricdə yaşayan azərbaycanlıların diqqət mərkəzindədir. Belə bir qənaətə gəlir və bir daha şahidi oluruq ki, Sizin siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan xalqının rifahı Sizin üçün hər şeydən üstündür.

Sizin “Biz birlikdə güclüyük!” çağırışınız xalqı­mızın həmrəyliyinə, birliyinə yeni, parlaq çalarlar gətirdi. Qlobal bəla ilə mübarizədə Azərbaycan xalqı məsuliyyət, yüksək nizam-intizam və ən başlıcası, milli həmrəylik nümayiş etdirdi. Xaricdə yaşayan azərbaycanlılar olaraq həm qürbətdəki həmyerlilərimiz, həm də Vətənimiz üçün gördüyünüz işlərdən qürur duyuruq. Başqa bir ölkənin vətəndaşı olsaq da, Qazaxıstandakı azərbaycanlılar, qürbət ölkədə mövqe tutmuş, müəyyən söz sahibi olan soydaşlarımız üçün Sizin çağırışınız bir siqnaldır. Biz tarixi məsuliyyətimizlə bu çağırış qarşısında hər cür fədakarlığa hazır olduğumuzu bildirməkdən şərəf duyuruq.

Türkdilli xalqların liderlərinin videokonfransını keçirməklə Siz böyük türk oğlu kimi, ümumbəşəri bəlaya qarşı birlikdə mücadilənin əhəmiyyətini bütün dünya siyasətçilərinə nümayiş etdirdiniz. Qlobal problemlərlə mübarizədə Azərbaycan yeni bir nümunə yaratdı və indi bütün dünya ölkəmizin nümunəsini öyrənməyə çalışır.

Biz inanırıq ki, Sizin siyasətinizin ətrafında hər zaman sıx birləşən Azərbaycan xalqı bu çətinlikdən də uğurla çıxacaq. Sizə və ailənizə bu çətin günlərdə əvəzsiz olan cansağlığı arzu edirik!

Siz mürəkkəb vəziyyətlərdə qalib gəlmək üçün var qüvvənizlə çalışır, mümkün olan hər şeyi edirsi­niz. Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlıya göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Cənab Prezident, Allahın köməyi, Sizin möhkəm iradəniz, eyni zamanda, birlik və həmrəyliyimizin gücü sayəsində gözə görünən və görünməyən bü­tün düşmənlərimizə hər zaman qalib gələcəyimizə öz varlığımız kimi inanırıq.

Dərin hörmət və ehtiramla:

Ənvər AĞAYEV, Qərbi Qazaxıstan vilayəti yerli qanunverici orqanının deputatı, Qazaxıstan Respublikası.

Nə yaxşı ki, varsınız!

Hörmətli Prezidentimiz!

Xalqımızın və bütün dünyanın ağır sınaqdan keçdiyi bir dövrdə göstərdiyiniz vətənpərvərlik mövqeyinə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Hətta dünyanın ən güclü dövlətlərinin belə tədbir görməkdə gecikdiyi zamanda Sizin göstərdiyiniz qayğı və diqqət bizim bu sınaqdan da üzüağ çıxmağımızın qarantıdır.

Siz insanlara çox kömək edirsiniz. Bunu hamı bilir. Allah Sizdən razı olsun! Korona­virusla əlaqədar xalqa müraciətiniz bir daha göstərdi ki, Siz xalqın yanındasınız, onlara kömək göstərirsiniz. Sizin müraciətiniz bu həssas məqamda insanlara ruh yüksəkliyi verdi. İnsanların təşvişə düşməmələri üçün bu müraciət çox vacib idi və Siz bunu etdiniz. Biz bir daha əmin olduq ki, ən çətin məqamda belə güvənə biləcəyimiz Prezidentimiz var. Ulu Tanrı Sizi qorusun! Nə yaxşı ki, varsınız!

Dərin hörmətlə,

Milli Qəhrəman Eltun İsgəndərovun valideynləri: Xaləddin və Münəvvər İsgəndərovlar, Samux rayonu.

Sizin kimi müdrik liderimizlə fəxr edirik

Cənab Prezident!

Azərbaycan xalqı çox xoşbəxtdir ki, qayğıkeşliyi, humanistliyi ilə örnək olan Sizin kimi Prezidenti var. Mən bir neçə dəfə Sizin ictimaiyyət nümayəndələri ilə görüşünüzdə olmuşam. Sizin qayğıkeşliyiniz, sadəliyiniz, insanlara verdiyiniz yüksək dəyər qəlbimdə böyük qürur hissi yaradıb.

Bu gün dünyanı bürüyən koronavirus pande­miyası respublikamızdan da yan keçməyib. Hər gün dünyada yüzlərlə insan bu pandemiyanın qurbanı olur. Koronavirus pandemiyasına qarşı gördüyünüz qabaqlayıcı tədbirlər xalqımızı bu bəladan xilas etməkdədir. Karantin rejimi dövründə işləməyənlərə birdəfəlik yardımların verilməsi Sizin xalqımıza göstərdiyiniz qayğının növbəti nümunəsidir.

Hörmətli cənab Prezident, Qubadlı rayonunun əhalisi Sizin daxili və xarici siyasətinizi dəstəkləyir və ətrafınızda sıx birləşib. Gördüyünüz işlərə görə rayonumuzun ağsaqqalları adından Sizə təşəkkürümü bildirir, şəxsən özünüzə və ailənizə uzun ömür, cansağlığı arzu edirəm. Allah Sizi qorusun!

Hörmətlə,

Əvəz Maşallah oğlu Həsənov, Qubadlı Rayon Ağsaqqallar Şurasının sədri.

Biz həmişə Sizinləyik

Möhtərəm cənab Prezident!

Bir neçə aydır ki, dünyanı lərzəyə salan korona­virus pandemiyasından dünyada on minlərlə insan dünyasını dəyişib. Ayrı-ayrı ölkələrdə müşahidə olunan acınacaqlı vəziyyət insanı dəhşətə gətirir. Bu çətin vəziyyət ölkəmizdə də müşahidə oluna bilərdi, lakin Sizin uzaqgörənliyiniz və diqqətiniz sayəsində Azərbaycan ABŞ, Çin, İtaliya, İspaniya kimi dövlətlərin vəziyyətinə düşməkdən xilas oldu. Məktəb və bir sıra müəssisələrin bağlanması, xüsusi karantin rejiminin tətbiq olunması, avtomo­bil yollarında hərəkətin məhdudiyyəti bu virusa yoluxmanın qarşısını almağa kömək etdi. Həmçinin, tibb işçilərimizin, polis orqanlarında işləyən şəxslərin ayıq-sayıqlığı nəticəsində ölkəmizdə vəziyyət nəzarət altındadır.

Hörmətli cənab Prezident, bu çətin dövrdə Sizin və Mehriban xanım Əliyevanın öz təqaüdünü pandemiya ilə mübarizə tədbirləri üçün yaradılmış fonda bağışlaması, minlərlə işsiz ailə üçün birdəfəlik yardımların göstərilməsi ilə bağlı sərəncamlarınız çox təqdirəlayiqdir. Bununla Siz ölkə əhalisinin qayğısına qaldığınızı bir daha sübut etdiniz. Bu xalq Sizə və Mehriban xanıma çox güvənir, böyük inam bəsləyir. Əmin olun ki, biz həmişə Sizinləyik!

Hörmətlə,

Rəna Rövşən qızı Ağabəyli, Şəki şəhəri.

Hər namazımda Sizə duaçıyam

Hörmətli Prezidentim!

Bir ağbirçək ana kimi Sizə və Mehriban xa­nıma dərin minnətdarlığımı bildirirəm. Siz artıq Azərbaycan xalqının ümid və pənah yerisiniz. Şükürlər olsun ki, uzaqgörənliklə başladığınız və birbaşa rəhbərliyinizlə həyata keçirilən tədbirlər nəticəsində pandemiya ölkəmiz üçün faciəvi nəticələrə gətirib çıxarmadı. Mən – ağbirçək bir ana kimi, hər dəfə namaz qılanda Sizə dua edirəm. Allah Sizə bu məsuliyyətli işlərinizdə kömək olsun!

Siz 600 min ailəyə 190 manat birdəfəlik ödənişin edilməsi ilə bağlı göstəriş vermisiniz. Xalqımıza göstərdiyiniz qayğı nəticəsində mənim kimi ahıl şəxslər də sosial qayğı ilə hərtərəfli təmin olunublar.

Mən SSRİ dövrünü və ondan sonrakı – ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlişindən qabaqkı illəri yaxşı xatırlayıram. O zamanlar pensiyanın, verilən bütün sosial ödənişlərin su, qaz, işıq kimi kommunal xidmətlərə yetmədiyinin şahidi olmuşam. Hazırda isə yaşa görə verilən təqaüd həm qaz, işıq, su kimi kommunal xidmətlərdən istifadə üçün, həm də rifahımız üçün yetərlidir. Biz yaşlı nəslə dəstəyinizi daha aydın görür, öz növbəmizdə Sizin siyasətinizi alqışlayırıq.

Mən 81 yaşlı ağbirçək ana olaraq Sizə dərin minnətdarlığımı bildirirəm. Azərbaycan xalqı Sizinlə fəxr edir!

Hörmətlə,

Almas Ağahəsən qızı Baloğlanova, Şamaxı şəhəri.

Siz ədalətli və mətin lidersiniz

Möhtərəm və dəyərli Prezidentimiz!

Əvvəlcə onu deyim ki, ailəmin və yaşadığım Pirallahı rayonu 168 saylı məktəbin müəllim kollektivinin Sizə və ailənizə bu müqəddəs Ramazan ayında duaları vardır.

Pandemiyanın ilk vaxtlarında çox təlaşlı günlər yaşadım. Ermənilərin Qarabağda Şuşa və Laçını işğal edərkən “Alazan” tipli raketlərlə evlərimizi bombaladığının şahidi olmuşam. Körpələrimi götürüb evimizin zirzəmisində qalmışam, ancaq qorxmamışam. Bu gözəgörünməz düşməndən isə çox qorxdum. Televizorda xəbərləri izləyəndə Sizin çox möhtəşəm, inamlı və qürurverici nitqiniz, dəyərli Birinci vitse-prezidentimiz Mehriban xanımın müraciəti mənə bir ümid, təsəlli oldu. “Uca Allahımıza şükür olsun!”, – deyərək əmin oldum ki, ölkəmizin taleyi etibarlı əllərdədir. Müasir müstəqil Azərbaycan ulu öndərimizin şah əsəridir. Siz isə bu şah əsərin növbəti layiqli səhifələrini yazan ədalətli, mətin və mübarizələrdən qalib çıxmağı bacaran lidersiniz.

Cənab Prezident, Siz hadisələri gecə-gündüz nəzarətdə saxlamaqla, lazımi tapşırıqlar verməklə bu bəlanın təsirlərini minimuma endirə bildiniz və hər bir vətəndaşınızın yanında olmağı bacardınız. Mən və eləcə də mənim kimi minlərlə insan Sizin bu xeyirxah əməllərinizin canlı şahidləriyik. Bütün bunları saymaqla bitirmək, bir məktuba sığışdırmaq mümkün deyil. Bu gün dünyaya meydan oxuyan pandemiya göydə Uca Allahımızın, yerdə Sizin sayənizdə Azərbaycanda tüğyan edə bilmədi. Nə yaxşı ki, varsınız! Allah Sizi, doğma Azərbaycanımızı qorusun!

Hörmətlə,

Sevda Ayaz qızı Alxasova, Bakı şəhəri, Pirallahı rayonu.

Təqdim etdi: Qüdrət PİRİYEV, “Xalq qəzeti”

29 Aprel 2020 23:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə