Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bütün Azərbaycan xalqı Sizə minnətdardır”

Vətəndaşlarımız Prezident İlham Əliyevə təşəkkür edirlər

Həyat yalnız yeni qələbələrin və uğurların məcmusu deyil. Həyatda aradan qaldırılmalı olan ciddi çətinliklər və sınaqlar da baş verir. 2020-ci il təkcə Azərbaycan üçün böyük ümidlər ili kimi deyil, həm də bütün dünya üçün ciddi böhran ili kimi həyatımıza daxil oldu. Neftin qiymətinin düşməsi iqtisadi çətinliklərə gətirib çıxardı, bununla paralel olaraq bəşəriyyət dünya iqtisadiyyatının tənəzzülünə səbəb olan və bütün ölkələrdə insanların həyat tərzində ciddi dəyişikliklər törədən koronavirus infeksiyası ilə üzləşdi. Bu mənada Azərbaycan da istisna olmadı. Lakin digər ölkələrlə müqayisədə Prezident İlham Əliyevin vaxtında qəbul etdiyi tutarlı və genişmiqyaslı tədbirlər sayəsində ölkəmizdə koronavirusla bağlı vəziyyət nəzarət altına alındı, xəstəliyin geniş yayılmasına imkan verilmədi. Azərbaycan hökumətinin koronavirusla mübarizədə göstərdiyi qətiyyətli mübarizə ölkə vətəndaşları tərəfindən alqışlanır, Prezident İlham Əliyevə göndərilən minnətdarlıq məktublarında dövlət başçısının xalqın rihafı naminə qəbul etdiyi qərarlar yüksək qiymətləndirilir.

Koronavirusla bağlı dünyada müşahidə olunan vəziyyəti qısa zaman kəsiyində qiymətləndirən Azərbaycan hökuməti ölkəmizdə yoluxma halları­nın qarşısını almaq üçün qabaqlayıcı addımlar atdı, pandemiyaya qarşı mübarizə və virusun insandan insana ötürülməsi imkanlarının qarşısını al­maq üzrə bir sıra mühüm qərarlar qəbul olundu. Bununla yanaşı, Azərbaycanda təkcə infeksiya ilə mübarizə apa­rılmır, həm də iqtisadiyyatda, özəl sahibkarlıq mühitində itkilərin və maliyyə çətinliklərinin azaldılması üçün lazımi tədbirlər də görülür. Qeyd etmək lazımdır ki, məhz Prezident İlham Əliyevin xüsusi sərəncamı ilə koronavirus pandemiyası və qlo­bal enerji və səhm bazarlarında baş verən böhranla əlaqədar Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq və sahibkarlıq subyektlərinə mənfi təsirin azaldılma­sı tədbirlərinin maliyyələşdirilməsi məqsədi ilə Nazirlər Kabinetinə dövlət büdcəsindən vəsait ayrılmışdır. Bütün bu addımlar, təbii ki, ölkənin pande­miyadan az itkilərlə çıxmasına şərait yaradır, eləcə də vətəndaşların dövlətə və onun rəhbərinə olan böyük etimadı­nı daha da artırır.

Ölkə başçısına göndərilən minnətdarlıq məktublarında vətəndaşlar pandemiyanın qarşısının alınma­sı, onun doğurduğu sosial-iqtisadi problemlərin aradan qaldırılması istiqamətində Azərbaycan dövlətinin çevik və məqsədyönlü siyasət apar­ması, virusa qarşı mübarizənin ilkin mərhələsindən başlayaraq qabaqlayıcı addımlar atması, yoluxucu xəstəliklə bağlı vəziyyəti nəzarət altında saxlaması yüksək qiymətləndirilir, ölkə başçısına minnətdarlıq və tam dəstək ifadə olunur.

Mingəçevir şəhər sakini Ruslan Rüstəmov dünyanı sarsıtmış korona­virus pandemiyasına qarşı ölkəmizdə görülən işlərə, xüsusən səhiyyəmizə və vətəndaşlarımızın sağlamlığına göstərilən diqqətə görə şəhər sakinləri adından Prezidentə minnətdarlığını bildirir. “Siz gördüyünüz işlərlə və ver­diyiniz qərarlarla hər zaman vətəndaşın yanında olduğunuzu bir daha sübut etdiniz”, – yazan R.Rüstəmov inandıq­larını da bildirir ki, doğma ölkəmizdə həyat yenidən öz axarına düşəcəkdir.

Neftçala rayon sakini Fərhad Baxışov isə yazır: “Koronavirus pandemiyası elə bir qlobal çağırışa səbəb oldu ki, dünya birliyinin bütün üzvlərini eyni amal uğrunda səmimi niyyətlə birləşməyə sövq etdi. Sizin rəhbərliyinizlə dövlətimiz tərəfindən pandemiyanın geniş yayılmasının qarşısını almaq üçün həyata keçirilən tədbirlər nümunəvi model kimi ixrac olunur. Dünyanın aparıcı dövlətləri virusla mübarizədə acizlik nümayiş etdirdikəri halda, Sizin ardıcıl və hesablanmış qərarlarınız sayəsində ölkəmiz infeksiyanın pik həddini geridə qoymuşdur”. İnsanların sağlamlığının qorunması ilə yanaşı, iqtisadi fəallığın azaldığı və neftin qiymətinin kəskin düşdüyü zaman əhalinin sosial rifahının gücləndirilməsi istiqamətində Prezidentin qəbul etdiyi qərarlar, verdiyi tapşırıqlar kiçikdən-böyüyə hər kəsin sevincinə səbəb olduğunu vurğulayan F.Baxışov xalqın sağlamlığını, təhlükəsizliyini, maliyyə imkanlarını, bir sözlə, həyatını qoruduğu üçün Prezident İlham Əliyevə təşəkkür edir: “Bütün Azərbaycan xalqı Sizə inanır, arxayındır və minnətdardır”.

Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadiy­yat nazirlərinin iştirakı ilə videobağ­lantı formatında keçirdiyi iclasda vur­ğulamışdı ki, dövlətimiz üçün prioritet məsələ insanların sağlamlığı, həyatı və sosial müdafiəsidir. Məlum olduğu kimi, Dövlət Məşğulluq Xidməti or­qanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində, 190 manat birdəfəlik ödəmə verilir. Bu kateqoriyaya aid olan insanların sayı hazırda 600 minə çatır. Bu sayda insana dövlət iki ay ərzində hər ay 190 manat vəsait verəcək. Ölkə başçısı­nın cəmiyyətin bu həssas təbəqəsinə belə diqqət və qayğı ilə yanaşması vətəndaşlarımızın böyük sevincinə və rəğbətinə səbəb olmuşdur.

Xocalıdan Seymur Çobanov, Qubadlıdan Fuad Bədəlov, Ağdamdan Toğrul Məmmədov, Kəlbəcər rayonundan məcburi köçkün Məhəmməd Əliyev məktublarında dövlət başçısının koronavirusla mübarizədə nümayiş etdirdiyi qətiyyətli qərarları alqışlayır, ölkə əhalisinin sağlamlığının qorunmasına yönəlmiş addımlarına, eləcə də əhalinin aztəminatlı hissəsinə göstərilən yardımlarına görə minnətdarlıqlarını bildirir, ölkə rəhbərinin siyasətinin əsasını həmişə vətəndaş amilinin, xalqına, dövlətinə yorulmadan göstərdiyi xidmətin təşkil etdiyi vurğulanır. S.Çobanov yazır: “Mən Xocalıdan məcburi köçkün, eyni zamanda, şəhid övladıyam. Dünyada gedən bu ağır, çətin proseslərdə hətta inkişaf etmiş dövlətlərin də aciz qaldığı bu dövrdə Sizin qətiyyətli, uzaqgörən siyasətiniz və öncədən gördüyünüz qətiyyətli tədbirlər nəticəsində dövlətimiz, xalqımız bu çətinlikdən də üzüağ və güclü çıxa bildi. Bunun üçün biz Sizə – öz müdrik Prezidentimizə borcluyuq. Yaxşı ki, varsınız və nə yaxşı ki, bizim, bu gözəl ölkəmizin rəhbərisiniz”.

Pandemiya ilə bağlı həyata keçirilən dövlət siyasətinin yürüdülməsi zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün xalqın hərtərəfli dəstəyi böyük əhəmiyyət daşıyır. Təbii ki, bu siyasətə xalqı­mızın dəstək verməsinin əsasında ümummilli maraqların təmin edilməsi istəyi dayanır. Təsadüfi deyildir ki, belə həssas dövrdə hakimiyyətə xalqın dəstək verməsi koronavirusa qarşı mübarizədə böyük əhəmiyyət daşıyır. Əlbəttə ki, Prezident İlham Əliyevin apardığı siyasətin əsas prinsiplərindən birini vətəndaş həmrəyliyinin təmin olunması təşkil edir. Ölkə başçısına göndərilən minnətdarlıq məktublarında bu siyasətin bir daha təsdiqləndiyi vurğulanır, hər bir vətəndaşa qayğı və diqqətin göstərilməsi faktı qeyd olunur.

Yevlax sakini Fərid Vaqifli, Gəncə şəhər sakini Rəfiqə Qurbanova məktublarında Azərbaycan vətəndaşının rifahını hər şeydən üstün tutan bir rəhbərlə vətəndaşların bütün çətinliklərin öhdəsindən gələ biləcəkləri vurğulanır. F.Vaqifli yazır: “Bütün dünyanı bürümüş koronavirus Azərbaycandan da yan keçmədi. Lakin güclü dövlətlərin böyük insan tələfatı ilə üzləşdiyi halda Sizin sayənizdə ölkəmiz az itki ilə pandemiyadan qurtulmaq üzrədir. Məhz Sizin ciddi tapşırıq və nəzarətiniz virusun ölkəmizdə geniş yayılmasının qarşısını aldı”. Ailə üzvləri adından ölkə başçısına minnətdarlığını bildirən R.Qurbanova isə yazır: “Sizə bütün şəhid bacılarının adından təşəkkürümü bildirirəm. Siz Azərbaycan xalqına böyük qayğı göstərirsiniz. Bizim qardaşlarımız Vətən yolunda şəhid olublar, lakin biz özümüzü qardaşsız, arxasız hiss etmirik. Çünki Sizin diqqətinizlə, qayğınızla əhatə olunmuşuq”.

Digər soydaşlarımız, Salyan­dan Nilufər Bəşirova, Yardımlıdan Tarverdi Tarverdiyev, Qobustandan Əlisəfa Cəbiyev yazırlar ki, ölkə vətəndaşları Prezident İlham Əliyevin Azərbaycan xalqının rifahı naminə ar­dıcıl olaraq həyata keçirdiyi tədbirlərin, gördüyü işlərin uğurlu nəticələrini müşahidə edirlər. Vətəndaşlar dövlət başçısının çevik və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın dünya birliyində söz sahibinə çevril­diyini vurğulayırlar. Ə.Cəbiyev yazır: “Cənab Prezident, Sizin xalqımızı bu bəladan qorumaq üçün həyata keçirdiyiniz çoxşaxəli qabaqlayıcı tədbirlər öz bəhrəsini verir, ölkəmizdə bu dəhşətli virusa yoluxma hallarının məhdudlaşdırılmasına etibarlı təminat yaradır. Xalqımız bu həssas vaxtda hər bir insana qarşı qayğınızı hiss edir və dəyərləndirir”.

Şəki rayonu Orta Zəyzid kəndindən 7-ci sinif şagirdi Nurlan Qədirli, məcburi köçkün, Pənah Məmmədov adına Laçın rayon 46 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi Nuriyyə Nəsirova xalqımıza göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirirlər. N.Qədirli yazır: “Karantin müddətində insanlara göstərdiyiniz qayğıya, həkimlərə ayırdığınız diqqətə görə Sizə ailəmiz adından minnətdarlığımızı bildirir, uzun ömür və cansağlığı arzulayırıq. Sizin həkimlərlə görüşünüzdə onları ayaq üstə alqışlamağınız mənim heç vaxt yadımdan çıxmayacaq”. N. Nəsirova isə inandığını vurğulayır ki, Prezi­dentin diqqət və qayğısı sayəsində tez bir zamanda bu bəladan qurtulacağıq: “Koronavirus xəstəliyi ilə bağlı apar­dığınız mübarizədə verdiyiniz qərar və göstərişlərin ölkəmizi, Azərbaycan xalqını qorumaq və onun sağlamlığının qeydinə qalmaq olduğunu çox gözəl dərk edirik”.

Bir sözlə, vətəndaşlar ölkə baş­çısına ünvanladıqları məktublarda Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına qoşulduqlarını bildirir, dövlət rəhbərinin Azərbaycanın pandemiyadan az itkilərlə çıxmasına yönəlmiş siyasətini dəstəklədiklərini vurğulayırlar. Belə dəstək isə mil­li birliyin, xalq-dövlət vəhdətinin parlaq təcəssümü olmaqla yanaşı, Azərbaycanın qarşısında dayanan ciddi çağırışlara adekvat cavab verilməsində əsas amil rolunu oynayır.

Hazırladı: Səbuhi MƏMMƏDOV, “Xalq qəzeti”

29 Aprel 2020 23:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə