Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məcburi köçkünlər razılıq edirlər

Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət səviyyəsində məcburi köçkünlərin mənzil-məişət və sosial problemlərinin həlli istiqamətində çox mühüm layihələr icra olunub. Bu istiqamətdə dövlətin həyata keçirdiyi siyasətə Heydər Əliyev Fondu da böyük töhfələr verib. Bugünədək 62494 məcburi köçkün ailəsinin, ümumilikdə, bu qəbildən olan 315 min soydaşımızın mənzil-məişət şəraiti yaxşılaşdırılıb. 2020-ci ildə də bu işlərin davam etdirilməsi nəzərdə tutulur. Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə reallaşdırılan tədbirlər ardıcıl xarakter alıb. Bu günlər məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün hər cür infrastrukturu olan yeni şəhərçiklər salınır, müavinətlər artırılır, yeni iş yerləri yaradılır. Məhz ona görə də məcburi köçkünlər Prezidentimizin fəaliyyətindən həmişə razılıqla danışırlar.

Qardaşxan ADIYEV, məcburi köçkün, şəhid atası:

– Mənim 70-dən yuxarı yaşım var. 27 ildir ki, doğma torpağımızdan uzaq düşmüşük. Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində məskunlaşmışıq. Oğlum Həmzə Adıyev 1993-cü ildə Ağdamın Güllücə kəndində döyüşdə şəhid oldu. İndi məzarı Sumqayıtın Şəhidlər xiyabanındadır.

Məcburi köçkün həyatı yaşayan şəhid atası kimi hər zaman Prezidentimizin, Mehriban xanımın qayğısını hiss etmişik. Bizim Qubadlı camaatı əsasən Sumqayıtda məskunlaşıb. Son vaxtlar onlara yeni inşa olunan şəhərcikdə hər cür rahatlığı olan mənzillər verilib. Prezidentimiz bu günlərdə Sumqayıt şəhərindəki yataqxanalarda müvəqqəti məskunlaşan 3042 məcburi köçkün ailəsi üçün Abşeron rayonu ərazisində salınmış yeni məhəllənin tikintisi ilə tanış oldu. Mən televiziya ilə möhtərəm Prezidentimizin bu səfərini diqqətlə izlədim. Dövlət başçısı tikintinin gedişi ilə tanış oldu, tapşırıq və tövsiyələrini verdi. İnanırıq ki, yaxın gələcəkdə bu məhəlləyə də məcburi köçkünlər yerləşdiriləcək.

Bizə ümid verən odur ki, cənab Prezidentimiz torpaqlarımızın qaytarılması üçün böyük səy göstərir. İnanırıq ki, yaxın gələcəkdə dövlət başçımızın işğal altında olan torpaqlarımızın azad edilməsi yolunda həyata keçirdiyi davamlı siyasət öz nəticəsini verəcək, biz də doğma yurdumuza qayıdacağıq.

Behcət MUSTAFAYEV, məcburi köçkün:

– Biz ailəliklə Sumqayıtda yataqxanada məskunlaşmışdıq. Çox çətinlik çəkirdik. Cənab Prezidentin təşəbbüsü ilə məcburi köçkünlər üçün Abşeron rayonu ərazisində inşa edilmiş şəhərcikdə biz də yeni mənzillə təmin olunduq. Bilirsiniz, necə rahat mənzillərdir. Yaşamaq üçün bu şəhərcikdə hər cür şərait var. Bizim şəhərcik indi yeni məhəllələrlə genişlənir. Yeni məhəllədə sürətli tikinti işləri aparılır. Bu günlərdə Prezidentimiz İlham Əliyev tikintinin vəziyyəti ilə tanış olmaq üçün buraya gəlmişdi. Baxın, cənab Prezident pandemiya ilə mübarizənin bu ağır dövründə belə yenə məcburi köçkünləri unutmur. Onların rahatlığını, sosial vəziyyətlərinin yaxşılaşdırılmasını diqqətdən kənarda qoymur.

Mən cənab Prezidentin yeni inşa edilən məhəllədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə söhbətini televiziyadan dinlədim. Dövlət başçımız bildirdi ki, biz bu əraziləri gərək elə planlaşdıraq ki, maksimum səmərə ilə binalar tikilsin, həm mərtəbə səviyyəsi, eyni zamanda, burada ictimai zonaların həcmi şəhərsalma qaydalarına uyğun olmalıdır. Əlbəttə ki, hər bir qəsəbədə məktəb, uşaq bağçası, tibb məntəqəsi, alış-veriş yerləri olmalıdır. Bu, əslində o deməkdir ki, Prezidentimiz bütün məsələlərlə ciddi maraqlanır və bunlar insanların rahatlığı naminədir. Biz Prezidentimizə inanırıq, onun siyasi xəttini dəstəkləyirik və bilirik ki, bu siyasət bizim yaxın gələcəkdə öz torpaqlarımıza qayıtmağımızı təmin edəcək.

Söhbətləşdi:
M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

29 Aprel 2020 23:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə