Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan regionda sülhün yaranmasında maraqlı deyil

Nikol Paşinyan və onun komandasının son bəyanatları onların nəinki diplomatiya sahəsində naşı və qeyri-peşəkar olduqlarını üzə çıxardı, eyni zamanda bir daha aqressiv ritorikaya söykəndiklərini də ortaya qoydu. Əgər əvvəllər münaqişənin həlli istiqamətində hər hansı danışıqlar prosesinin keçmiş müddəalarına müəyyən dərəcədə əsaslanmalar var idisə, Ermənistanın yeni iqtidarı bütün beynəlxalq razılaşmaların üstündən sükutla keçir. Bu isə heç şübhəsiz ki, Paşinyan hakimiyyətinin “Qarabağ klanı” ilə daxili mübarizədə artıq itirilməyə doğru gedən etimadını bərpa etmək, populizm şüarları ilə erməni cəmiyyətini əsas hədəflərdən yayındırmaq məqsədini daşıyır.

Bu günlərdə Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyanın rusiyalı həmkarı Sergey Lavrovun danışıqlar prosesindəki sənədlərdə Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə dair müddəaların əksini tapması bəyanatına “Ermənistan Azərbaycana heç bir ərazi güzəştinə getməyəcək” deyə cavab verməsi də Ermənistanın regionada sülhü və sabitliyi pozmağa can atan siyasətini açıqca göstərdi. Bu gün Qərbin demokratiya carçısı qismində çıxış edən bəzi institutlarının hesabatlarında bu ideyanın daşıyıcısı kimi xarakterizə olunan Paşinyan hakimiyyətinin işğalçı imicini hər vəchlə qoruyub saxlamağa çalışması, qeyri-konstruktiv mövqe sərgiləməsinin üzərindən, təəssüf ki, Avropa qurumları nədənsə sükutla keçirlər.

Erməni siyasətçilər hətta ən yaxın tarixi prosesləri belə düzgün təhlil etməkdə aciz olmaqla yanaşı, eyni zamanda, görüşlərin, müzakirələrin nəticələrini danmaqda davam edirlər. Son olaraq, Lavrovun da bəyanatlarının az qala əsassız olduğunu bildirməyə tələsən Mnatsakanyan “torpaq güzəşti olmayacaq” deməklə, daxili auditoriyaya çatdırmaq istəyir ki, bizim Azərbaycan tərəfi ilə heç zaman belə razılaşmamız olmamışdır. Halbuki, Mnatsakanyanın açıqlamasına münasibət bildirən Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentindən Moskvanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin Rusiya, ABŞ və Fransa rəhbərliyi səviyyəsində birgə bəyanatlarda dəfələrlə səsləndirildiyi vurğulanıb: “Bu mövqenin əsasında güc tətbiq olunmaması, ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə prinsipləri daxil olmaqla, Helsinki Yekun aktının əsas prinsipləri dayanır. Bu bəyanatlarda əks olunan nizamlanmanın elementləri sırasında Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması, eləcə də Dağlıq Qarabağın yekun statusunun əhalinin iradəsi yolu ilə müəyyən olunması var.”

Göründüyü kimi, Rusiya XİN-dən gələn bu bəyanat, bir daha erməni diplomatiyasının yalan danışdığını, razılaşmalara əməl etməkdən boyun qaçırdığını, sülhü təhdid etdiyini, Azərbaycanı və hətta Rusiyanın özünü də müharibəyə cəlb etmək istəyini sübut edir. Ermənilər KTMT-nin üzvü kimi, Rusiyanın Ermənistandakı hərbi bazasının olduğunu bildirir və buna görə də, əgər müharibə başlayarsa, güclü Azərbaycan ordusunun qarşısını almaqda KTMT qüvvələrindən də yararlanacağını iddia edirlər. Ermənistanın Rusiyanı bu münaqişəyə cəlb etmək istəyini isə rus siyasətçilər yaxşı anlayır və elə buna görə də, Lavrovun son açıqlamalarında münaqişənin həlli istiqamətində ətraf rayonların boşaldılması məsələsi xatırladılıb. Bir növ rus siyasətçi və strateqlər erməni hiyləgərliyini duyub və onları qabaqlayıblar. Çünki bu gün Rusiya–Azərbaycan əlaqələri özünün ən yüksək dövrlərindən birini yaşayır. Baxmayaraq ki, Rusiyada erməni lobbisinin dəstəyi və maliyyə mənbələri dayanıqlı olsa da, şimal qonşumuzda kifayət qədər ağıllı dövlət adamları və siyasətçilər var ki, reallığı çox gözəl anlayırlar.

Təsadüfi deyil ki, tanınmış rus politoloq, Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov bu məsələ ilə bağlı qeyd edib ki, Rusiya Ermənistanı Dağlıq Qarabağ münaqişənin nizamlanması ilə bağlı tələsdirir. Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyanın Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll planı ilə bağlı bəyanatına “Ermənistan heç bir ərazi güzəştinə getmək fikrində deyil” bəyanatı ilə cavab verməsini şərh edən rusiyalı siyasi ekspert bu bəyanatın Rusiya üçün gözlənilməz olduğunu söyləyib: “Bu nizamlanma modeli 10 ildən çoxdur ki, hazırlanıb. Bu, Kazan formuludur. Həmin sənəddə Ermənistanın Dağlıq Qarabağ ətrafındakı yeddi rayonu Azərbaycana geri qaytarması nəzərdə tutulur. Azərbaycan isə bunun qarşılığında Ermənistan və Dağlıq Qarabağ bölgəsinin iqtisadi blokadasını tam aradan qaldırır. Dağlıq Qarabağın statusu ilə bağlı danışıqlar aparılır. Bununla bərabər, ona təhlükəsizlik zəmanəti verilir... Bütün bunlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanması modelində əksini tapıb.”

Markov əlavə edib ki, Ermənistan baş naziri Nikol Paşinyan bu model üzrə nizamlanmaya razılıq verməkdən qorxur. O, Ermənistandakı radikallardan çəkinir. Qorxur ki, onu devirərlər. Ona görə də bütün məsuliyyəti ilk növbədə Dağlıq Qarabağın erməni icmasının, xüsusilə də yeni “seçilən” rəhbərliyin üzərinə qoymaq istəyir. Rusiya isə indiyə kimi Paşinyanın bu istəyinə anlayışla yanaşıb. Moskva gözləyirdi ki, nəhayət, Qarabağda “seçkilər” keçirilsin, Paşinyanın Qarabağda rəhbərlikdə olan adamları irəli addım atsınlar.

S.Markov Ermənistan XİN rəhbərinin bu bəyanatının məqsədinin, əslində, başqa olduğunu vurğulayıb. O deyib: “Onlar güzəştə getmək barədə bəyanatın İrəvan tərəfindən deyil, Dağlıq Qarabağ tərəfindən səslənməsini istəyirlər. Məncə, Dağlıq Qarabağ tərəfindən belə bir bəyanat əvvəl-axır səslənəcək və bu, guya Qarabağın erməni icmasının öz təşəbbüsü olacaq. Hesab edirəm ki, Ermənistan XİN başçısının məlum bəyanatı erməni tərəfinin son qərarı deyil. Moskva Kazan formulu əsasında hazırlanan sənədi imzalamaq üçün İrəvanı danışıqlar masasına oturda biləcək.”

Paşinyan hakimiyyətinin danışıqlar prosesində belə həyəcanlı davranışları, ciddi səhvlərə yol vermələri həm də hakimiyyəti itirmək qorxusundan qaynaqlanır. Onlar Rusiya tərəfin bu məsələni xatırlatmasını sıradan məsələ kimi düşünmür və hesab edirlər ki, Kreml təcrübəsiz Nikolu devirmək üçün bir ssenari hazırlayıb. Bunu S.Markov da təsdiqləyib: Paşinyan Moskvadan şübhələnir ki, ruslar onu bu güzəştə getməyə ona görə təhrik edir ki, daha sonra Paşinyanın Qarabağ klanından olan rəqibləri, Respublikaçılar Partiyası onu devirsinlər. Paşinyan hesab edir ki, Qarabağ klanı və Respublikaçılar Partiyası Moskvaya yaxındır. Paşinyanın özünü isə Moskva sevmir. Düşünürəm ki, bu fikrin bir hissəsi düzdür. Moskva Paşinyana güvənmir. Həm də ona görə güvənmir ki, o, sözünün üstündə durmur”.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bir qədər başqa cür düşünür. O bildirir ki, Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə həll olunması Madrid prinsiplərinə daxildir və bu təklif yeni deyil. Ümumiyyətlə, ötən əsrin 90-cı illərində də mərhələli həll planı müzakirə olunmuşdu. Rusiyanın bundan əvvəl də bu məsələ ilə bağlı belə açıqlamaları var idi: “Belə ki, Rusiya tərəfi mərhələli həll məsələsi ilə bağlı əvvəllər də bu tip şərhlər verib”.

Lavrov da qeyd etmişdir ki, Ermənistanla 2019-cu ildən bu yana bu istiqamətdə müzakirələr aparılıb. Amma Ermənistan tərəfinin münaqişənin həlli istiqamətində konstruktiv addım atmadığının da şahidi oluruq. Əksinə, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan qeyd etdi ki, hər hansı ərazinin Azərbaycana verilməsi Ermənistan tərəfindən qəbulolunmazdır.

Ümumiyyətlə, “Qarabağ danışıqları”nda uzun illərdir, yeni bir şey yoxdur. Vasitəçilər tərəflərin kompromisə getməsinin vacibliyini vurğulayır, münaqişənin mərhələli nizamlanmasını təklif edirlər, lakin münaqişənin nizamlanmasını “ölü nöqtə”dən tərpətmək mümkün olmur. Minsk qrupunun verdiyi bütün təkliflər kağız üzərində qalıb. Proses 2011-ci il Kazan görüşündən sonra demək olar ki, dondurulub.

Nikol Paşinyanın Baş nazir seçilməsindən sonra isə İrəvan, ümumiyyətlə, bütün razılaşmaların üstündən xətt çəkməyə cəhd edir. O, Koçaryan və Sarkisyanın Ermənistana rəhbərliyi dövründə razılaşdırılmış “Madrid prinsipləri” və “Kazan razılaşması”nda göstərilən 3 prinsip və 6 elementlə bağlı sənədə heç bir halda imza atmayacağını bəyan edib.

Bu gün Ermənistan bütün regioanal iqtisadi layihələrdən təcrid olunub. Onlar yeni savaşın alovlanması üçün bütün addımları atırlar. Bu da regional enerji layihələri üçün təhlükə anlamına gəlir. İstər Qərb, istər həmsədr ölkələr, istərsə də regional dövlətlər olan Türkiyə və İran təhlükənin nə dərəcədə real olduğunu, nəhayət ki, anlamalıdırlar. Hər nəticəsiz görüş sülh variantına inamı azaldır. Bu baxımdan, ATƏT-in Minsk qrupu Qarabağ nizamlanması ilə bağlı hansısa addımlar atmaq məcburiyyətindədir. Danışıqların dayanması, yaxud nəticəsiz başa çatması Minsk qrupunun nüfuzunun tamamilə itirilməsinə və bölgədə irirmiqyaslı toqquşmalara gətirib çıxara bilər. Ermənilər onu da yaxşı anlayırlar ki, Azərbaycan Ordusu əməliyyatlara başlasa, bunun qarşısını almaq onlar üçün mümkün olmayacaq. Lakin Paşinyan komandası hətta ciddi dağıntılar olsa belə, regionda sülhü və sabitliyi pozmaq, erməni cəmiyyətinin onları ifşa etməsinin qarşısını almaq üçün hər cür avantüraya getməkdən çəkinmir.

Anar TURAN,“Xalq qəzeti”

29 Aprel 2020 23:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə