Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalqı təhlükədən qoruyan Prezident!

Vətəndaşlar ölkə başçısına dəstəklərini bildirirlər

Bu gün Azərbaycan hökumətinin atdığı bütün addımlar hər yerdə yüksək qiymətləndirilir. Düşünülmüş və vaxtında atılmış addımların Azərbaycanda koronavirusla mübarizə prosesinin uğurla idarə olunmasına imkan verməsi artıq hamıya məlumdur. Karantin, təhsil müəssisələrinin bağlanması, sosial təcrid, kütləvi tədbirlərin ləğvi – bütün bunlar ölkədəki vəziyyətə müsbət təsir göstərdi və sanitar-epidemioloji vəziyyətin ciddi şəkildə nəzarət altına alınmasına şərait yaratdı. Statistik rəqəmlərdən də göründüyü kimi, Azərbaycanda xəstəliyi lokallaşdırmaq mümkün oldu. Bu uğurun memarı Prezident İlham Əliyevdir. Məhz onun operativ şəkildə qəbul etdiyi qərarları və hökumətə verdiyi tapşırıqları Azərbaycanı korona­virus bəlasından uzaq tutmağa imkan verdi.

Hazırda bir çox digər ölkələrlə müqayisədə Azərbaycan koronavirus pandemiyasının yayılmasına qarşı daha səmərəli mübarizə aparır. Hökumət kifayət qədər sürətli və enerjili tədbirlər həyata keçirir. İlk yayılma dalğasının qarşısını almağa, virusun ölkə ərazisinə nəzarətsiz keçməsinə imkan verməməklə Azərbaycan hökuməti sanitar-epidemioloji vəziyyəti nəzarət altına almağı bacardı. Bundan başqa, Azərbaycanda özünütəcridlə bağlı karantin tədbirlərinin uğurla tətbiq edilməsi hadisələrin sonrakı inkişafını müsbət məcraya istiqamətləndirməyə imkan verdi. Bütün bunlar, əlbəttə ki, ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir. Prezi­dent İlham Əliyevin tapşırığı ilə həyata keçirilən genişmiqyaslı yardım proq­ramlarını, eləcə də, ölkənin bu bəla ilə mübarizədə daha az itkilərlə üzləşməsini alqışlayır, ölkə başçısının bütün addımları­nı ürəkdən dəstəklədiklərini bildirirlər.

Sumqayıt şəhəri, Qubadlı rayon Sa­ray kənd tam orta məktəbinin müəllimi Zülfiyyə Məmmədova məktubunda bütün dünyanı dəhşətə gətirən COVID-19 pan­demiyası ilə əlaqədar Prezidentin həyata keçirdiyi tədbirlərin onun xalqımıza olan məhəbbətinin və sevgisinin təzahürü oldu­ğunu vurğulayır: “Azərbaycan koronavirus­la mübarizədə ağır nəticələrlə üzləşmədi. Bu da Sizin ulu öndər Heydər Əliyev məktəbindən öyrəndiyiniz dərin siyasi, diplomatik biliyiniz və vətənsevərliyiniz sayəsində mümkün oldu”.

Aztəminatlı ailələrə verilən müavinətlərin, koronavirus xəstələrinin dövlət hesabına müalicəsinin, əhalinin həssas qrupuna aid olan tələbələrin təhsil haqlarının dövlət hesabına ödənilməsinin, kommunal ödənişlərə edilən güzəştlərin insanların Prezident İlham Əliyevə inamını daha da artırdığını bildirən Z.Məmmədova yazır: “Sizin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqa ünvanlanan doğma və qayğıkeş müraciətləriniz, həqiqətən, bizim birlikdə güclü olduğumuzu sübut etdi”.

Yeni tipli koronavirus, şübhəsiz ki, bütün dünya üçün bir çağırışdır və hər bir dövlət öz vətəndaşlarını qorumaq üçün böhran şəraitində öz idarəçilik qabiliyyətini və işgüzarlığını nümayiş etdirir. Dövlətin səmərəliliyi və xalqın etimadı da uğur­lu gələcəyə ən mühüm töhfədir. Məhz yüksək idarəçilik qabiliyyətini nümayiş etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı isla­hatlar və tədbirlər də ilk növbədə ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırıl­masına yönəldilmişdir.

Hacıqabul rayon sakini Nazim Zeynalov ölkə başçısına məktubunda bu faktlara toxunaraq dünyanı çənginə alan koronavirus pandemiyasının ölkəmizə təsirinin azaldılması istiqamətində Pre­zidentin müdrik və uzaqgörən siyasəti nəticəsində çox mühüm işlər görüldüyünü yazır: “Sizin “Mənim üçün Azərbaycan vətəndaşının sağlamlığının qorunması, onun təhlükəsizliyinin təmin olunma­sı hər şeydən üstündür” sözləriniz öz xalqının taleyinə ürəkdən yanan müdrik rəhbər, dövlət başçısı kimi çətin gündə Azərbaycanın hər bir vətəndaşına sevgi­nizi, qayğınızı ifadə edir”. Məktub müəllifi daha sonra əlavə edir: “Bütün bunlar sübut edir ki, apardığınız uğurlu siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahı dayanır. Xalqımızın sağlam­lığı, təhlükəsizliyi naminə göstərdiyiniz fədakarlığa, yüksək qayğıya görə rayo­numuzun sakinləri adından Sizə təşəkkür edirik”.

Fərəhləndirici faktdır ki, Azərbaycan dövləti yalnız öz resursları hesabına pan­demiyaya qarşı mübarizə üzrə səmərəli tədbirlər planı həyata keçirir, iqtisadiyyatın bütün sahələrinə dövlət dəstəyini təmin edir. Bunlara iş yerlərinin qorunması, koronavirus pandemiyasından zərər görən fərdi sahibkarlara maliyyə dəstəyi, o cümlədən vergi güzəştləri və digər güzəştlər verməklə sahibkarların vergi yükünü yüngülləşdirmək, kreditləri stimul­laşdırmaq və ən əsası əhaliyə birbaşa sosial dəstək göstərmək kimi tədbirlər daxildir. Bununla bağlı, Ağstafa rayonu, Köçəsgər kəndinin sakinləri Həzrətəli İbrahimov və Qətibə İbrahimova yazırlar ki, Prezident İlham Əliyev dünyanı bürüyən və böyük tələfatlara səbəb olan koronavi­rus pandemiyasına qarşı çevik və vaxtında qabaqlayıcı tədbirlər həyata keçirməklə vətəndaşlarımızın yanında olduğunu bir daha sübut etdi: “Son günlər əhalinin aztəminatlı hissəsinin sosial rifahının yax­şılaşdırılması üçün imzaladığınız məlum sərəncamlara görə Sizə minnətdarlığımı bildirirəm. Ulu Tanrı Sizi, ailənizi və övlad­larınızı qorusun!”.

Məktub müəllifləri ürəkdən inandıqlarını açıqlayırlar ki, ölkə başçısının həyata keçir­diyi tədbirlər sayəsində xalqımız tezliklə bu ağır xəstəlikdən ən az itki ilə qurtulacaqdır. Tovuz rayonu,Yanıqlı kənd sakini Razim Qocayev də belə güclü dövlət yaratdığına görə ölkə başısına minnətdarlığını ifadə edir: “COVİD-19 pandemiyasının dünya­da səhiyyəni və sosial durumu iflic etdiyi bir vaxta Siz sübut etdiniz ki, həqiqətən də Azərbaycan güclü dövlətdir. Neftin kəskin ucuzlaşdığı bir zamanda Siz sosial vəziyyəti zəif olan vətəndaşlara birdəfəlik ödənişin edilməsi, xalqının rifahının yax­şılaşdırılması ilə bağlı tapşırıqlar verdi­niz. Siz bir daha yenə sübut etdiniz ki, ölkəmizin neftdən asılılığı azalıb”.

Artıq heç kimə sirr deyil ki, Azərbaycan rəhbərliyi vətəndaşlarının sağlamlığını və təhlükəsizliyini qorumaq üçün vaxtında tədbirlər gördü. Üstəlik, görülən bütün tədbirlərin strategiyası pandemiyanın nəticələrinin milli iqtisadiyyata mənfi təsirini azaltmaq, o cümlədən pandemiyadan son­ra iqtisadiyyatın inkişafı üçün münbit şəraiti təmin etmək məqsədi daşıyır.

Prezident İlham Əliyevin uğurları Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də yüksək qiymətləndirilir, pandemiyaya qarşı həyata keçirilən tədbirlərlə əlaqədar Azərbaycan nümunəvi ölkə kimi göstərilir. Ölkə vətəndaşları da bu uğurun əldə edilməsində Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildirirlər.

Bakı, şəhəri Xəzər rayon sakinləri Mehman Mehtiyev və Adil Xaliqov ya­zırlar: “Sizin tərəfinizdən görülən qabaq­layıcı tədbirlər pandemiya bəlasına qarşı çox səmərəli oldu. Bu virus heç kimin gözləmədiyi anda ortaya çıxdı. Lakin hər kəsin gözlədiyi kimi, Siz bu çətinliyə də etibarlı sipər oldunuz, xalqımızı qorudunuz, ölkəmizi böyük bir təhlükədən xilas etdi­niz”. Ağdam rayon sakini Kərim Novruzov isə Azərbaycan vətəndaşlarını bütün dün­yanı bürümüş pandemiyanın fəsadlarından qorumaq üçün ölkə başçısının gördüyü təqdirəlayiq tədbirlərin alqışlandığını vurğu­layaq əlavə edir: “Bu gün bütün xalqımızın vətəndaşlıq nümunəsi göstərməsi günüdür. Hər kəs əlindən gələni mövcud şəraitə uy­ğun olaraq ən yaxşı şəkildə və keyfiyyətlə yerinə yetirməlidir”.

Digər vətəndaşlarımız – Bakı şəhəri, Nərimanov rayon sakini Bəylər Əzimov, Şəmkir rayonu, Dağ Çəyir kəndində məskunlaşmış məcburi köçkün Müslüm Ağaliyev, Salyan şəhər sakini Cavid Səmədli dövlət başçısına ünvanladıq­ları məktublarında bu çətin zamanlarda xalqın yanında olduğuna, koronavirus­la mübarizədə çox önəmli qabaqlayıcı tədbirlər həyata keçirdiyinə, əhalinin sağlamlığının və təhlükəsizliyinin qorunma­sı məqsədilə zəruri preventiv və profilaktik işlər gördüyünə, Azərbaycanın əldə etdiyi uğurların əsas təminatçısı insan kapitalına, xüsusilə də yüksək peşə vərdişlərinə və əqli potensiala malik gənclərə göstərilən diqqət və dəstəyə görə təşəkkürlərini bildirirlər.

Şamaxı rayon sakini, M.Hadi adına 9 saylı məktəbin VI sinif şagirdi Aytən Ədilova və Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyanın 8 «b» sinif şagirdi Elşad Qüdrətli göndərdikləri məktublarda dövlət başçısına səmimi münasibətlərini bildirirlər. A.Ədilova yazır: “Əvvəla dünyada, eləcə də, Azərbaycanda yayılmış koronavirus infeksiyasına qarşı ölkəmizdə görülən işlərə görə Sizə “Çox sağ olun!” demək istəyirəm. Sizin sayənizdə respublikamızda bu virusun qarşısı vaxtında alındı. Siz biz uşaqları qo­rumaq üçün dərsləri dayandırdınız. Lakin evdə qalsaq da, təhsildən, dərslərimizdən geri qalmırıq. Mən bilirəm ki, Siz uşaqları çox sevirsiniz. Mən də Sizi çox sevirəm. Bu sevgimi beş yaşından iştirak etdiyim bütün tədbirlərdə ümummilli liderimiz Heydər Əliyevə və Sizə həsr olunmuş şeirləri bö­yük həvəslə söyləməklə bildirirəm”.

Bir sözlə, pandemiyanın nəticələrinin mənfi təsirinin qarşısının alınması üçün tədbirlərin həyata keçirilməsi işində Azərbaycan, şübhəsiz, ciddi uğurlara imza atdı. Müvəffəqiyyətin açarı da ölkə rəhbərliyinin təcrübəsi, atılmış qabaq­layıcı tədbirlər, cəmiyyətin Prezident ətrafında birləşməsi, ortaq məqsədlərin dərk edilməsində hakimiyyət orqanları­nın, izgüzar dairələrin və vətəndaşların müştərək işbirliyi oldu. Hakimiyyətin və bütün ölkə vətəndaşlarının təhlükə qarşısında həmrəylik nümayiş etdirməsi yalnız birgə səylər sayəsində çətinliklərin öhdəsindən gəlməyin mümkün oldu­ğunu bir daha təsdiqlədi. Prezident İlham Əliyevə xalqın güclü dəstək verməsi, vətəndaşların ölkə başçısının Azərbaycanın inkişafına yönəlmiş addım­larını yüksək qiymətləndirməsi pandemiya ilə mübarizədən Vətənimizin daha böyük uğurlarla çıxmasına inamı gücləndirir.

Hazırladı:
Səbuhi MƏMMƏDOV, “Xalq qəzeti”

28 Aprel 2020 23:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə