Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BVF Azərbaycanın region ölkələri arasında pandemiyadan ən az itkilərlə çıxacağını proqnozlaşdırır

Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya regionu üzrə verdiyi yeni proqnoza əsasən, bu il sözügedən region ölkələrinin Ümumi Daxili Məhsulu (ÜDM) 2,8 faiz azala­caq. BVF-nin “World Economic Outlook” hesabatında daha sonra bildirilir ki, regionun təkcə neft ixrac edən ölkələrinin iqtisadiyyatları ortalama 3,9 faiz kiçiləcək. ÜDM-nin ən kəskin azalması isə İran və Əlcəzairdə gözlənilir. BVF-nin proqnozuna görə, kiçilmə müvafiq olaraq, 6 faiz və 5,2 faiz səviyyəsində olacaq. Hesabatda, həmçinin, vurğulanır ki, Orta Şərq və Mərkəzi Asiya regionunun neft ixracatçıları sırasında ÜDM-i ən az təsirlənən Küveyt, Azərbaycan və Türkmənistan olacaq. BVF-nin proqnozuna görə, cari il Küveyt və Azərbaycanın iqtisadiyyatı müvafiq olaraq 1,1 faiz və 2,2 faiz azalacaq, Türkmənistan iqtisadiyyatı isə 1,8 faiz artacaq.

Azərbaycanın adı şəkilən region ölkələri arasında pandemiyadan ən az itkilərlə çıxacağının proqnozlaş­dırılması təsadüfi deyil. Milli Məclisin deputatı Vüqar Bayramovun bildirdiyinə görə, koronavirus praktik olaraq qlobal iqtisadiyyatda şok effekti yaradan bir pandemiyadır. İlkin qiymətləndirmələrə görə, onun qlobal iqtisadiyyata mənfi təsirləri 3 trilyon dollardan çoxdur. Azərbaycanda da bu xəstəliyin iqtisa­diyyatın fərqli sektorlarına təsiri özünü göstərir. Buna görə Azərbaycan pande­miyaya çevik reaksiya verir və korona­virusun təsirlərini minimumlaşdırmaqla bağlı operativ tədbirlər həyata keçirir.

İqtisadi İslahatların Təhlili və Kom­munikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının sözlərinə görə, Yaxın Şərq və Mərkəzi Asiyanın neft-qaz ixrac edən 11 ölkəsinin içərisində Azərbaycan iqtisadiyyatı pandemiyadan ən az zərər çəkənlərin ilk üçlüyündədir: “Azərbaycan da “OPEC+” çərçivəsində neft hasilatını azaldır və aşağı neft qiymətlərindən itirir, lakin, Prezident İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft sənayesinin sürətli artımı və hökumətin effektiv anti-böhran tədbirləri hesabına ölkəmizdə iqtisadi tənəzzülün qarşısı daha səmərəli alınır. Təkcə onu demək kifayətdir ki, postsovet məkanında pan­demiyadan əvvəl və sonra Beynəlxalq Valyuta Fondunun verdiyi iqtisadi artım proqnozları arasındakı ən az fərq olan ölkələrdən biri Azərbaycandır. Yəni, pandemiya başqalarına nisbətən bizim iqtisadi artıma daha az təsir edib. Çünki ölkəmizdə pandemiya ilə mübarizə büdcəsi, təxminən, 3,5 milyard manat təşkil edir və vaxtında anti-böhran tədbirləri müəyyənləşdirilib, eyni za­manda, manatın sabitliyi üçün 3 milyard manatdan çox vəsaitlə valyuta bazarına müdaxilə edilib. Postsovet məkanında yeganə olaraq Azərbaycan hökuməti milli valyutanın sabitliyini təmin etməklə əsas riskləri öz üzərinə götürüb və makroiqtisadi sabitliyi qoruyub. Yeri gəlmişkən, pandemiyanın təsiri ilə neft ixrac edən və tam üzən rejimə malik bütün ölkələrin valyutası devalvasiyaya uğrayıb”.

Azərbaycan Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə vi­deobağlantı formatında keçirilən iclasda bildirib ki, pandemiya şəraitində ölkədə vəziyyət nəzarətdə saxlanılır. Təbii ki, bu dövrdə insanların sağlamlığı, sosial müdafiəsi prioritetdir. Eyni zamanda, iqtisadi sahə də diqqətdən kənar deyil. Çünki əgər güclü iqtisadi imkanlar olma­sa, sosial siyasət uğurla aparıla bilməz. Ona görə də pandemiyadan yaranan fəsadların aradan qaldırılmasına böyük maliyyə vəsaiti tələb edilir. Bunun üçün isə hazırda düşünülmüş qərarlar qəbul olunur, ehtiyat maliyyə imkanları araş­dırılır.

İndiki mövcud reallıq Azərbaycan dövlətinin neqativ tendensiyaları vax­tında qarşılamaq, zamanın istənilən çağırışına cavab vermək iqtidarında və əzmində olduğunu göstərir. Dövlətimiz məhz zəruri iqtisadi və maliyyə im­kanlarına arxalanaraq, belə çətin, ağır şəraitdə xalqın rifahının qorunmasına, habelə, özəl sektorun inkişafına öz dəstəyini göstərir.

Hazırda ölkədə pandemiyadan zərər çəkən sahibkarlıq subyektlərinə tezliklə vergi sahəsində müvafiq təşviqlərin verilməsi nəzərdə tutulur. Bununla bağlı Vergi Məcəlləsində dəyişikliklərə dair qanun layihəsi hazırlanıb. Dəyişikliklər sahibkarlıq subyektləri, biznes icma­ları və aidiyyəti dövlət orqanlarının nümayəndələri ilə geniş müzakirə edilib, biznesin tələbləri və istəkləri nəzərə alınıb və müvafiq qanun layihəsi Milli Məclisə təqdim olunub.

Pandemiyadan zərər çəkən sahibkar­lıq fəaliyyəti sahələrinə şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyətini həyata keçirən subyektlər, yerləşdirmə vasitələri hesab olunan mehmanxana, otel, hostel kimi təsərrüfatlar, ictimai iaşə fəaliyyəti, sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, te­atr, muzey və konsert zallarının fəaliyyəti və s. misal göstərilə bilər. Həmçinin, tədris müəssisələri, o cümlədən, məktəbəqədər təhsil müəssisələri, hazırlıq mərkəzləri də zərər çəkən müəssisələr kimi müəyyənləşdirilib.

Qanun layihəsində pendemiya­dan bilavasitə zərər çəkən sahələr üzrə əmlak və torpaq vergiləri üzrə 2020-ci il üçün vergidən tam azadol­ma, mənfəət vergisi üzrə isə 75 faizlik güzəşt nəzərdə tutulur. Qeyd olunan azadolmalarla yanaşı, spesifik sahələr üzrə mövcud olan vergi rejimləri nəzərə alınmaqla xüsusi güzəştlər təklif edilir.

Ölkə daxilində sərnişindaşıma fəaliyyəti həyata keçirən subyektlər, habelə istimai iaşə fəaliyyəti göstərən subyektlər üçün sadələşdirilmiş verginin xüsusi rejimi mövcuddur. Həmin hü­quqdan istifadə edən sahibkarlar üçün də sadələşdirilmiş verginin dərəcəsi 50 faiz azaldılacaq. Pandemiyadan zərər çəkən sahibkarlıq subyektlərinin iqtisadi aktivliyinin kifayət qədər aşağı düşdüyü, Nazirlər Kabineti yanında operativ qərargahın qərarları əsasında bu sahələrdə fəaliyyətin məhdudlaşdığı nəzərə alınaraq, həmin fəaliyyət sahələri üzrə sahibkarlıq subyektləri tərəfindən 2020-ci ildə 2019-cu ilin nəticələrinə görə cari vergi ödəmələrinin təxirə salın­ması və 2020-ci ildə bütövlükdə mənfəət (gəlir) vergisi üzrə arayışların verilməsi və ödəmələrin həyata keçirilməsinin ləğv edilməsi təklif olunur. Digər tərəfdən, sahibkarlıq subyektlərinin 2019-cu ilin nəticələri üzrə mənfəət (gəlir) vergisinin bəyannamələrinin təqdim olunması və ödənişlərin edilməsinin də 1 sentyabr 2020-ci ilədək təxirə salınması nəzərdə tutulur.

Vergi Məcəlləsinə dəyişikliklər layihəsində mikro sahibkarlıq subyektləri ilə bağlı müddəalar da yer alır. Layihəyə əsasən, mikro sahib­karlıq subyektlərinin sadələşdirilmiş vergi öhdəlikləri 50 faiz aşağı salı­nacaq. Həmin subyektlər tərəfindən 2020-ci ilin birinci və ikinci rübü üzrə sadələşdirilmiş, mənfəət (gəlir) və əmlak vergiləri üzrə hesabatların verilməsi və hesablanmış verginin büdcəyə ödənilməsinə də 1 sentyabr 2020-ci il tarixinə kimi tətil verilməsi nəzərdə tutulur.

Bu gün məşğulluğa, özünüməşğulluq proqramlarının genişləndirilməsinə xüsusi dəstək verilməsi də Azərbaycanın pande­miyadan ən az itkilərlə çıxmasını şərtləndirən amillərdən biri olacaq. Çünki məşğulluğun diqqətdə saxlanıl­ması, yeni iş yerlərinin yaradılması, həm də iqtisadi fəallığın gücləndirilməsi deməkdir. Dövlətimizin başçısının 2020-ci il 19 mart tarixli sərəncamının icrası ilə bağlı təsdiqlənən Tədbirlər Planında da məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbirin əksini tapması bunun bariz ifadəsidir. Xatırladaq ki, bu il aprelin 17-də Azərbaycan Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb.

Dövlət və qeyri-dövlət sekto­ru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü tədbirlər görülməsi də Azərbaycanın pandemiyadan ən az itkilərlə çıxması məqsədi daşıyır.

Yeri gəlmişkən, xatırladaq ki, ümumilikdə 1 milyon 629 min işçinin, o cümlədən, dövlət sektoru üzrə 910 min, özəl sektor üzrə 719 min işçinin əməkhaqqı saxlanılmaqla məşğulluğu təmin edilib. Qeyri-dövlət sektorunda iş yerlərinin qorunması, xüsusilə də əmək müqavilələrinin bağlanılması ciddi nəzarətə götürülüb. Bunun nəticəsidir ki, əmək müqavilələrinin sayında aprelin 1-dən etibarən 55 minlik, yanvarın 1-i ilə müqayisədə isə 77 minlik artıma nail olunub.

Bununla yanaşı, koronavirus pan­demiyasından zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərə və fərdi (mik­ro) sahibkarlara maliyyə dəstəyi göstərilir. Pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində çalışan, əmək müqaviləsi olan 300 min muzdlu işçinin əməkhaqlarının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən 215 milyon manat maliyyə dəstəyi nəzərdə tutulur. Həmçinin, COVID-19 pandemiyasının zərər vurduğu fəaliyyət sahələrində sahib­karlıq fəaliyyəti göstərən 300 min fərdi sahibkara dövlət tərəfindən 80 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsi planlaşdırılır.

Prezident İlham Əliyev son çıxışları­nın birində vurğulayıb ki, vaxt amilinin, həkimlərin peşəkarlığının və mövcud imkanların vəhdəti Azərbaycanın az itkilərlə bu vəziyyətdən çıxmasına şərait yaradır. Hazırda Azərbaycanda 20-dən çox xəstəxanada koronavirus xəstələri müalicə alırlar. Ən müasir xəstəxanalar koronavirus xəstələrinin müalicəsi ilə məşğuldur. Cəmi bir ay ərzində mindən çox çarpayılıq, ən müasir standartla­ra uyğun tibbi müəssisələr istifadəyə verilib və orada koronavirus xəstələrinin müalicəsi aparılır.

Burada mühüm bir məqam da xa­tırladılmalıdır. Belə ki, hazırda ölkəmiz pandemiya ilə mübarizəni demək olar ki, öz vəsaiti hesabına həyata keçi­rir. Bununla da Azərbaycan yeni bir nümunə yaradır və artıq bütün dün­ya respublikamızın bu nümunəsini öyrənməyə çalışır.

Bütün bunlar isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bu ağır sınaqdan daha az itki ilə çıxacağı­na əminlik yaradır.

V.BAYRAMOV, “Xalq qəzeti”

28 Aprel 2020 23:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə