Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qətərdə iqtisadiyyatı tənəzzüldən qorumaq üçün tədbirlər görülür

Qətər Əmiri Təmim bin Həməd Al Tani hökumətə son vaxtlar ölkədə elektrik enerjisi qiymətlərində qalxıb-enmələr fonunda iqti­sadiyyatı dəstəkləmək üçün ciddi addımlar atmağı tapşırıb. Bu barədə Dohadakı rəsmi mənbələrə istinadən “Anadolu” agentliyi məlumat yayıb.

Qeyd etmək lazımdır ki, zəngin təbii qaz ehtiyatla­rına sahib ölkələrdən biri olan Qətər dövlətində Yer kürəsinin hər yerində oldu­ğu kimi, yeni koronavirus təhlükəsi ilə bağlı karantin tədbirləri həyata keçirilir. Dünyada neftə, təbii qaza olan tələbatın kəskin azal­ması isə, təbii ki, Qətərin iqtisadiyyatına mənfi təsir göstərir.

Qətər Əmiri dünən televiziya ilə xalqa müraciət etmiş, pandemiyaya qar­şı mübarizədə görülən hərtərəfli işlərdən danışmış­dır. Dövlət başçısı bildirmişdir ki, COVİD-19 ilə mübarizə üçün dövlət büdcəsindən kifayət qədər maliyyə vəsaiti ayrılmışdır. Hazırda özəl sek­tora böyük həcmdə maliyyə yardımı göstərilir.

Qətər Əmiri əhalini müqəddəs Ramazan ayının başlanması münasibətilə təbrik edib və insanları bu əziz günlərdə sosial izolyasi­ya tələblərinə əməl etməyə çağırıb və bir-birlərinə qarşı diqqətli və mərhəmətli olma­ğa səsləyib.

Yeri gəlmişkən, dünən Türkiyə Prezidenti R.T.Ərdoğan Qətərin dövlət başçısı ilə telefonla danı­şıb. Liderlər pandemiya ilə mübarizədə ikitərəfli və qlobal səviyyədə səylərin artırılmasının vacib olduğunu qeyd ediblər.

Sonda bildirək ki, Qətər ilə Türkiyə strateji tərəfdaş dövlətlərdir. Son illər iki ölkə arasında siyasi, iqtisadi, hərbi əlaqələr xeyli güclənmişdir.

M.HACIXANLI, “Xalq qəzeti”

26 Aprel 2020 18:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə