Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı-Sumqayıt yolunun genişləndirilməsi yekunlaşmaqdadır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin media açıqlamasında bildirilib ki, aparılan yenidənqurma işləri çəçivəsində hazırda magistral yolun Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından keçən hissəsində mövcud olan süni təpəciklər sökülüb və yolun hər iki istiqaməti üzrə 1 hərəkət zolağı enində genişləndirilmə işləri aparılır:

“Artıq genişləndirilən hərəkət zolaqlarında asfalt döşənir. Analoji işlər sözügedən ərazidə yerləşən yol ötürücüsündə də aparılır. Körpüdə əlavə svayəsaslı özül üzərində dayaq inşa olunmaqla sağ və sol istiqamətdə əlavə 1 hərəkət hissəsi yaradılıb. Bundan başqa, magistral yolun, təqribən, 8-ci kilometrliyində yerləşən və dəmir yolu üzərində inşa olunan yol ötürücüsünün alt hissəsində 2 hərəkət zolaqlı yeni geridönmə hissəsi yaradılır. Yeni yol hissənin yaradılması ilə uzun məsafə qət edib geridönmə əməliyyatını “Xırdalan dairəsi”ndən etməyə lüzum qalmayacaq. Bu isə öz növbəsində, “Xırdalan dairəsi” ətrafında yaşanan tıxac və ləngimələrin aradan qaldırılmasına müsbət təsir edəcək”.

Daha sonra qeyd edilib ki, layihəyə əsasən, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7-ci km-də, Bakı Beynəlxalq Avtovağzal kompleksi ilə metronun “Avtovağzal” stansiyası arasındakı ərazidə süni yaradılan, magistral yolun hərəkət hissəsinin daralmasına səbəb olan “təpəcik” ləğv edilərək yerində sürət-keçid zolağı salınır:

“Əsas yolun hərəkət hissəsi genişləndirilərək zolaqlarının sayı 4-ə çatdırılacaq. Eyni zamanda, Sumqayıt istiqamətindən hərəkət edən avtonəqliyyat vasitələrinin Biləcəri qəsəbəsinə daxil olmaları üçün Bakı Dairəvi-1 avtomobil yolu istiqamətində hərəkət edən nəqliyyat vasitələri ilə bərabər uzun məsafə qət etmədən və ərazidə əlavə sıxlıq yaradılmadan “buta şəkilli adacıq” vasitəsi ilə sola dönmə yeri təşkil olunacaq. Bundan başqa, Bakı Beynəlxalq Avtovağzal kompleksinin və “Avtovağzal” metro stansiyasının ərazisindən keçərək yolötürücü vasitəsi ilə Bakı Dairəvi-1 avtomobil yolu istiqamətində hərəkət edən avtomobillərin hərəkət şiddətinin yüksək olduğu üçün həmin ərazinin sağ tərəfi genişləndirilməklə nəqliyyat vasitələrinin hərəkətinin səmərəli təşkili və hərəkət iştirakçılarının təhlükəsizliyi təmin olunacaq”.

R.TAHİR,
“Xalq qəzeti”

25 Aprel 2020 12:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə