Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Məclisdə autizm, şəkərli diabet və əlilliyin təyini müzakirə edilib

Cəmiyyəti narahat edən problemləri Milli Məclisdəki illik hesabat məruzəsində əks etdirən, təkliflər irəli sürən ombudsman Səbinə Əliyevanın fəaliyyətini yüksək qiymətləndirməklə yanaşı onun qaldırdığı bir sıra məsələlərin öz həllini tapması istiqamətində müvafiq qurumlara çağırış edən Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib:

“Autizm sindromlu uşaqların problemlərinin həlli prioritet məsələ olaraq qalmaqdadır. Ölkəmizin birinci vitse-Prezidenti Mehriban xanım Əliyevaya xüsusi təşəkkürümüzü bildiririk ki, Autizm sindromlu uşaqların problemləri daim Heydər Əliyev Fondunun diqqətində olmuş, bu sahədə əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Mehriban xanım Əliyevanın autizm sindromlu uşaqlara dəstək və qayğısını xüsusi vurğulayaraq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2019-cu il üzrə məruzəsində də autizm sindromlu uşaqların prolemlərini həlli istiqamətində irəli sürülən təklifləri də dəstəkləyərək bu məsələni bir neçə dəfə Milli Məclisdə qaldıran və təkliflərlə çıxış edən bir deputat olaraq müvafiq qurumları bu məsələyə daha çox diqqət ayırmağa çağırıram.”

Deputat Q.Paşayeva Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (ombudsmanın) 2019-cu il üzrə məruzəsində şəkərli diabet xəstələri ilə bağlı qaldırılan məsələləri, təklifləri dəstəklədiyini də bildirib. “Hər ay xeyli sayda şəkərli diabet xəstələrindən müraciətlər alırıq” – deyən Q.Paşayeva bildirib ki, ombudsmanın 2019-cu il üzrə məruzəsində vurğuladığı məsələ – “şəkərli diabet xəstələrinin dərman preparatları, özününəzarət vasitələri və digər ləvazimatlarla təminatı üzrə tədbirlər daha da gücləndirilməli, dispanser qeydiyyatında olan hər bir xəstənin şəkərsalıcı dərman preparatları ilə vaxtında və tələb olunan həcmdə təmin edilməsi məqsədilə sahə tibb müəssisələrinə mərkəzləşdirilmiş qaydada şəkərsalıcı dərman preparatları və özünənəzarət vasitələri verilərkən xəstələrin sayı və dərmanların bölüşdürülməsi düzgün planlaşdırılması, ünvanlılıq prinsipi nəzərə alınmalıdır” – öz həllini tapmalıdır.

Q.Paşayeva eyni zamanda bildirib ki, bir sıra vətəndaşlarımız tərəfindən əlilliyin təyin ediməsi və qiymətləndirilməsi ilə bağlı bir sıra hallarda tibb müəssisələri tərəfindən rəsmiləşdirilmiş müvafiq göndərişlərdə (forma-88) qeyri peşəkarlıq və laqeyd münasibət nəticəsində vətəndaşın səhhətinin tam və ətraflı şəkildə əks etdirilməməsi, ekspertiza üçün əhəmiyyətlli olan tibbi məlumatların qeyd olunmaması, diaqnoz və ağırlaşmaların düzgün formalaşdırılmaması səbəbindən əlillik ala bilməyiblər. Araşdırmalar zamanı bəzi hallarda vətəndaşların bu məsələdə haqlı olduğu üzə çıxır. Ona görə biz tibb müəssisələrini ombudsmanın 2019-cu il üzrə məruzəsində də qeyd edildiyi kimi bu məsələlərdə xüsusi diqqətli olmağa çağırırıq. Çünki onların bu məsələdə kiçik bir xətası bir vətəndaşın əlillik ala bilməsi hüquqlarının pozulmasına gətirib çıxara bilir ki, bu da onun sosial vəziyyətinə ciddi təsir göstərir.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

25 Aprel 2020 11:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə