Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağdamda humanitar aksiyalar davam edir

Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi xüsusi karantin rejiminin tələb və tövsiyyələrinə Ağdam rayonunun yaşayış məntəqələrində də ciddi əməl olunur. Rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndələr koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin gerçəkləşdirdiyi antipandemiya tədbirlərini və dövlət başçısının hər yerdə sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrini ardıcıl icra etmək üçün gücləndirilmiş iş şəraitində çalışırlar. 
Ağdam RİH-dən aldığımız onlayn məlumatda bildirilir ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi, rayonda xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması üçün Rayon icra hakimiyyəti başçısı aparatının, inzibati ərazi nümayəndəlikərinin, bələdiyyələrin nümayəndələrindən ibarət 2-3 nəfərlik 35 mobil qrup yaradılıb. 
Operativ qərargahın qərarına uyğun olaraq, rayonda bütün park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədi ilə giriş məhdudlaşdırılıb. Bütün ictimai obyektlər, binaların, evlərin girişləri, yollar və keçidlər ardıcıl olaraq dezinfeksiya edilir. Rayonun ­yaşayış məntəqələrində ahıl, kimsəsiz və daha çox ehtiyacı olan insanlara vaxtaşırı baş çəkilir, onlara ərzaq yardımı göstərilir. Bu günə qədər rayon ərazisində və digər rayonlarda məskunlaşan ağdamlı məcburi köçkünlərdən daha çox ehtiyacı olanlara 2 mindən çox ərzaq bağlaması göndərilib. Gündəlik olaraq bu yardım davam etdirilir. Hər gün orta hesabla 50-60 ailəyə baş çəkilir, onlara ərzaq bağlamaları paylanılır.
Rayon rəhbərliyinin təşəbbüsü ilə bu günlərdə Quzanlı qəsəbəsində fəaliyyət göstərən “Ağdam market”də “Ehtiyacın var götür, imkanın var əlavə et” aksiyası keçirilir. Burada imkansız, ehtiyacı olan sakinlərin pulsuz ərzaq əldə etməsinə yardımçı olurlar. Aksiyanın məqsədi aztəminatlı ailələri, kimsəsiz və tənha həmvətənləri pulsuz ərzaqla təmin etməkdir. İndi bir çox ailələr, vətəndaşlar bu xeyirxah təşəbbüsdən bəhrələnirlər.
Məlumatın sonunda bildirilir ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna Ağdam Rayon İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndələr 45 min 750 manat vəsait köçürüblər.

 

Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

24 Aprel 2020 21:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə