Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Elə güvənən sərkərdə qalib olar”

Sosial ədalət və humanizm prinsiplərinə sadiq olan Azərbaycanda xalq dövlətin vətəndaşa göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirir, Prezident İlham Əliyevin ölkəmizin daha da güclənməsinə, eyni zamanda, əhalinin təhlükəsizliyinin və sağlamlığının qorunmasına yönəlmiş siyasətini alqışlayır və belə siyasətin alternativsiz olduğunu bəyan edir. Dünyanın bütün ölkələrində qeydə alınmış koronavirus pandemiyası ilə mübarizə davam edir. Bu virus insanların sağlamlığına ciddi təhdid yaratmaqla yanaşı, dünya iqtisadiyyatını da böyük bir təhlükəyə sürükləməkdədir. Azərbaycan da koronavirus pandemiyası ilə uğurla mübarizə aparır. Ancaq digər ölkələrlə müqayisədə Azərbaycanda pandemik şəraitin gərginləşməsi müşahidə olunmur. Koronavirus infeksiyası ilə bağlı vəziyyət Prezident İlham Əliyevin ciddi nəzarəti altındadır. Dövlət səviyyəsində koronavirusun yayılmaması, əhalinin sağlamlığının mühafizəsi ilə bağlı bütün lazımi addımlar atılır, ən yüksək səviyyədə qabaqlayıcı tədbirlər görülür. Prezident İlham Əliyevin ölkədə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyü işlər xalq tərəfindən yüksək qiymətləndirilir. Bununla əlaqədar dövlət başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir.

Samux rayon sakinləri Gülmira Nəbiyeva, İbrahim Mustafayev və Anar Rüstəmov bütün dünyanı dəhşətə gətirən koronavirus pandemiyası ilə əlaqədar Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlərin xalqımıza olan məhəbbət və sevgisinin təzahürü olduğunu bildirirlər: “Çünki Siz insanların sağlamlığını düşünərək vacib addımlar atırsınız. Ulu öndər Heydər Əliyevin davamçısı kimi hər bir vəziyyəti çevik idarə etməyinizin sübutudur ki, bu günlərdə Azərbaycan koronavirusla mübarizədə ağır nəticələrlə qarşılaşmayıb. Əhalinin aztəminatlı hissəsinə verilən müavinətlər, kommunal ödənişlərə edilən güzəştlər, koronavirus xəstələrinin dövlət hesabına müalicəsi, əhalinin həssas qrupuna aid olan tələbələrin təhsil haqlarının dövlət hesabına ödənilməsi, güzəştli subsidiyaların ayrılması insanların Sizə olan inamını daha da artırdı”, – yazan məktub müəllifləri xüsusi olaraq vurğulayırlar ki, Samux sakinləri dövlət başçısının bütün təşəbbüslərini dəstəkləyirlər. Samux sakinləri, həmçinin, inandıqlarını açıqlayırlar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu çətin sınaqdan üzüağ çıxacağıq. “Siz həmişə xalqa arxalanmısınız”, – yazan Gülmira Nəbiyeva, İbrahim Mustafayev və Anar Rüstəmov məktubu “Elə arxalanan sərkərdə həmişə qalib olar” sözləriylə bitirirlər.
Bu gün bəşəriyyəti ağuşuna almış koronavirus bəlasına qarşı Azərbaycan nümunəvi mübarizə nümayiş etdirir. Ümumdünya Səhiyyə Təşkilatı və bir sıra Avropa ölkələri rəsmiləri bu bəlaya qarşı mübarizədə Azərbaycanın gördüyü tədbirləri yüksək qiymətləndirirlər. Təbii ki, bunun da səbəbi Azərbaycan Prezidenti İlham Əliyevin təhlükə yarandığı ilk gündən vəziyyəti tam ciddiyyəti ilə nəzarətə götürməsidir. Ölkə vətəndaşları dövlət başçısına ünvanladıqları məktublarda bu faktl alqışlayaraq Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə edirlər. Məsələn, Bakıdan dünya və Avropa çempionu, Prezident mükafatçısı, Əməkdar idman ustası Vüqar Namazov yazır: “Sizin gördüyünüz qabaqlayıcı tədbirlər nəticəsində bütün dünyada yayılmış koronavirus pandemiyasının ölkəmizdə də sürətlə yayılmasının qarşısının alınmasına nail ola bilmişik. Bu ancaq Sizin uzaqgörən siyasətinizin və millətimizə olan qayğınızın sayəsində mümkün ola bilərdi. Bu çətin vəziyyətə heç bir dövlət hazır deyildi və Sizin çevik qərarlarınız nəticəsində dövlətimiz bütün dünyaya nümunə oldu”. İdman sahəsində olduğu kimi bütün sahələrdə də Prezident İlham Əliyevin idmançıların yanında olduğunu yazan V. Namazov ölkə başçısına dərin minnətdarlığını bildirir. 
Astara Rayon Ağsaqqallar Şurasının sədri Gülağa Rzayev məktubunda yazır ki, ölkə başçısının həyata keçirdiyi uğurlu daxili və xarici siyasətlə yanaşı, sosial sahədə atdığı addımlar Prezidentin hər bir Azərbaycan vətəndaşının yanında olduğunun bariz nümunəsidir: “Sərhədlərin vaxtında bağlanması, karantin rejiminin tətbiqi, həkimlərin, tibb işçilərinin səfərbərliyə alınması, yeni xəstəxanaların tikilib istifadəyə verilməsi Sizin “Vətəndaşlarımızın sağlamlığı hər şeydən üstündür” ifadənizin təsdiqidir”. 
G. Rzayev xüsusilə vurğulayır ki, ölkə başçısının sərəncamı ilə imkansız ailələrə, yaşlı, ahıl insanlara hərtərəfli yardımların göstərilməsi vətəndaşlarımızın özlərindən çox Prezidentin onları düşünməsinin ən gözəl nümunəsidir: “Möhtərəm cənab Prezident, Sizi bütün varlığı ilə sevən xalqımız hər bir sahədə həyata keçirdiyiniz məqsədəuyğun tədbirləri alqışlayır, Sizə “Əhsən!” deyir. Bir sözlə, uzaqgörən, müdrik, çevik siyasətinizlə Siz nəinki bədxahları, dünya nəhənglərini də mat qoydunuz. Eşq olsun Sizə!”.
Təəssüf ki, bütün dünya koronavirus pandemiyası həyəcanını yaşadığı bir şəraitdə ölkədə bəzi qruplaşmalar vəziyyətdən siyasi məqsədləri üçün istifadə etməyə çalışırlar. Ölkə vətəndaşları dövlət başçısına ünvanladıqları məktublarda bu məsələyə də toxunaraq Prezident İlham Əliyevə güclü dəstəklərini ifadə edirlər. Məsələn, Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli təəssüf hissi ilə yazır: “Böyük həqarət və təəssüflə qeyd edirik ki, belə bir zamanda dövlətin və millətin mənafelərinin əksinə olaraq, bəzi siyasi qurumlar, xarici təxribatçı və düşmən qüvvələrin sifarişlərini yerinə yetirənlər bir daha iç üzlərini göstərməyə başlamışlar”. Bəzi siyasi qurumların Azərbaycan əleyhinə müxtəlif üsullarla təbliğat apardıqlarını, görülən işlərə kölgə salmaq istədiklərini vurğulayan D. Rəhimli əmin olduğunu da əlavə edir ki, həmişə olduğu kimi koronavirusun yayılmasının qarşısının alınmasında xalq–hakimiyyət birliyi düşmən qüvvələrin kəskin cavabını verərək onların arzularını heçə endirdi. “Cəmiyyətimiz bir daha yüksək keyfiyyətlərini ifadə edərək Azərbaycan xalqı ilə hakimiyyətin möhkəm birliyinin, Prezidentin həmişə xalqın, xalqın həmişə Prezidentinin yanında olmasını bir daha təsdiq etdi”, – yazan D. Rəhimli əmindir ki, ölkə başçısının yüksək səriştəsi, uzaqgörən siyasəti nəticəsində Azərbaycan Respublikası postpandemiya dövründə də inkişaf edəcək və çiçəklənəcəkdir.
Digər soydaşlarımız – Göyçay rayonu, Ləkçılpaq kənd sakini Arif İsmayılov, Saatlı rayonu, Bəylər kənd sakini Əhəd Hüseynov bütün dünyada minlərlə insanın ölümünə səbəb olan virusun Azərbaycanda yayılmasının qarşısının alınmasında dövlət başçısının gördüyü qabaqlayıcı tədbirlərə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər. 
Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin sakinləri Arif  Qafarov, Mansur Cavadov və Məleykə Həşimova dövlət başçısının çevik və uzaqgörən siyasəti nəticəsində epidemiyanın respublika daxilində geniş miqyas almaması üçün müvafiq tədbirlər görüldüyünü yazırlar: “Sizin göstərişinizlə qısa müddətdə Sumqayıt şəhərində insan sağlamlığı üçün zəruri olan tibbi maska istehsalı müəssisəsi yaradılıb. Bununla yanaşı, Sizin sərəncamınızla əhalinin işsiz təbəqəsinin sosial müdafiəsini təmin etmək məqsədilə aylıq 190 manat məbləğində müavinətin verilməsi qəsəbəmizin sakinləri arasında böyük ruh yüksəkliyi ilə qarşılandı”. 
Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin sakinləri qocalara, ahıl və tənha insanlara, xəstələrə göstərilən qayğıya, eyni zamanda, şəhərimizə və qəsəbəmizə edilən köməyə görə dövlət başçısına  minnətdarlıqlarını bildirirlər: “Sizin bir ata, bir qardaş kimi, eyni zamanda, hörmətli Mehriban xanımın bir ana, bir bacı kimi xalqımıza müraciətləriniz hamımız tərəfindən böyük ehtiram və məhəbbətlə qarşılandı. Biz bir daha əmin olduq ki, dövlətimizin yaxından köməyi ilə bu bəladan tezliklə qurtulacağıq”.
Beləliklə, Azərbaycanda koronavirusla mübarizədə həyata keçirilən genişmiqyaslı yardım proqramları xalq tərəfindən böyük rəğbətlə qarşılanır. Ölkə başçısına ünvanlanan minnətdarlıq məktubları bir daha göstərir ki, xalqın Prezident İlham Əliyevə etimadı və sevgisi çox böyükdür və dövlət başçısının Azərbaycanın pandemyadan az itkilərlə çıxmasına yönəlmiş addımları yüksək səviyyədə dəstəklənir.

 

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”

24 Aprel 2020 21:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə