Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fəxr edirik ki, Azərbaycan etibarlı əllərdədir, cənab Prezident!

2020-ci ilin əvvəlindən bəri bəşəriyyətə qarşı amansız “müharibə”yə başlamış çox təhlükəli koronavirus – COVİD-19 pandemiyası dünyanın nizamını pozaraq,  bütün ölkələri  təşviş içərisində saxlamaqda davam edir. Hər gün verilən statistik məlumatlarda  xəstəliyə yoluxanların  və ölənlərin  sayındakı dinamika insanlarda vahimə yaradır. Dünyanın ən qüdrətli dövlətlərinin imkanları və ən müasir  səhiyyə sistemləri  belə mənşəyi məlum olmayan bu “çağırılmamış qonağ”ın qarşısında  aciz qalıblar. Lakin az sayda olan dövlətlərin  rəhbərləri bu məsələyə çox  ciddi  şəkildə yanaşdığına, vaxtında  sərt  və qabaqlayıcı tədbirlər gördüyünə görə  bəzi ölkələrdə xəstəlik  bir o qədər də tüğyan edə bilmir. Belə ölkələrdən biri də Azərbaycandır. Aparılan məqsədyönlü  tədbirlərin nəticəsidir ki, Azərbaycanda vəziyyət nəzarət  altında saxlanılır. Hətta son günlərin statistikası nikbinlik  üçün də əsas yaradır: xəstəlikdən  sağalanların sayı  yoluxanların sayını üstələyir. Şübhəsiz  bütün qabaqlayıcı tədbirlər ölkə Prezidenti cənab İlham Əliyevin  təşəbbüsü ilə və onun nəzarəti  altında  görülür. Ölkə  vətəndaşları Prezident İlham Əliyevə ünvanladıqları məktublarda  bu sahədə onun  xidmətlərini və fədakarlığını  xüsusi  qeyd edirlər.

Azərbaycan əmin əllərdədir

Hörmətli cənab Prezident!

Mən Qarabağ müharibəsi əlili kimi, bu çətin günlərdə Azərbaycan xalqına göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkürümü bildirirəm.

Koronavirusun ağuşuna aldığı ölkələrin statistikasını ölkəmizdəki vəziyyətlə müqayisə etdikdə Sizinlə qürur duyuram. Bu göstərici Sizin gərgin əməyinizin nəticəsidir. Allah Sizi qorusun! Mən fəxr edirəm ki, ulu öndərin qurduğu müasir Azərbaycan belə əmin əllərdədir.

Ümummilli lider Heydər Əliyev yorulmaz fəaliyyəti ilə 1990-cı illərdə Azərbaycanı fəlakətlərdən, təlatümlərdən xilas etdi. Siz də bu gün xalqımızı gözəgörünməz bəladan xilas edirsiniz.

Cənab Prezident, Siz təkcə Heydər Əliyev siyasi məktəbinin deyil, bütövlükdə onun həyat məktəbinin yetirməsisiniz. Biz ona görə xoşbəxt xalqıq ki, ulu öndərimizin Azərbaycan üçün gördüyü işləri Sizin kimi müdrik lider davam etdirir.

Dərin hörmətlə,

 

Söhrab Əyyub oğlu Qasımov,

Bakı şəhəri, Yasamal rayonu.

Sizə inanırıq!

Möhtərəm Prezidentimiz!

Biz Göyçay rayon təhsil işçiləri dünyanı əsarət altına alan koronavirus epidemiyası ilə mübarizə dövründə Sizin Azərbaycan xalqının sağlamlığı uğrunda apardığınız böyük mübarizəni məmnunluqla izləyirik. Dünyanın ən güclü ölkələrində epidemiya minlərlə insanın vəfatına, iqtisadi böhrana, yüz minlərlə insanın xəstələnməsinə yol açdığı bir dövrdə Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə epidemiyanın yayılmasının qarşısı xeyli alınmış, ölüm faktları minimum səviyyədədir. Azərbaycan səhiyyə sisteminin inkişafının nəticəsidir ki, virusa yoluxan vətəndaşlarımız öz sağlamlıqlarına qovuşur və sağalan xəstələrin sayı günbəgün artır.

Cənab Prezident, xüsusi karantin dövründə Sizin rəhbərliyinizlə aztəminatlı ailələrə göstərilən maddi yardımların nəticəsidir ki, insanlar bu çətin dövrdə öz rahat həyatlarına davam edirlər. İnanırıq ki, Azərbaycan xalqı Sizin rəhbərliyiniz altında bu bəlanın öhdəsindən gələcək. Odur ki, Göyçay rayonunun təhsil işçiləri həmişə Sizinlə birlikdədir, Sizə inanır, Sizi sevir, Sizə güvənirik. Tanrı yardımçınız olsun!

Hörmətlə,

 

Qurban Heydər oğlu Qurbanov,

Göyçay rayon İnçə kənd tam orta məktəbinin biologiya müəllimi, Əməkdar müəllim

Veteranlar Sizi dəstəkləyirlər

Cənab İlham Əliyev!

Mən tarixin keşməkeşli illərini görmüş bir insanam. İkinci dünya müharibəsində Azərbaycanın altı yüz mindən çox oğul və qızı amansız döyüşlərə səfərbər olunmuşdu. Onlardan üç yüz min nəfərdən çoxu torpaq uğrunda öz canlarını qurban verdi. Həlak olanların övladları uşaq evlərində, ailələri isə aclıqdan dünyalarını dəyişdilər.

Siz dünya şöhrətli ulu öndər Heydər Əliyevin layiqli davamçısısınız. Xalqımızın ümummilli lideri dünya siyasət meydanının nəhənglərindən biri, bəlkə də birincisi idi.

Cənab Prezident, Siz xalqımız üçün bu ağır günlərdə çox cəsarətli və uzaqgörən addımlar atırsınız. Xalqımızın xilası uğrunda nəhəng işlər görürsünüz. Dünyanın aparıcı dövlətləri bu amansız koronavirusun əlində aciz qalıblar. Biz dünyada böyük dövlətlərdən olmasaq da, Sizin qabaqlayıcı tədbirləriniz, xalqın xilası naminə gördüyünüz işlər nəticəsində bu virusla mübarizədə əksər ölkələrdən daha yaxşı durumda olmağımız göz qabağındadır.

Mən şəxsən öz adımdan və ailəm adından Sizə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümüzü və minnətdarlığımızı çatdırıram. Allah Sizi və ailənizi qorusun!

Hörmətlə,

 

Səfərqulu Tağızadə,

şair-publisist,

Sumqayıt şəhəri.

Gənclər Sizinlə qürur duyurlar

Möhtərəm cənab Prezident!

Mən müstəqil Azərbaycan Respublikasının gənc bir vətəndaşı olaraq bu məktubu yazmağı özümə borc bildim. İlk olaraq onu bildirmək istərdim ki, hər bir Azərbaycan gənci, həmçinin, bütün Azərbaycan vətəndaşları Sizinlə qürur duyur. Gördüyünüz bütün işlər Azərbaycan xalqının, vətəndaşlarımızın daha xoş güzəranını qurmaq, xoşbəxt etmək məqsədini daşıyır. Azərbaycan vətəndaşları öz dövlətinə və Prezidentinə ürəkdən inanır, taleyini Sizə etibar edir, hər bir işdə Sizə güvənirlər. İnanırıq ki, Sizin düşünülmüş siyasətiniz nəticəsində biz azərbaycanlılar bütün çətin sınaqlardan uğurla çıxacağıq.

Mən şəxsən öz adımdan və təhsil aldığım Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri adından Sizə dərin minnətdarlığımı və sonsuz təşəkkürümü bildirirəm. Məlumdur ki, dünyada tüğyan edən yeni növ koronavirus pandemiyası Azərbaycanımızdan da yan keçməmişdir. Bəşəriyyətin üzləşdiyi pandemiyanın törətdiyi fəsadlar bir çox dünya ölkələrində milli fəlakət səviyyəsinə çatmışdır. Lakin biz xoşbəxt xalqıq ki, Sizin kimi uzaqgörən liderimiz var. Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyünüz işlər, Sizin bu sahədə qəbul etdiyiniz qərarlar və hər bir çıxışınız xalqımız tərəfindən yüksək dəyərləndirilir.

Cənab Prezident, Sizə hər zaman xalqımıza dayaq olduğunuz üçün, həm öz adımdan, həm də bütün gənclər adından təşəkkürümü bildirirəm.

Dərin hörmət və ehtiramla,

 

Yusif Vahid oğlu Cəfərbəyli,

İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri,

Bakı.

“El bir olsa, dağ oynadar  yerindən”

Hörmətli cənab Prezident!

Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən etibarən öz xalqı ilə yanaşı Axıska türklərinin vəziyyəti, həyat şəraitləri ilə maraqlanmağa başladı, bizə qayğı göstərdi.

Cənab Prezident, Siz də bu gün bu siyasi xətti uğurla davam etdirərək bizə hər zaman dəstək olursunuz. Siz öz xalqına böyük diqqət və qayğı göstərən bir lidersiniz. İnanırıq ki, koronavirus pandemiyası ilə mübarizədə də bütün gücünüzü səfərbər edib, xalqı bu çətin vəziyyətdən çıxaracaqsınız. Axıska türkləri də hər zaman Sizinlədir.  Necə deyərlər, el bir olsa, dağ oynadar yerindən. Biz Sizinlə bir olaraq bütün mübarizələrə hazırıq, cənab Prezident!

Hörmətlə,

Saatlı rayonu, Günəşli kəndində yaşayan Axıska türkləri adından:

Nurgözəl Fazil qızı Rəhimova.

“Xalq qəzeti”

 

24 Aprel 2020 21:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə