Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dağlıq Qarabağda “yürüş” keçirə bilmədilər

Qondarma “erməni soyqırımı”nın ildönümləri ərəfəsində erməni ideoloqlarının riyakar antiazərbaycan və antitürk təbliğatı öz pik nöqtəsinə çatır. Ermənilər hər il 24 apreldə dünyanın bir çox ölkələrində saxta aksiyalar keçirirlər. Lakin bu dəfə düşmənin bəd niyyəti gözündə qaldı. 

Belə ki, erməni millətçiləri bu günlərdə öz saxta planlarına “düzəliş” etməyə məcbur olduar. Belə ki, onlar “Artsax” adlandırdıqları xalqımızın əzəli torpağı olan Dağlıq Qarabağın paytaxtı Stepanakertdə (oxu Xankəndi –müəllif ) dünən saxta “erməni soyqırımı”nın 105-ci ildönümünü qeyd etmək niyyətilə “anım yürüşü” keçirməyi planlaşdırmışdılar. Lakin bundan imtina etməli oldular. Səbəb bəllidir: axı, yürüş iştirakçıları koronavirus infeksiyasına yoluxa bilərlər. 
Təqdirəlayiq haldır ki, hazırda dünyanın yaxın-uzaq ölkələrində saxta erməni təbliğatını ifşa edənlərin sayı artır. Məsələn, bir neçə gün əvvəl Ukraynanın xarici işlər nazirinin müavini Vasili Bodnar ölkəsinin səfirlik və konsulluq əməkdaşlarına ünvanladığı məktubda tapşırmışdı ki, ukraynalı diplomatlar 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələrlə bağlı “erməni soyqırımı” ifadəsini işlətməsinlər və bu qəbildən olan tədbirlərə qatılmasınlar. 
Nazir müavini bunu onunla izah edib ki, BMT-nin 1948-ci il 9 dekabrda qəbul etdiyi məlum qətnaməyə əsasən, “genosid” anlayışı bir xalqın etnik, irqi və dini zəmində tam, yaxud qismən məhv edilməsini özündə ehtiva edir. Türkiyədə isə ermənilərə qarşı heç bir etnik qətliam törədilməyib. 
Xatırladaq ki, bir müddət əvvəl Ukraynanın Ali  Radası saxta “erməni soyqırımı” ilə bağlı məsələni parlamentdə müzakirəyə çıxarmaqdan qəti şəkildə imtina edib. Bu hadisə erməni millətçilərinin “heysiyyatı”na çox toxunub və onlar qlobal KİV-də Türkiyə və Azərbaycan dövlətlərinin əleyhinə olduğu kimi, indi də Ukraynaya qarşı böhtan kampaniyasına başlayıblar. 
Hamıya bəllidir ki, Ermənistan təcavüzkar dövlətdir, üstəlik, özünün bədnam işğalçılıq siyasətindən heç bir vəchlə əl çəkmək istəmir. İş o yerə çatıb ki, Ermənistanın xarici işlər naziri bu günlərdə Azərbaycan ərazilərinin işğaldan azad edilməyəcəyi ilə bağlı açıqlama verib. Əslində, bu həyasız bəyanat Ermənistan–Azərbaycan münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin üstündən xətt çəkmək deməkdir. 
Milli Məclisin deputatı Tahir Rzayev hesab edir ki, Ermənistan rəsmisinin destruktiv açıqlaması danışıqlar prosesinə ciddi zərbədir və danışıqları pozur. 
T. Rzayev, həmçinin, bildirdi ki, dünya birliyi, Ermənistanın təcavüzkar siyasətinə qarşı adekvat münasibət bəsləməlidir. Belə ki, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrində tələb olunduğu kimi, işğalçı dövlət öz qoşunlarını dərhal, tam və qeyd-şərtsiz işğal olunmuş ərazilərdən çıxarmalıdır. 
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bildirib ki, xalqımız heç vaxt işğal hadisəsi ilə barışmayacaq. Dövlət başçısının prinsipial mövqeyi ölkəmizin hər bir vətəndaşı, o cümlədən, vətəndaş cəmiyyəti fəalları tərəfindən tam dəstəklənir. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev bildirdi ki, o, həyatının ən gözəl illərini Qarabağda doğma torpağımızın müdafiəsinə həsr edib. Bütün müharibə veteranları kimi, yenidən  silaha sarılıb, doğma Vətənin ərazi bütövlüyü uğrunda döyüşlərə atılmağa hazırdır.
Bu gün Azərbaycan dövləti güclü Orduya və ən müasir hərbi sənaye imkanlarına malikdir. Bunu dünya birliyi də bilir və erməni xalqı da bunun fərqindədir.  Hazırda Ermənistanın hərbi-siyasi dairələrindən tutmuş ən sadə vətəndaşına qədər hər kəs bilir və dərk edir ki, Azərbaycanın 2016-cı ildəki Aprel uğuru, habelə 2018-ci ildə əldə etdiyi Günnüt qələbəsi davam edə və zəfər bayrağımız işğal edilmiş bütün ərazilərimizdə dalğalana bilər. 

 

M. HACIXANLI,
“Xalq qəzeti”  

24 Aprel 2020 21:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə