Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Biz Sizinlə daha güclüyük, cənab Prezident!

Azərbaycanın koronavirus pandemiyasının doğurduğu itkiləri minimuma endirməyi bacaran dövlətlər sırasında yer alması barədə Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumat möhtərəm Prezidentimizin əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirdiyi mühüm əhəmiyyətli tədbirlərin nəticəsidir. Göründüyü kimi, ölkəmiz öz vətəndaşlarının sağlamlığının qorunması baxımından nümunəvi dövlətlər sırasında yer alıb. Respublikamızın rəhbəri dəfələrlə bildirib ki, dövlət imkansız adamlara daim kömək göstərir və bundan sonra da edəcək. Hər il, təxminən, 5 milyon insanın dövlət vəsaiti hesabına tibbi müayinədən keçirilməsi, 16 il ərzində səhiyyə sistemində köklü islahatların aparılması , həkimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, 750-dən çox səhiyyə ocağının tikilməsi və ya tam təmir olunması ölkə vətəndaşlarının sağlamlığının qorunmasının daim dövlətin diqqət mərkəzində saxlanıldığının bariz nümunəsidir.

Koronavirusun dünyanın başı üzərini aldığı gündən, ölkəmizdə düşünülmüş şəkildə qabaqlayıcı tədbirlər həyata keçirilmiş, pandemiyanın törətdiyi fəsadların aradan qaldırılması, daha geniş yayılmaması, xüsusilə əhalinin güzəranının yaxşılaşdırılması istiqamətində qəbul edilən qərarlar öz bəhrəsini vermişdi. Dünyanın inkişaf etmiş ABŞ, Fransa, İspaniya, Çin, İtaliya, Almaniya və digər dövlətlərində pandemiyanın hər gün minlərlə can aldığını eşidəndə, Azərbaycan kimi ölkədə yaşamağımızdan qürur duyuruq. Çünki ilk gündən möhtərəm Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində koronavirusun sürətlə yayılmasının qarşısı alındı. 
Sözsüz ki, bizim ölkəmiz də müəyyən fəsadlarla üz-üzə qaldı. Ancaq iqtisadi imkanlarımız həmin fəsadların aradan qaldırılmasında öz müsbət təsirini göstərdi. Cənab Prezident İlham Əliyevin aprelin 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda da bu mühüm amil bir daha diqqətə çatdırıldı. Ölkə başçısı dedi ki, əgər güclü iqtisadi imkanlarımız olmasa, biz öz sosial siyasətimizi uğurla apara bilməyəcəyik. Pandemiya dövründəki bu yoluxucu xəstəlikdən yaranan fəsadlara böyük maliyyə vəsaitinin tələb olunduğunu bildirən cənab Prezident dedi ki, bizim üçün əsas prioritetlər insanların sağlamlığı, onların sosial müdafiəsi və vəziyyətə uyğun şəkildə iqtisadi fəallığın artmasıdır.
Koronavirusa qarşı mübarizə tədbirlərinə başlanıldığı ilk gündən dövlətimizin başçısı iş yerlərinin azaldılmamasını, xüsusi karantin rejimi ilə əlaqədar müvəqqəti işsiz qalan insanlara maddi yardım göstərilməsini mühüm tələb kimi qarşıya qoydu. Möhtərəm Prezidentimizin 19 mart 2020-ci il tarixli “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı əhalinin sosial müdafiəsinin gücləndirilməsində mühüm rol oynadı. Sənəddə bu məqsədlə 4 istiqamət üzrə 10 tədbir öz əksini tapıb. Dövlət başçımız tərəfindən 17 aprel 2020-ci il tarixdə elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon vəsaitin ayrılması ölkə vətəndaşlarının getdikcə daha böyük fəsadlar törədən pandemiyanın ağır nəticələrindən qoruması məqsədini güdür. 
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər ölkə vətəndaşlarının gələcəyə inamını daha da artırıb. İndi hamımız əminliklə belə düşünürük: “Biz Sizinlə daha güclüyük, cənab Prezident!”

 

Səhər İSMAYILOVA, 
Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının sektor müdiri 

24 Aprel 2020 21:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə