Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sosial məsələlərlə bağlı tapşırıqların icrası diqqət mərkəzindədir

Hesab edirəm ki, bu pandemiya dövrü hələ də kölgədə işləyənlər üçün bir dərs olmalıdır. Çünki mən dəfələrlə həm sahibkarlara, həm işçilərə müraciət etmişdim ki, kölgədən çıxın, əmək müqavilələri bağlayın. Əgər əmək müqavilələriniz olmasa, pensiya ala bilməyəcəksiniz, tibbi sığorta ala bilməyəcəksiniz. Əgər siz işsizsinizsə və qeydiyyata düşmürsünüzsə, işsizlik müavinəti ala bilməyəcəksiniz. 
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Nazirin hesabatında deyilir ki…

“Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, bu il həssas qruplarla bağlı nəzərdə tutulmuş bütün sosial proqramlar, eləcə də, sosial müdafiə və aktiv məşğulluq proqramlarının genişləndirilməsi ilə bağlı planlar tam icra olunacaq. Xüsusi karantin rejimi bitdikdən sonra şəhid ailələrinə və müharibə əlillərinə yeni alınmış mənzillərin verilməsinə başlanacaq. Bu il onlara 1500 mənzil verilməsi nəzərdə tutulub, həmçinin, müharibə əlillərinə avtomobillərin verilməsi işləri də davam edəcək. Cənab Prezidentin tapşırığına uyğun olaraq, ünvanlı dövlət sosial yardımı proqramının genişləndirilməsi işləri davam edir. Təkcə aprel ayında əlavə olaraq 10 min ailə bu proqramla əhatə olunub, ünvanlı yardım alan ailələrin sayı 80,5 minə (335 min ailə üzvü) çatıb və bu artım dinamikası davam edir. Bununla bərabər, ünvanlı yardımın təyinatı şərtlərinin yumşaldılması, sosial yardımın alınması ilə bağlı müraciət prosedurunun aztəminatlı insanlar üçün daha rahat və sadə olması üçün qanunvericiliyə dəyişiklik layihələri də artıq aidiyyəti üzrə təqdim edilib”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev videogörüntülü keçirilən kollegiya iclasında deyib və əlavə olaraq qeyd edib ki, Birinci vitse-prezident Mehriban ­xanım Əliyevanın təşəbbüsü olan DOST mərkəzlərinin şəbəkəsinin genişləndirilməsi işləri post-karantin dövründə davam edəcək, may ayında isə yeni DOST mərkəzinin açılışı planlaşdırılır.

Görülən tədbirlər çoxşaxəlidir

Karantin rejimi olmasına baxmayaraq, ölkədə sosial müdafiə tədbirləri nəinki ləngiyir, hətta dövlət başçısının tapşırığı ilə daha geniş istiqamətdə davam edir. Ödənişli ictimai işlər proqramı genişləndirilir. Üç ildən artıq müddətdə həyata keçirilən bu proqramla ilin əvvəlində 37 min iş yerinin açılması nəzərdə tutulmuşdu. Pandemiya səbəbindən tətbiq edilən karantin rejimində bəzi iş yerlərinin bağlanması işsizlərin sayının artması ilə nəticələndi. Buna görə dövlət başçısının tapşırığına uyğun olaraq ilkin mərhələdə bu rəqəmin 50 minə çatdırılması düşünüldü. Amma Prezidentin tövsiyəsi ilə belə qərara alındı ki, bu il 90 min ödənişli ictimai iş yeri yaradılmalı və bu sahəyə çox ciddi nəzarət olmalıdır. Beləliklə, bu işlərə cəlb edilənlərin sayının 37 mindən 90 minə çatdırılacağı qərara alındı. Karantin rejimi olmasına baxmayaraq, son bir neçə gündə ödənişli işlərə cəlb olunanların sayı artıq 54 minə çatdırılıb. Bu istiqamətdə nəzarət tədbirləri gücləndirilir. Bununla əlaqədar müvafiq struktur bölmələrinə tapşırıqlar verilib. Tapşırıqlardan biri də sosial müdafiə sahəsində nəzərdə tutulan tədbirlərdən biri kimi işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsidir. Cari ilin aprel-dekabr ayları üzrə bu tədbir 20 min nəfəri əhatə edəcək və bu məqsəd üçün İşsizlikdən Sığorta Fondu hesabına 20 milyon manat ayrılacaq. Qeyd etmək yerinə düşər ki, əvvəlki illərdən fərqli olaraq, əmək müqaviləsinin müddəti bitmiş şəxslərə də işsizlikdən sığorta ödənişi şamil ediləcək.

Yeri gəlmişkən, onu da deməliyik ki, pandemiya dövründə həm dövlət, həm də özəl sektorda iş yerlərinin qorunmasına nail olunub. Hətta, qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidlə əlaqədar olaraq, ilin əvvəlindən əmək müqavilələrinin sayı 85,4 min artıb. Yeni müqavilələrin əsasən hansı sahələr üzrə bağlanmasının təhlilinin aparılması və yeni bağlanan müqavilələrə post-karantin dövründə xitam verilməməsi üçün “Əmək müqaviləsi bildirişi” e-sistemi üzərindən ciddi nəzarət həyata keçirilir.

Əmək müqaviləsi olmayanlar da işsiz kimi yardım alırlar

Qeyd edək ki, dövlət başçısının humanist siyasətinin nəticəsi olaraq, bu gün təkcə işsizlər deyil, bu vaxta qədər qeyri-formal şəkildə, yəni əmək müqaviləsi olmadan işləmiş və elə bu səbəbdən də xüsusi karantin rejimində dərhal işini itirmiş insanlar da birdəfəlik ödəmə proqramı ilə əhatə olunurlar. Prezident İlham Əliyevin tapşırığına əsasən, bu proqramın əhatə dairəsi öncədən nəzərdə tutulduğundan 3 dəfədən çox genişləndirilərək 600 min nəfəri əhatə edəcək. Birdəfəlik ödəmə proqramının icra səviyyəsi artıq 50 faizi keçib. Digər tərəfdən, e-sosial.az portalının geniş funksional imkanlara malik təkmil infrastrukturu əhatəli bir proqram üzrə müraciətlərin qəbulu, emalı və birdəfəlik ödənişlərin gündəlik olaraq normal davam etdirilməsinə imkan verib.

Dövlət başçımız nazirlərlə videobağlantı şəklində olan görüşdə demişdir: “Bu kateqoriyaya aid olan insanlar aztəminatlı təbəqənin nümayəndələridir, eyni zamanda, koronavirusla bağlı işini itirən və qeyri-formal məşğulluğu olan insanlardır. Onların da problemlərini dövlət öz üzərinə götürür. Baxmayaraq, mən dəfələrlə onlara müraciət etmişəm ki, qeyri-formal məşğulluğa son qoyun, çünki bu, sizin üçün problem yaradacaq. Siz işsizlikdən sığorta, işsizlik müavinəti, pensiya, tibbi sığorta ala bilməyəcəksiniz. Son vaxtlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumların fəaliyyəti nəticəsində on minlərlə yeni əmək müqaviləsi bağlanıldı”.

Poçt filialları da bu xidmətə cəlb edildi

Aprelin 9-dan 190 manat vəsaitin ödənişlərinə başlanıb. İlk vaxtlar hər gün 10 min insana ödəniş köçürülüb, amma son günlər bu rəqəm gündəlik 20–25 minə çatdırılıb. Dövlət başçısının tapşırığına əsasən, ödəmə ayın sonuna qədər gündəlik 25–30 minə çatdırılacaq ki, ödəniş maksimum sürətlə icra olunsun, aprelin sonu, mayın əvvəllərində artıq 600 min insanın hər biri bu vəsaiti alsın. Bir gündə ödəniş həddən artıq çox olanda, istənilən şəkildə vətəndaşların müraciəti və sıxlığı yaranmasın deyə ƏƏSMN bu məsələni Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə tənzimləyib və hazırda əsas yük poçt şöbələrinin üzərinə düşür. Onlar da indiyədək bu missiyanı çox uğurla icra edirlər ki, ən geci mayın ilk həftəsində bütün ödənişlər yekunlaşsın. Dövlət başçısının tapşırığına uyğun ödəniş alacaq şəxslər bank hesabları açsalar və ikinci ayın ödənişinin böyük bir hissəsi köçürmə yolu ilə həyata keçirilsə, əlbəttə ki, bu proses daha sürətlə başa çatdırılacaq.

Yeni DOST mərkəzləri tikilir

Bu il artıq 80 min ailə, 330 mindən çox fərd ünvanlı sosial yardım proqramı ilə əhatə olunub. Aprelin 1-i ilə müqayisədə artım 10 min ailədir. Bu dinamika mütəmadi şəkildə artırılacaq. 2020-ci ildə 1500 şəhid ailəsi evlə təmin olunacaq. 1–2 ilə bu kateqoriyadan olan bütün insanlara dövlət tərəfindən mənzillərin verilməsi proqramı başa çatacaq. Həmçinin, bu il əlavə 7 DOST mərkəzinin tikilməsi üzərində iş aparılır. Onların dördünün 2020-ci ildə açılması nəzərdə tutulurdu və biri artıq hazırdır. Bu, Nizami, Suraxanı və Sabunçu rayonlarını əhatə edən 3 saylı DOST mərkəzləridir ki, xüsusi karantin rejimi bitən kimi fəaliyyətə başlayacaq. Həmin mərkəz gündəlik əsasda təqribən 700 insan qəbul edə biləcək və ən həssas kateqoriyadan olan insanlara dəstək verəcək.

İşsizlikdən sığorta ödənişləri artır

Pandemiya ilə əlaqədar digər sosial dəstək proqramları da genişləndirilib. Bu əsasda işsizlikdən sığorta ödənişlərinin təyin olunması şərtləri də yumşaldılacaq. Bununla bağlı qanunvericiliyə dəyişiklik layihəsi artıq hazırlanıb. Layihənin qəbulu imkan verəcək ki, işsizlikdən sığorta ödənişləri ilə daha çox insan əhatə olunsun. Bu il ərzində işsizlikdən sığorta ödənişlərinin şamil olunduğu şəxslərin sayının 20 minə çatdırılacağı və 12 min ailənin özünüməşğulluq proqramına cəlb ediləcəyi gözlənilir.

Ağsaqqallara evdə xidmət göstərilir

Xüsusi karantin rejimi dövründə infeksiyaya yoluxma riski yüksək olan yaşı 65-dən yuxarı şəxslərin pandemiyadan qorunması məqsədilə onların evdən çıxmaları qadağan edilib. Bununla əlaqədar, dövlət başçısının göstərişinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bütün sosial xidmət işçiləri səfərbər edilməklə, gücləndirilmiş iş rejimi şəraitində yaşı 65-dən yuxarı tənha yaşayan şəxslər evlərində gündəlik sosial xidmətlərlə təmin ediliblər və bu proses indi də davam edir. Biznes dairələrinin cənab Prezidentin çağırışına aktiv qoşulması nəticəsində, aprel ayında 14 min belə ailəyə özəl şirkətlər, təşkilatlar, dövlət qurumları tərəfindən ərzaq yardımı edilib. Növbəti günlərdə də daha 30 min ailəyə yardımın göstərilməsi planlaşdırılır. Bu addım həmin strukturların cənab Prezidentin çağırışına və sosial həmrəyliyə qoşulmasının göstəricisidir. Hazırda bu kateqoriyadan olan 15 mindən çox tənha yaşlıya evlərində sosial xidmətlər (ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s.) göstərilir.

Sosial xidmət işçiləri də unudulmur

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 9 sosial xidmət müəssisəsində 1000-dən çox şəxs stasionar şəraitdə reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunur. Prezident İlham Əliyevin imzaladığı “Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Sərəncam çətin vəziyyətdə olan şəxslərə və tənha yaşayan yaşı 65-dən yuxarı vətəndaşlara sosial xidmətlərin səmərəli təşkilinə xidmət etməklə, eyni zamanda, sosial xidmət işçilərinin əməyinə verilən yüksək dəyərin və onlara xüsusi qayğının ifadəsidir. Sənəddə koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə elan edilmiş xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsinə cəlb edilən DSMF-nin bütün sosial xidmət müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə ma­aşının 1 misli miqdarında müddətli əlavə müəyyən edilməsi nəzərdə tutulur.

Sərəncam, ümumilikdə, 2000 nəfər sosial xidmət işçisinə şamil olunur.

Qeyd edək ki, ölkədə orta aylıq əməkhaqqının 712 manat, pensiyanın 295 manat, yaşa görə pensiyanın isə 330 manata yaxın olmasına baxmayaraq, maaşlar, pensiyalar ildən-ilə artırılır. Ancaq pandemiyanın nə vaxt bitəcəyi bilinmədiyindən, vəziyyətə uyğun addımlar atılır. Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyev son 16 ildəki bütün çətin məqamlarda olduğu kimi, COVİD-19 pandemiyasının yaratdığı problemlər zamanı da ölkə vətəndaşının yanında olduğunu verdiyi tapşırıqlar və qəbul etdiyi qərarlarla təsdiqləyir və ehtiyacı olan bütün insanlar onun qayğısından bəhrələnirlər.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

24 Aprel 2020 21:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə