Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Məclisin növbəti plenar iclası keçirilib

İclasda ombudsmanın illik məruzəsi dinlənilib, bir sıra sənədlərə dəyişikliklər edilib, Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri seçilib

Aprelin 24-də Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib. 
İclası Milli Məclisin Sədri Sahibə Qafarova açaraq gündəliyi təqdim edib.
Gündəlik təsdiq olunduqdan sonra cari məsələlərin müzakirəsi olub.
Cari məsələlərin müzakirəsi zamanı Milli Məclisin komitə sədrləri Zahid Oruc, Səməd Seyidov, Qənirə Paşayeva, deputatlardan Məlahət İbrahimqızı, Vahid Əhmədov, Tahir Kərimli, Fazil Mustafa, Azay Quliyev, Sahib Alıyev, Rauf Əliyev, Jalə Əliyeva, Aydın Mirzəzadə, Sabir Rüstəmxanlı, Razi Nurullayev, Bəhruz Məhərrəmov müxtəlif məsələlərlə bağlı fikirlərini bildiriblər.
Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb. 
Əvvəlcə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi dinlənilib.
Məruzəni diqqətə çatdıran insan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva bildirib ki, 2019-cu il uğurlu olub və bütün sahələrdə inkişaf təmin edilib. Ötən il iqtisadi islahatların həyata keçirilməsi, vətəndaşların sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində 100-dən çox fərman və sərəncam imzalanıb. 4,2 milyon vətəndaşı əhatə edən sosial paket həyata keçirilib. Bütün bu faktlar bir daha Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində ölkə vətəndaşlarının dayandığını təsdiq edir.
Qeyd edilib ki, ötən il insan hüquqlarının etibarlı müdafiəsi baxımından da uğurlu olub. Dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, kütləvi informasiya vasitələri, icmalar və beynəlxalq təşkilatlarla işgüzar əməkdaşlıq şəraitində fəaliyyətini davam etdirən ombudsman Konstitusiya Qanunu ilə verilmiş səlahiyyətlər çərçivəsində insan hüquqlarının müdafiəsi sahəsində əhatəli iş aparıb, müxtəlif tədbirlər həyata keçirib.
2019-cu il ərzində ombudsmanın ünvanına 25.500 müraciət daxil olub ki, bu da əvvəlki illə müqayisədə 25 faiz çoxdur. Ombudsman və əməkdaşlar tərəfindən Aparatda və regional mərkəzlərdə, habelə respublikanın müxtəlif şəhər və rayonlarında, məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrdə əhali qrupları ilə görüşlər, həmçinin cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına, müvəqqəti saxlama yerlərinə, qanunsuz miqrantların saxlanma mərkəzlərinə, hərbi hissələrə, hauptvaxtlara, uşaqlar, pensiya yaşına çatmış, habelə əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinə, internatlara, səhiyyə və təhsil müəssisələrinə baxışlar və başçəkmələr zamanı ümumilikdə 3013 şəxs qəbul edilib.
Qeyd olunub ki, məruzədə ombudsmanın mülki və siyasi, iqtisadi-sosial və mədəni hüquqların, əhali qruplarının hüquqlarının müdafiəsi ilə bağlı, o cümlədən  insan hüquqları sahəsində maarifləndirmə, elmi-analitik iş, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq sahəsində gördüyü işlər öz əksini tapıb.
Ombudsman öz çıxışında ölkədə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində vəziyyəti geniş təhlil edib, koronavirus pandemiyasına qarşı mübarizədə hökumətin həyata keçirdiyi tədbirlər, eyni zamanda, insan hüquqlarının daha etibarlı müdafiəsi və səmərəli təmin edilməsi barədə fikirlərini bildirib.
 Məruzə ətrafında müzakirələr zamanı insan hüquqları komitəsinin sədri Zahid Oruc, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlardan Məlahət İbrahimqızı, Əli Məsimli, Tahir Kərimli, Aydın Mirzəzadə, Naqif Həmzəyev, Qüdrət Həsənquliyev, Azər Badamov məruzə ilə bağlı fikirlərini səsləndiriblər, sual və təkliflərlə çıxış ediblər.
Müzakirələr zamanı qeyd olunan məsələlərə münasibət bildirən Milli Məclisin Sədri Sahibə Qafarova diqqətə çatdırıb ki,  Türkiyə Böyük Millət Məclisinin yaranmasının 100-cü ildönümü münasibətilə dünən Milli Məclis adından Türkiyə Böyük Millət Məclisinə təbrik məktubu ünvanlanıb.
Sədr, həmçinin qeyd etdi ki, dünən Türkiyə parlamentinin sədri Mustafa Şəntopla telefonla danışıb, türkiyəli deputatları Milli Məclis adından təbrik edib.
Müzakirələrin sonunda Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi səsə qoyularaq məqbul hesab edilib.
Fasilədən sonra Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayevin, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun və Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyevin məlumatları dinlənilərək "Torpaq icarəsi haqqında" və "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" qanunlarda,  "Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə, "Ətraf mühitin mühafizəsi haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Ovçuluq haqqında" qanunlarda və Torpaq Məcəlləsində, həmçinin "Elm haqqında", "Təhsil haqqında" və "Lisenziyalar və icazələr haqqında", "Elm haqqında" və "Peşə təhsili haqqında" qanunlarda dəyişikliklər edilib. Bildirilib ki, bu dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır. 
"Nəqliyyat haqqında", "Aviasiya haqqında", "Avtomobil nəqliyyatı haqqında" və "Dəniz limanları haqqında" qanunlarda dəyişiklik edilməsi barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov məlumat verib. Bildirib ki, bu dəyişiklik qanunların icrasının təkmilləşdirilməsi məqsədilə edilir. Bu dəyişiklik də səsə qoyularaq qəbul olunub. 
Deputatlar Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənovun məlumatlarını dinlədikdən sonra "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında", "Məktəbəqədər təhsil haqqında" və "Ümumi təhsil haqqında" qanunlarda, həmçinin Mülki Məcəllədə, İnzibati Xətalar Məcəlləsində, "Müflisləşmə və iflas haqqında", "Banklar haqqında" və "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında" qanunlarda da uyğunlaşdırma xarakterli dəyişikliklər ediblər. 
  "Dövlət rüsumu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşu barədə məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, təklif olunan dəyişiklik xaricdəki vətəndaşlarımızdan konsul əməliyyatları üçün tutulan bir sıra rüsumların 3-4 dəfə azaldılmasını nəzərdə tutur. Bundan başqa, 4 yeni rüsum da müəyyən olunur. 
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.   
İclasda Cinayət-Prosessual Məcəlləsində və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "İstehsalat və məişət tullantıları haqqında", "Heyvanlar aləmi haqqında", "Ekoloji təhlükəsizlik haqqında", "Bələdiyyələrin su təsərrüfatı haqqında" və "Ətraf mühitə dair informasiya almaq haqqında", "Təhsil haqqında" və "Dövlət rüsumu haqqında" qanunlara, Mülki Məcəlləyə və Ticarət Gəmiçiliyi Məcəlləsinə də dəyişiklik edilməsi haqqında məsələlər birinci oxunuşda qəbul edilib.  
 Deputatlar "Yol hərəkəti haqqında", "Sosial sığorta haqqında", "Tibbi sığorta haqqında", "İşsizlikdən sığorta haqqında", "Məşğulluq haqqında", "Dövlət rüsumu haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Baytarlıq haqqında", "Fitosanitar nəzarəti haqqında" və "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də, həmçinin Əmək Məcəlləsində, Torpaq Məcəlləsində, Vergi Məcəlləsində, Gömrük Məcəlləsində və Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrini də ikinci oxunuşda qəbul ediblər.   
Bildirilib ki, bu dəyişikliklər əməyin stimullaşdırılması ilə bağlıdır və büdcə vəsaitlərinin daha da güclənməsinə xidmət edir.  
Məlumat verilib ki, Miqrasiya Məcəlləsinə və "Dövlət rüsumu haqqında" Qanuna təklif olunan dəyişikliklər isə vizaların verilməsinin əhatəsini genişləndirəcək və vizanın verilmə müddəti qısaldılacaq. Hər iki qanun layihəsi ikinci oxunuşda təsdiqlənib.  
 İclasda "Dövlət satınalmaları haqqında" Qanunda, Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli Qanunu ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"də,  həmçinin "Nağdsız hesablaşmalar haqqında" Qanunda dəyişiklik edilməsi haqqında qanun layihələri də ikinci oxunuşda qəbul edilib.  
Gündəlikdəki növbəti üç qanun layihəsini – Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) məsələləri Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov təqdim edib. Bildirilib ki, Cinayət və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsinə dair qanun layihələri “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanının icrası ilə əlaqədardır. Qanun layihələri ölkədə cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirləri davam etdirmək məqsədilə hazırlanıb. Kamal Cəfərov birinci oxunuşdan sonra nəzərə alınmış təklifləri diqqətə çatdırıb.
Qeyd edək ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun 10-cu maddəsində edilən dəyişiklik də 2019-cu il tarixli 3 aprel Prezident Fərmanı ilə əlaqədar olub, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşının bu barədə ölkəmizin Xarici İşlər Nazirliyinə və Dövlət Miqrasiya Xidmətinə yazılı məlumat verməsi vacibliyini ehtiva edir. 
Müzakirələrdən sonra bu üç qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Daha sonra deputatlar Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında məsələni də səsə qoyaraq təsdiqləyiblər.  
İclasda müxtəlif məsələlərin müzakirəsi zamanı komitə sədri Hicran Hüseynova, deputatlardan Qüdrət Həsənquliyev, Rasim Musabəyov, Tahir Kərimli, Aydın Hüseynov, Erkin Qədirli, Rəşad Mahmudov, Arzu Nağıyev, Siyavuş Novruzov, Kamran Bayramov, Bəhruz Məhərrəmov, Əli Məsimli, Azay Quliyev, Məlahət İbrahimqızı, Azər Kərimli, Etibar Əliyev, Fəzail Ağamalı, Razi Nurullayev çıxış edərək öz fikirlərini bildiriblər.
Bununla da Milli Məclisin iclası başa çatıb.

 

AZƏRTAC

24 Aprel 2020 21:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə