Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qubada həyatı təhlükədə olan hamilə qadın və körpəsi həkimlərin səyi nəticəsində xilas edilib

Həyatı təhlükədə olan 28 yaşlı hamilə qadın və körpəsi Quba Regional Perinatal Mərkəzində həkimlərin səyi nəticəsində xilas edilib. AZƏRTAC xəbər verir ki, hamiləliyinin 26-cı həftəliyində olan Quba rayonu sakini Reyhan Tağıyeva martın 7-də mərkəzə müraciət edib. Ona ağır preeklampsiya diaqnozu qoyulub. Xəstə təcili əməliyyata götürülüb və hamiləlik sonlandırılıb. Xaric edilmiş ekstremal az çəkili (750 qram) uşağın vəziyyəti ağır qiymətləndirilib. Körpəyə yardım göstərilib, ağciyərlərinə 2 dəfə “Curosurf” preparatı yeridilib. Uşaq 23 gün ərzində tənəffüs dəstəyi aparatına bağlı qalıb.

Həkimlərin göstərdikləri yüksək peşəkarlıq nəticəsində ananın və uşağın həyatını xilas etmək mümkün olub. Reyhan Tağıyeva artıq evə yazılıb. Uşağın çəkisi artaraq 1200 qrama çatıb, sərbəst tənəffüs alır, aktiv süd qəbul edir, laborator göstəriciləri norma daxilindədir. Bu, Reyhan Tağıyevanın ilk hamiləliyidir.

Quba Regional Perinatal Mərkəzinin baş həkimi Şəhla Həsənova bildirib ki, mərkəzdə yaradılan şərait problemli doğuşlar zamanı əksər hallarda yüksək nəticə əldə etmək imkanını artırır. Müasir avadanlıqlarla təmin olunan mərkəzdə yeni müalicə metodlarının tətbiqi sayəsində erkən neonatal ölümün 3 dəfəyədək azalmasına nail olunub. Azərbaycanda qəbul edilən "Ana və uşaqların sağlamlığının qorunması" Dövlət Proqramı çərçivəsində Quba Regional Perinatal Mərkəzi də bütün doğuşayardım tibb müəssisələri kimi müasir tibbi avadanlıqlarla təchiz edilib, kadr potensialı gücləndirilib.

M.HACIXANLI,

“Xalq qəzeti” 

2 Aprel 2020 18:00 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə