Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zaqatalada karantin rejiminin tələblərinin icrasına nəzarət məqsədilə 58 mobil qrup yaradılıb

Koronavirus infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması üçün Zaqatala rayonunda da təxirəsalınmaz tədbirlər həyata keçirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerlərdə əhaliyə çatdırılması məqsədilə rayon icra hakimiyyəti tərəfindən 58 mobil qrup yaradılıb.

Rayon icra hakimiyyəti aparatının məsul nümayəndələrinin və hüquq-mühafizə orqanları əməkdaşlarının daxil olduğu mobil qrupların üzvləri xüsusi karantin rejiminin tələblərinə ciddi riayət edilməsi və infeksiyaya yoluxma hallarının baş verməməsi üçün rayon ərazisində nəzarət tədbirlərini daha da gücləndirib. Səsgücləndirici qurğular quraşdırılmış avtomobillər vasitəsilə karantin rejiminin tələblərinə riayət olunması ilə bağlı sakinlərə gün ərzində mütəmadi olaraq çağırışlar edilir. Vətəndaşlara karantin rejiminin tələblərinə ciddi şəkildə riayət etmələri izah olunur, onlarla profilaktik söhbətlər aparılır, evdə qalmaq, küçəyə çıxmamaq tövsiyə edilir.

Koronavirus infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə Zaqatala şəhərinin prospekt və küçələrində, yaşayış məhəllələrində, qəsəbə və kəndlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər də davam etdirilir. Rayon icra hakimiyyəti başçısı yanında yaradılan operativ qərargahdan verilən məlumata görə, Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən indiyədək rayonun 67 ümumtəhsil məktəbində, 42 uşaq bağçasında, 4 ali və orta ixtisas təhsili müəssisəsində, həmçinin 8 məsciddə, 56 çoxmənzilli yaşayış binasında, 45 idarə və təşkilatda, 26 özəl müəssisədə dezinfeksiya işləri aparılıb.

 

İlqar HƏSƏNOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

1 Aprel 2020 13:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə