Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərsu” Badamdar qəsəbəsində yeni içməli və tullantı su şəbəkələri yaradır

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Tədbirlər Planına uyğun olaraq Səbail rayonunun Badamdar qəsəbəsinin sürüşmə zonası kimi tanınan 3-cü yaşayış massivində yeni içməli və tullantı su şəbəkələri yaradılır.

ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində icra olunan layihə bu ərazidə baş vermiş torpaq sürüşməsinin aradan qaldırılması tədbirləri çərçivəsində həyata keçirilir. Yaşayış massivinin əksər hissəsində mərkəzləşdirilmiş içməli su və kanalizasiya şəbəkəsi mövcud olmayıb. Əhali tərəfindən primitiv qaydada çəkilmiş su xətlərin istismar tələblərinə cavab vermir, tez-tez qəzalara səbəb olurdu. Ərazidə yaranan tullantı isə əhali tərəfindən fərdi şəkildə yaradılmış septik qurğulara və şambolara axıdılırdı.

Yaşayış massivində içməli su və kanalizasiya şəbəkələrinin mərkəzləşdirilmiş sistemlərə qoşulmasını təmin etmək məqsədilə 2019-cu ilin sonlarında yeni layihənin icrasına başlanılıb. İlkin mərhələdə kanalizasiya şəbəkəsinin tikintisi işləri aparılır. Layihə çərçivəsində ərazidə ümumi uzunluğu 23 kilometr olan kanalizasiya xətti inşa ediləcək və hər bir ünvanın kanalizasiya sisteminə qoşulması təmin ediləcək. İndiyədək kanalizasiya şəbəkəsinin 17 kilometrlik hissəsi inşa edilib. Yeni şəbəkə yaradılmış ərazilərdə septik qurğular və şambolar ləğv edilərək evlərin kanalizasiya xətləri mərkəzləşdirilmiş şəbəkəyə qoşulur. Tikinti-quraşdırma işlərinin cari ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Bununla da həmin ərazidə tullantı sularının axıdılması mərkəzləşdirilmiş qaydada təmin ediləcək. Ərazidə yaranan tullantı suları Bayıl-Bibiheybət-Lökbatan kollektoruna yönəldiləcək.

V.BAYRAMOV,
“Xalq qəzeti”

17 Mart 2020 15:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə