Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nyu-Yorkda teatrlar və restoranlar bağlanır

Nyu-Yorkda koronavirusun yayılması səbəbindən bütün teatrlar, gecə klubları və konsert meydançaları bu həftədən etibarən bağlanacaq, restoranlara isə yalnız yeməyin verilməsi və çatdırılması xidməti göstərilməsinə icazə veriləcək.

Həftənin   çərşənbə axşamı günü qüvvəyə minəcək yeni məhdudiyyətlər şəhər meri Bill de Blazio tərəfindən bazar günü elan edilib.

Mer bildirib ki, belə bir qərarın qəbul edilməsi onun üçün asan olmayıb. Lakin Nyu-York misli görünməmiş təhlükə ilə qarşılaşdığına görə şəhər administrasiyası buna hərbi dövr ruhunda reaksiya verməlidir. Nyu-York sakinləri virusun yayılmasını sıx təmasların qarşısının alınması yolu ilə dayandırmalıdır. O əlavə edib ki, martın 16-da kinoteatrın, gecə klublarının, kiçik teatrların və konsert meydançalarının bağlanması haqqında sərəncam imzalayacaq. Bill de Blazio bu məhdudiyyətlərin nə qədər davam edəcəyi barədə məlumat verməyib. O, həmçinin bildirib ki, Nyu-York məktəbləri ən azı aprelin 20-dək, bəlkə də tədris ilinin sonunadək bağlı olacaq.

Ötən həftə Nyu-York ştatının qubernatoru Endryu Kuomo 500 və daha çox adamla yığıncaqlar və mitinqlər keçirməyı qadağan edib. Xatırladaq ki, martın 10-da o, Nyu-Roşel şəhəri ətrafında 1,5 kilometr radiusu olan ərazidə ilk karantin zonasının yaradılması barədə göstəriş vermişdi. Təhlükəsizlik tədbirlərini gücləndirmək, asayişi qorumaq, ictimai obyektlərin təmizlənməsi və dezinfeksiya edilməsi, eləcə də şəhər əhalisinin ərzaqla təchizatını təmin etmək məqsədilə Dövlət Milli Qvardiyası karantin zonasına göndərilib. Şəhərdə 200-ə yaxın təsdiqlənmiş koronavirus halı qeydə alınıb.

Hazırladı:
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

17 Mart 2020 12:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə