Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Saatlı: Muğan torpağı əkinçini naümid qoymaz

Muğanın ruzili, bərəkətli Saatlı rayonu yaz aylarında xüsusilə gözəl olur. Ucu-bucağı görünməyən taxıl və yonca zəmilərinin yaşıl örtüyü gözə, könülə rahatlıq gətirir. Yaxın günlər ərzində isə pambıqçılar səpinə başlayacaqlar. Rayonun səriştəli, təcrübəli fermer və pay torpaq mülkiyyətçiləri yaxşı bilirlər ki, Muğanda bol məhsul toplamaq üçün gərək torpağın dilini yaxşı biləsən, ­aqrotexniki qaydalara düzgün əməl edəsən ki,  çəkdiyin zəhmət hədər getməsin. 

Saatlıda işini yaxşı bilən, torpağa, zəhmətə bağlı insanlar çoxdur. Onların halal, gərgin əməyi də bəhrəsiz qalmır. Rayonda illər bir-birindən uğurlu gəlir, məhsul istehsalı artdıqca, əhalinin gəliri çoxalır, güzəranı yaxşılaşır. 
Saatlıdakı yaraşıqlı ­Muğan parkında ilk rastlaşdığım şəxslərdən biri bu bölgədə el-oba arasında xətir-hörmətli ziyalı Seyidağa Kazımov oldu. Ağsaqqal fəxrlə dedi ki, çağdaş Azərbaycan dövləti öz tarixinin intibah dövrünü yaşayır. Ölkəmizdə baş verən yüksəlişi müşahidə etmək hər bir ölkə vətəndaşı kimi, onun üçün də olduqca xoşdur. 
Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov isə bildirdi ki, Azərbaycan dövləti ölkəmizin bütün bölgələri kimi, Saatlı rayonunun da sürətli inkişafına böyük diqqət və qayğı göstərir. Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının uğurlu icrası nəticəsində rayonda davamlı və hərtərəfli inkişafın bünövrəsi qoyulmuşdur. 
Sonra yolumu Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) ofisinə saldım. Burada bildirdilər ki, son illər rayonda kənd təsərrüfatının bütün sahələrində, o cümlədən taxıl, barama, ət, süd və yumurta istehsalı sahəsində nəzərəçarpan uğurlar əldə olunmuşdur. 
Saatlıda son illər pambıqçılığın inkişafına xüsusi diqqət yetirilir. Nəticə də göz qabağındadır. Ötən il rayonun pambıqçıları hər hektardan 41 min 813 ton pambıq tədarük ediblər. Yeri gəlmişkən, bu, respublikada ən yüksək göstəricidir. 
Təqdirəlayiq haldır ki, ötən il məhsulun çox hissəsi maşınla yığılmışdır. Pambıqçılığın inkişafına dövlət tərəfindən göstərilən maliyyə və digər zəruri dəstək istehsalçıları daha da ruhlandırmışdır. Təsadüfi deyil ki, onlar bu il pambıq istehsalını daha da artırmaq əzmindədirlər. 
Rayonun Mircəlal kəndində qabacıl fermer Nizami Məmmədovla görüşdüm. O bildirdi ki, Azərbaycan dövləti aqrar sahənin inkişafına böyük diqqət və qayğı göstərir. Dövlət başçısı İlham Əliyevin göstərişi ilə ölkəmizdə pambıqçılığın inkişafına yaşıl işıq yandırılması rayon əhalisi arasında məmnunluqla qarşılanıb. 
Yeri gəlmişkən, ötən il kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs orden və medallarla təltif olunmuşlar. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Nizami Məmmədov 3-cü dərəcəli “Əmək” ordeninə layiq görülmüşdür. N.Məmmədov bu barədə söz düşəndə ürək dolusu dedi:
--Mən yüksək mükafata görə möhtərəm Prezidentimizə minnətdaram. Təbii ki, bu etimadı doğrultmağa çalışacağam. 
Muğanda hər kəs yaxşı bilir ki, kifayət qədər suvarma suyu olmadan burada yüksək məhsuldarlığa nail olmaq qeyri-mümkündür. Buna görə də rayonda meliorasiya tədbirlərinə böyük diqqət göstərilir. Rayon ərazisindəki kollektor-drenaj şəbəkəsi lildən təmizlənir, nasos stansiyaları və hidrotexniki qurğular təmir edilir. 
Lakin uzun illərdir Saatlı rayonunun bəzi kəndləri sudan korluq çəkir. Ötən il havaların quraq keçməsi bu çətinlikləri daha da artırdı, əkinlərin, xüsusilə pambıq sahələrinin suvarılmasında ciddi problemlər yarandı. 
2019-cu il dekabrın 19-da ölkə başçısı cənab İlham Əliyevin sədrliyi ilə keçirilən pambıqçılıq müşavirəsində Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov tərəfindən bu problem qaldırıldı. 
N.İsmayılov dedi ki, Prezident məsələyə çox ciddi münasibət bildirdi, mərkəzi icra orqanlarının rəhbərlərinə Saatlının su probleminin həlli ilə bağlı konkret göstəriş verdi. Bu tapşırığa uyğun olaraq hazırda layihə işləri yekunlaşmaq ərəfəsindədir. Layihəyə görə, Kür çayından saniyədə 20 kubmetr həcmində suötürmə gücünə malik 17 kilometr uzunluğunda beton suvarma kanalı çəkilməlidir. 
Saatlılılar inanırlar ki, yaxın vaxtlarda Kür çayından həmin kanalın çəkilişinə başlanılacaq. Beləliklə, su problemi həllini tapacaq. Saatlı RİH başçısı fəxrlə dedi ki, o, fürsətdən istifadə edərək rayonun bütün sakinləri adından ölkə başçısına dərin minnətdarlığını bildirir.
Saatlıda “İD-Aqropark” adlanan müəssisənin yaradılması istiqamətində də işlər uğurla gedir. Məlumat üçün bildirək ki, müəssisə 7 min hektar ərazidə yaradılır. Burada soyuducu anbar, istixanalar, tövlələr, yem zavodu, quşçuluq fabriki tikiləcək və kənd təsərrüfatı məhsullarınn istehsalı və emalı ilə bağlı müxtəlif bitki növləri becəriləcəkdir. 
Aqroparkda 2019-cu ilin payızında 365 hektar sahədə arpa, 285 hektar sahədə buğda, əlavə olaraq 50 hektar sahədə yonca əkilmişdir. Hazırda ərazidə 41 nəfər işləyir, gələcəkdə isə 390 nəfərin işləməsi nəzərdə tutulur. 
Rayonda genişmiqyaslı tikinti-quruculuq, abadlıq işləri görülür. Saatlı şəhərinin Şeyx Yusif, Səməd Vurğun, Əhməd Cavad, Nizami, Xanəli Pirverdiyev, Mirzə Şəfi və Mirağa Ağayev küçələrinə yeni asfalt örtüyü çəkilmişdir. Yeri gəlmişkən, Saatlı rayonu yolların abadlığına görə də yaxşı mənada seçilir. Burada elə bir kənd, yaşayış məntəqəsi yoxdur ki, son illər ora abad, rahat yollar çəkilməsin. 
 “Muğan” parkı şəhərin ən yaraşıqlı istirahət məkanı hesab olunur. Sahəsi 2 hektar olan parkda, uşaq əyləncə qurğuları quraşdırılıb. “Muğan” parkı ilə yanaşı, şəhərdəki “Gənclər” parkı da abadlaşdırılıb. 
Son illər rayonda yaşıllıqların salınmasına da diqqət artmışdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsünə qoşulan saatlılılar ötən ilin dekabrın 6-da 50 mindən çox ağac əkdilər. Eyni zamanda, rayon ərazisində 40 min tut tingi əkilmiş, meşə zolaqlarının, yaşıllıqların və gül kollarının qorunmasına xidmət göstərilmişdir.
Rayonda yeni müəssisələrin açılmasına, iş yerlərinin yaradılmasına diqqət heç vaxt azalmır. Saatlı Rayon Məşğulluq Mərkəzindən bildirdilər ki, təkcə ötən il rayon üzrə cəmi 3092, o cümlədən 696 daimi iş yeri açılmışdır. 2019-cu ildə Saatlı rayonunda 6 Qarabağ əlili, 2 şəhid ailəsi olmaqla ümumilikdə 8 fərdi ev tikilmişdir.
Rayonda təhsilin maddi-texniki bazasının gücləndirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi daim diqqət mərkəzindədir. 2019-cu ildə rayonun Sarıcalar kənd tam orta məktəbinin binası əsaslı təmir olunmuşdur. Şirinbəyli və Soltanabad kəndlərinin ərazisində hər biri 96 şagird yerlik modul tipli məktəblər tikilib istifadəyə verilmişdir. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində rayonun Orta Muğan kəndində 432 şagird yerlik tam orta məktəb üçün yeni bina tikilir.
Bəli, bu yaz günlərində Saatlıda gördüklərim, müşahidə etdiklərim məndə xoş təəssüratlar oyatdı. Hamının sözündə, gözündə xalqımızın sabahına dərin inam və ümidlər gördüm. Hər yerdə hiss etdim ki, insanlar iş başında olmaqdan, qurub-yaratmaqdan dərin zövq alırlar. 
Əminəm ki, saatlılılar əvvəlki illərdə olduğu kimi, bu il də bol məhsul toplayacaqlar. Axı, Muğan torpağı əməkçini naümid qoymaz! 

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri 

17 Mart 2020 21:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə