Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ÜST missiyası Azərbaycanın koronavirusa cavab tədbirlərini genişləndirmək üçün göstərdiyi səyləri yüksək qiymətləndirib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu (COVID-19) pandemiya olaraq xarakterizə edib. Bu, bütün ölkələrə əhalisini və dünyanı qorumaq üçün fəaliyyətə keçməyə çağırışdır və qlobal həmrəyliyə nail olmaq çox vacibdir. 
Bunu ÜST-ün koronavirus pandemiyasına qarşı Azərbaycan hökumətinə hazırlıq tədbirləri ilə bağlı dəstək göstərmək üçün ölkəmizə səfərə gəlmiş missiyanın yekunlarına dair mətbuat konfransında nümayəndə heyətinin rəhbəri Karolina Braun deyib. O, pandemiya ilə əlaqədar çətinliklər və onların həlli yolları üzərində Bakıda olduqları müddət ərzində intensiv iş apardıqlarını və bu işdə onlara göstərilən dəstəyə görə Azərbaycanın rəsmi qurumlarına minnətdarlığını bildirib. “Azərbaycanın koronavirusa cavab tədbirlərini genişləndirmək üçün göstərdiyi səyləri yüksək qiymətləndiririk”,- deyə missiya rəhbəri bildirib.
Onun sözlərinə görə, martın 9-dan 13-dək davam edən 5 günlük səfər çərçivəsində ekspertlər Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təmsilçiləri ilə respublika və regional səviyyəli xəstəxanalara, həmçinin Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyalarına, Azərbaycan Tibb Universitetinə və sərhəd keçid məntəqələrinə baş çəkib, ölkədə koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üzrə profilaktik tədbirlərlə tanış olublar. ÜST-ün ­ekspert qrupu aşağıdakı sahələri inkişaf etdirmək üçün səhiyyə orqanları ilə əməkdaşlıq edib: nəzarət və laboratoriya müayinəsi; risk kommunikasiyası; infeksiyanın qarşısının alınması və nəzarət; xəstələrə qulluq; zəruri dərmanlarla əlçatımlılıq, eləcə də ictimai yerlərdə lazımi məsafənin qorunması tədbirləri daxil olmaqla səhiyyə sisteminə təsirin azaldılması.
Karolina Braun ÜST-ün koronavirusa görə ekspress testlərinin hazırlanması üçün işlər aparılmasını diqqətə çatdırıb: “Ola bilsin ki, bu bir müddət sonra mümkün olsun. Hazırkı şəraitdə isə ÜST-nin testləri ilə müayinələr xüsusi laborator şəraitində aparılır. Bu virus yeni olduğundan bir çox ölkələr ona qarşı test hazırlaya bilmirlər. Buna görə də ölkələr testləri Ümumdünya Səhiyyə Təşkilatından alırlar”.
Həmçinin Azərbaycan hökumətinin qonşu ölkələrlə əlaqəli şəkildə COVID-19 virusunun dünyada yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə ÜST-ün “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul etdiyi və bu qərar ÜST tərəfindən təqdir edildiyi bildirilib.
ÜST-ün ölkəmizdəki nümayəndəliyinin rəhbəri Hande Harmancı öz növbəsində bildirib ki, Azərbaycanda yaya qədər virusun yayılması göstəricisinin azalmasını indidən demək çətindir: “Yay aylarında virusun yayılması hallarının səngiməsi ilə bağlı demək istəyirəm ki, hazırda Çində yoluxma faizi azalır. Lakin orada yeni faktların aşkarlanmaması üçün qabaqlayıcı tədbirlər bu gün də davam etdirilir”.
TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib ki, bu günə qədər Azərbaycanda 19 koronavirusa yoluxma faktı qeydə alınıb. Onun sözlərinə görə, xəstələrin 3-ü artıq sağalıb. 
Qeyd edək ki, Azərbaycan Respublikası və ÜST arasında uzunmüddətli səmərəli əməkdaşlıq münasibətləri mövcuddur. Azərbaycan Respublikası ÜST-ün qlobal miqyasda COVID-19 virusuna qarşı mübarizə səylərini yüksək qiymətləndirir. ÜST-ün COVID-19 virusu ilə bağlı tövsiyələri Azərbaycan tərəfindən nəzərə alınır və tətbiq olunur.

 

AZƏRTAC

13 Mart 2020 23:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə