Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Məclisin 2020-ci il yaz sessiyasının iclası keçirilib

Martın 13-də altıncı çağırış Milli Məclisin növbəti iclası keçirilib. 
İclası açan Sədr Sahibə Qafarova parlament seçkilərinin nəticəsi olaraq ölkəmizin altıncı çağırış Milli Məclisinin uğurla formalaşdığını bildirib. İclasda Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov da iştirak edib və deputatlara vəsiqələrini təqdim edib.
Sonra çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov fevralın 9-da ölkəmizdə keçirilən Milli Məclisə seçkilərdə mandat qazanan deputatları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, rəhbərlik etdiyi qurumun seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq vəzifəsini uğurla həyata keçirdiyini diqqətə çatdırıb. Komissiya sədri seçkilərdə beynəlxalq seçki standartlarına uyğun tələb və normaların tam olaraq yerinə yetirilməsini ölkə rəhbərliyinin siyasi iradəsinin bariz nümunəsi kimi dəyərləndirib. O, buna görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib, altıncı çağırış Milli Məclisin Azərbaycan xalqına layiqincə xidmət edəcəyinə əmin olduğunu söyləyib.
Daha sonra Məzahir Pənahov Milli Məclisin Sədri Sahibə Qafarovaya, Sədrin birinci müavini Əli Hüseynliyə, müavinlər Adil Əliyev və Fəzail İbrahimliyə, həmçinin digər deputatlara vəsiqələrini təqdim edib.
Vəsiqələrin təqdimatından sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb. İclasın gündəliyinə 18 məsələ daxil edilib.
 Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunlarında edilən dəyişiklər barədə məlumat verərək bildirib ki, bu sənədlərdəki dəyişikliklər ötən ilin iyulunda birinci oxunuşda qəbul olunub. Sənədlərdəki birinci dəyişiklik “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya qanununun müvafiq maddələrinin “Normativ hüquqi aktlar haqqında” qanuna, ikinci dəyişiklik isə “Normativ hüquqi aktlar haqqında” qanunun Milli Məclisin Daxili Nizamnaməsinə uyğunlaşdırılması xarakteri daşıyır. Sənədlər səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
 Gündəlikdəki digər məsələ - “Əmanətlərin tam sığortalanması haqqında” qanunda dəyişiklik edilməsi barədə məlumatı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili verib. Bildirib ki, qanun 2016-cı il martın 4-dən qüvvəyə minib və bu il martın 4-də onun qüvvədəolma müddəti başa çatıb. Qanun layihəsində əmanətlərin tam sığortalanması müddətinin daha 9 ay, yəni, bu il dekabrın 4-dək uzadılması nəzərdə tutulur. Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
Sonra iclasda “Milli Məclisin 2020-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında” sənəd müzakirəyə çıxarılıb. Deputatlar Musa Qasımlı, Zahid Oruc, Qüdrət Həsənquliyev, Tahir Kərimli, Fəzail Ağamalı, Elman Məmmədov, Nəsib Məhəməliyev, Erkin Qədirli, Qənirə Paşayeva, Sahib Alıyev və Məlahət İbrahimqızı müxtəlif təkliflərlə çıxış ediblər. 
Çıxışlardan sonra Milli Məclisin 2020-ci il yaz sessiyasının Qanunvericilik İşləri Planı təsdiqlənib.
Sonra Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, gündəlikdə qalan digər məsələlər təşkilati xarakterlidir. Milli Məclisin komitələrinin tərkibinin formalaşdırılması ilə bağlı məsələlərin müzakirəsindən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq təsdiq edilib.
Bununla da Milli Məclisin martın 13-də keçirilən iclası öz işini başa çatdırıb.

 

AZƏRTAC

13 Mart 2020 22:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə