Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham ƏLİYEV: Son 16 il ərzində Azərbaycanda iqtisadi sahədə əldə edilmiş uğurların dünyada analoqu yoxdur

Azərbaycan uzun illər ərzində sabitlik yolu ilə gedir. Ölkəmizdə mövcud olan sabitlik Azərbaycan xalqının iradəsi ilə təmin edilir. Bizim apardığımız siyasət xalq tərəfindən dəstəklənir. Siyasət konkret işlərlə ölçülür. Bizim siyasətimizin təməlində konkret işlər, real inkişaf, söz yox, əməl dayanır və verilən hər bir söz həyatda öz əksini tapır. Ona görə də xalq tərəfindən bizə göstərilən etimad yüksək səviyyədədir və sabitliyin, əmin-amanlığın əsas şərtləri məhz budur.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Son 16 ildə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar, strateji əhəmiyyətə malik layihələrin reallaşdırılması respublikada iqtisadiyyatın daha da şaxələnməsi, özəl investisiyaların yüksək səviyyədə təşviqi üçün əlverişli zəmin yaradıb. Bütün bunlar, eyni zamanda,  yüksək dayanıqlı iqtisadi artımın təmin edilməsinə, valyuta ehtiyatlarının artmasına müsbət təsir göstərib. Bu, statistik göstəricilərdə də öz ifadəsini tapıb. Belə ki, iqtisadiyyat 3,4 dəfə, xarici ticarət 6,4 dəfə artıb, yoxsulluq səviyyəsi 49 faizdən 4,8 faizə düşüb. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 270 milyard dollara çatıb. Valyuta ehtiyatları 52 milyard dollar həddinə yüksəlib.

Dövlətimizin başçısı altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı nitqində sözügedən dövrdə əldə edilən yuxarıda sadalanan göstəriciləri diqqətə çatdıraraq deyib: “ Xarici borc ümumi daxili məhsulun 17 faizinə bərabərdir. Bu, çox aşağı göstəricidir. İnkişaf etmiş bəzi ölkələrdə bu, 100 faizdən çoxdur. Amma ondan daha önəmli məsələ odur ki, valyuta ehtiyatlarımız xarici borcumuzdan altı dəfə çoxdur. Yəni, istəsək, xarici borcumuzu bir ay ərzində sıfırlaya bilərik. Xarici borcu ödəmək üçün gərək bəzi ölkələrin valyuta ehtiyatları indikindən 50 dəfə artıq olsun.
Bu illər ərzində iqtisadi sahədə bu uğurlar əldə edilib, sosial sahədə maaşlar, pensiyalar on dəfədən çox artıb. Məcburi köçkünlərin, şəhid ailələrinin problemləri öz həllini tapır. Biz kosmik dövlətə çevrilmişik, üç peykimiz var. Dünya Astronavtika Konqresi 2022-ci ildə Bakıda keçiriləcək və bu haqqı biz gərgin mübarizədə qazanmışıq. Bu müsabiqədə 4 şəhər iştirak edirdi - Dehli, Rio-de-Janeyro, Sinqapur və Bakı. Biz bunu qazandıq. Nəyə görə? Çünki orada da bizə hörmət edirlər”.
Ölkə Prezidenti belə uğurların enerji sektorunda da əldə edildiyini, xalq, dövlət və qitə üçün mühüm önəm daşıyan layihələrin gerçəkləşdirildiyini, neft-qaz kəmərlərinın çəkildiyini, hazırda isə Cənub Qaz Dəhlizinin başa çatmaq üzrə olduğunu,  açıq dənizə çıxışı olmayan  Azərbaycanın  nəqliyyat mərkəzinə çevrildiyini  vurğulayıb.   
Yeri gəlmişkən, son 16 il ərzində inkişaf edən infrastruktur sahələrindən biri kimi nəqliyyat  sektoruna irihəcmli investisiyaların yönəldilməsi nəticəsində hava limanları, körpülər, tunellər və yol qovşaqlarının tikilməsi, yeni avtomobil və dəmir yollarının çəkilməsi, yenidən qurulması  ilə bağlı mühüm işlər görülüb.  
Tranzit potensialının reallaşdırılması istiqamətində də irimiqyaslı layihələr həyata keçirilib, o cümlədən Avropa-Qafqaz-Asiya (TRASECA) nəqliyyat dəhlizinin fəaliyyəti güclənib, Bakı-Tbilisi-Qars dəmir yolu istismara verilib, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə magistral yolların tikintisi layihələri uğurla davam etdirilib.  
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində salınan, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi də daxil olmaqla yaradılan Azad Ticarət Zonasının da Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsində xüsusi əhəmiyyəti danılmazdır. Azad Ticarət Zonası beynəlxalq yükdaşıma və Avropa-Asiya logistika zəncirlərində aparıcı rol oynamaqla yanaşı, yerli istehsalın təşviqi, “Made in Azerbaijan” brendinin dünya üzrə tanınmasında müstəsna xidmət göstərəcək. Bu  zonasının regional miqyasda Cənubi Qafqaz, Mərkəzi Asiya, İran, Rusiya və Türkiyənin bir hissəsinin daxil olduğu və 130 milyon insanı əhatə edən bir bazara xidmət göstərməsi planlaşdırılır.
Tarixi İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan Azərbaycan, həm də  ötən dövrdə digər dəhlizlərlə müqayisədə yüklərin ölkəmizin ərazisindən keçməklə müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı şərait yaradıb, daha əlverişli şərtlərlə qısa müddətdə, təhlükəsiz və vaxtında çatdırılmasına, tranzit daşımaların həcminin dəfələrlə artmasına nail olub.
Ötən 16 il ərzində sosial-iqtisadi layihələrin reallaşmasında mühüm rol oynayan dövlət büdcəsinin maliyyə təminatının möhkəmləndirilməsinə xüsusi önəm verilib, büdcə qaydaları, ortamüddətli xərclər çərçivəsi, dövlətin borc strategiyası, vergi-gömrük inzibatçılığının təkmilləşdirilməsi, dövlət müəssisələrində korporativ standartların tətbiqi, fiskal intizamın artırılması və digər tədbirlər həyata keçirilib. Məhz bunun nəticəsidir ki, həmin müddətdə dövlət büdcəsinin gəlirləri 20 dəfə artıb.
Dövlət büdcəsinin maliyyə təminatının möhkəmləndirilməsinə, şübhəsiz ki, son illərdə qeyri-neft sektorunun inkişafının diqqət mərkəzində saxlanılması,  qeyri-neft ixracının gücləndirilməsi istiqamətində islahatların dərinləşdirilməsi də böyük önəm daşıyıb. Buna görə də ötən il ölkəmizdən 19,6 milyard dollarlıq ixrac həyata keçirilib. Nəticədə ticarət dövriyyəsində 6 milyard dollar müsbət saldo yaranıb. Xüsusən də aparılan uğurlu islahatlar sayəsində nəinki 2019-cu il, ondan əvvəlki illər də qeyri-neft ixracı üçün uğurlu olub. Belə ki, 2017-ci ildə qeyri-neft ixracı 24 faiz, 2018-ci ildə 10 faiz, keçən il isə 14 faiz artıb. 
2019-cu il qeyri-neft ixracı 2 milyard dollara yaxınlaşıb. Bu isə strateji yol xəritələrinin 2025-ci ildə qeyri-neft ixracını adambaşına 450 dollara çatdırmaq hədəfinə nail olmaq istiqamətində ciddi irəliləyişlərdən xəbər verir. Yəni qeyri-neft ixracının artması istiqamətində görülən kompleks tədbirlər, xüsusən də ticarət nümayəndəliklərinin yaradılması, ticarət və şərab evlərinin, ixrac missiyalarının təşkili, “Azexport.az” portalının, “Bir pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyəti bu artımda xüsusi rol oynayır.  
Son illər ixracın əmtəə strukturunda da müsbət dəyişiklər baş verməsi büdcə daxilolmalarına müsbət təsir göstərib. Azərbaycan Prezidentinin təşəbbüsü ilə “SOCAR Polymer”, “SOCAR Karbamid” zavodlarının açılması, yeni elektrik stansiyalarının tikilməsinin, pambıqçılığın, tütünçülüyün inkişafının dəstələnməsi özünü real ixracın artmasında büruzə verib. Təkcə bir faktı qeyd edək ki, pambıqçılığın inkişafına verilən dəstək nəticəsində 2019-cu ildə pambıq lifinin ixracının dəyəri 54 faiz artaraq 124 milyon dollar təşkil edib.  
Hazırda respublikamızda qeyri-neft sektorunun inkişafı iqtisadi artımın başlıca mənbəyi kimi diqqət mərkəzində saxlanılır. Milli iqtisadiyyatın tərəqqisinə və ixracın şaxələndirilməsinə yönələn tədbirlər qeyri-neft sektorunda iqtisadi artıma müsbət təsir edir. Həmin tədbirlər sırasında son illər infrastruktur layihələrinin həyata keçirilməsi mühüm önəm daşıyır.
Son 16 il ərzində respublikamızda artıq şaxələndirilən iqtisadi sistem qurulub. Bu sahədə ciddi nailiyyətlər qazanılıb. Neft sənayesi ardıcıl inkişaf edib, müasir texnologiyalarla təchiz olunan onlarca yeni sənaye müəssisəsi işə salınıb.  “2015-2020-ci illər üçün Azərbaycan Respublikasında sənayenin inkişafı üzrə Dövlət Proqramı” əsasında ölkədə çoxsaylı sənaye parkları və sənaye məhəllələri, texnoloji parklar yaradılıb, mövcud istehsal obyektləri genişləndirilib. İnnovasiyalı istehsal iqtisadiyyatda, o cümlədən aqrar sahədə aparıcı istiqamətə çevrilib. İxrac üçün sənaye məhsulları istehsalı yüksək sürətlə artıb.  
Aqrar sektorda məhsul istehsalçıları üçün güzəştlər və dövlət yardımı iqtisadiyyatın bu sahəsinin inkişafına güclü təkan verib. Pambıqçılıq, taxılçılıq, ipəkçilik, üzümçülük, çayçılıq, tərəvəzçilik, çəltikçilik və arıçılıq kimi ənənəvi kənd təsərrüfatı sahələri dirçəldilib. Meyvə bağlarının sahəsi xeyli genişləndirilib. Aqroparklar ölkənin landşaftını tanınmaz dərəcədə dəyişib, xarici dövlətlərin Azərbaycanın kənd təsərrüfatı məhsullarına tələbatı xeyli artıb.
Dövlət başçısının son 16 il ərzində Azərbaycanın bölgələrinə mütəmadi səfərləri regional proqramların icrasını sürətləndirməklə bərabər, rayonların hərtərəfli inkişafının təmin edilməsi, yeni iş yerlərinin yaradılması və əhalinin həyat səviyyəsinin yüksəldilməsi sahəsində görülən işlərə güclü təkan verib. Prezident İlham əliyev həmin proqramların icra olunduğu dövr ərzində 2 minə yaxın infrastruktur obyektinin açılış və təməlqoyma mərasimlərində iştirak edib, istehsal təyinatlı müəssisələrin fəaliyyəti ilə tanış olub, sahibkarlarla görüşlər keçirib, qaldırılan məsələlərlə maraqlanıb və problemlərin həlli məqsədilə müvafiq strukturlara konkret tapşırıqlar  verib.
Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində hazırda respublikamızda müasir infrastruktur, istehsal və emal müəssisələri yaradılır, yeni iş yerləri açılır. İlk növbədə, əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına yönələn bu tədbirlər bir daha təsdiqləyir ki, dövlətimizin başçısının həyata keçirdiyi siyasətin mərkəzində insan amili– Azərbaycan vətəndaşı dayanır. Son vaxtlar sosial-iqtisadi sahədə aparılan əsaslı islahatlar da Prezident İlham Əliyevin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində reallaşdırılan tədbirlərin davamıdır.
Burada Azərbaycan Prezidentinin respublikamızın Qərb bölgəsinə səfərindən diqqətçəkən bir məqamı vurğulamaq yerinə düşərdi. Belə ki, son illər Azərbaycanda dövlət idarəetmə sistemində modernləşmənin, şəffaflığın təmin edilməsi və idarəetmədə yeni fəaliyyət üslubunun formalaşdırılması istiqamətində böyük uğurlara imza atılıb. Prezidentin 2012-ci il 13 iyul tarixli fərmanı ilə yaradılan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi –“ASAN xidmət” şəffaflığın artırılması, vətəndaşlara xidmətlərin daha keyfiyyətli, rahat və müasir innovasiyaların tətbiqi ilə göstərilməsini təmin etməklə yanaşı, bütün dünyada yeni və nadir bir idarəetmə modeli kimi qəbul olunub. 
Yuxarıda qeyd edilənlərdən belə bir qənaət hasil olur ki, son 16 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan məqsəd və hədəflərə doğru yeni, inamlı addımlar atılıb. Bunun nəticəsində respublikamızın beynəlxalq imici daha da yüksəlib, qlobalmiqyaslı uğurlar qazanılıb, həyatın bütün sahələrində dinamik inkişaf davam edib.

 

“Xalq qəzeti”

13 Mart 2020 22:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə