Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Heydər Əliyev Fondunun xeyirxah təşəbbüsləri sərhəd tanımır

“Azərbaycan Avropa ilə Asiyanın, Şərqlə Qərbin qovuşuğunda yerləşən ölkədir. Bu coğrafi mövqe ölkəmizi səciyyələndirən zəngin müxtəlifliyə təsir göstərib. Azərbaycanda məskunlaşan xalqlar arasında həmişə dostluq və qardaşlıq münasibətləri olub. Çoxsaylı dini konfessiyaların mövcud olması bizim böyük sərvətimizdir. O cümlədən Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası Müqəddəs Taxt-Tacın və Azərbaycanın müştərək layihəsinin tərkib hissəsidir. Bizim fondumuz bu müştərək işi gələcəkdə davam etdirməyə həmişə hazır olacaq”.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu fikirləri dörd il əvvəl Vatikana səfəri çərçivəsində Müqəddəs Taxt-Tac ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan müzakirələr və fondun təşəbbüsü ilə bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombalarının açılış mərasimi zamanı İtaliyanın və Vatikanın aparıcı kütləvi informasiya vasitələrinin “Müsəlman ölkəsi olan Azərbaycandakı fond xristian irsinin bərpası ilə bağlı işləri nə üçün maliyyələşdirir?” -- sualına verdiyi cavabında bildirmişdir. 
Həmin səfərdən sonra İtaliyanın “Avvenire” və “La Repubblica” qəzetlərinin saytlarıında , Vatikanın geniş oxucu kütləsinə malik “News.va” xəbər saytında, “Roma sette” informasiya portalında, Katolik xəbər agentliyi kimi tanınan “ACİ stampa” media qurumunun saytında, “Vatikan radiosu”nun saytında, Vatikanda dini xəbərlərin yer aldığı ən nüfuzlu qəzetlərdən biri olan “L’Osservatore Romano”da kardinal Ravazinin məxsusi məqaləsində və digər kütləvi informasiya vasitələrində Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası haqqında geniş məlumatlar dərc olundu, informasiyalar yayımlandı. Xristian dünyasının önəmli mədəni dəyərlərindən olduğu bildirilən bu katakombaların bərpasının Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında ­2012-ci ildə imzalanmış ikitərəfli sazişə əsasən həyata keçirildiyi eyd edilirdi. Vatikanın Mədəniyyət üzrə Pontifik Şurasının sədri, kardinal Canfranko Ravazi müsəlman ölkəsinin xristian abidəsinin bərpasına töhfə verməsinin tarixdə bir ilk olduğunu deməsi diqqətdən yayınmır. 
Heydər Əliyev Fondunun dəstəyi ilə xristian katakombaları arasında önəmli yeri olan Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası yerli din xadimləri tərəfindən də yüksək qiymətləndirilirdi. Bildirilirdi ki, incə əl işləri ilə, həssaslıqla həyata keçirilmiş bərpadan sonra bu katakombalar Mərhəmət yubileyi çərçivəsində Romaya gələn turistlərin ən çox ziyarət etdiyi məkan olacaq.
İtaliya və Vatikan kütləvi informasiya vasitələrində dərc edilən məlumatlarda geniş oxucu kütləsinə bildirilirdi ki, Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombalarında bərpa işləri ən son texnologiyalardan istifadə edilməklə və olduqca həssas şəkildə həyata keçirilib. Həmçinin diqqətə çatdırılırdı ki, Heydər Əliyev Fondu və Vatikanın Mədəniyyət üzrə Pontifik Şurası arasında əməkdaşlıq bundan sonra da davam etdiriləcək. Növbəti layihənin Müqəddəs Sebastian sərdabalarının bərpası ilə bağlı olacağı bildirilirdi. Mehriban xanım Əliyevanın Vatikana səfəri çərçivəsində həmin sərdabaların bərpasına dair ikitərəfli müqavilə imzalandı.
Yerli əhalinin xristian abidəsinin müsəlman ölkəsinin töhfəsi ilə yenidən həyata qaytarılması barədə fikir səsləndirməsi Heydər Əliyev Fondunun xeyirxah təşəbbüslərinin sərhəd tanımadığının, nümunəsi kimi qəbul edilmiş, bunun dünya ölkələrinə nümunə olduğu bildirlmişdir. Mehriban xanım Əliyevanın “Bizim ən böyük dəyərimiz ölkəmizdə müxtəlif dinlərin bir arada mövcudluğudur” – fikri, demək oar ki, bütün yerli kütləvi informasiya vasitələrinin manşetində yer almışdı. 
Ümumiyyətlə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi fond təsis olunduğu müddət ərzində təkcə ölkə həyatının bütün sahələrində irimiqyaslı layihələr həyata keçirməklə, ehtiyacı olanlara kömək əlini uzatmaqla, onlara sevinc bəxş etməklə deyil, dünyanın əksər ölkələrində, çox-çox uzaqlarda insanların, din xadimlərinin böyük sevgisini qazanıb.
Bu gün dünyanın bir sıra ölkələrində ictimai-siyasi həyatda hökm sürən gərginliyin, kütləvi etiraz aksiyalarının və münaqişələrin daha da artdığı, miqrant axınının kütləvi xarakter aldığı , hətta bəzi regionlarda dini amildən bir vasitə kimi istifadə edərək, sülhə və təhlükəsizliyə təhdid törədildiyi gərgin və çətin şəraitdə Azərbaycanın, xüsusilə Heydər Əliyev Fondunun əsl tolerantlıq nümunəsi göstərməsi, mədəniyyətlər və sivilizasiyalararası dialoqa geniş meydan verməsi, ölkəni bu istiqamətdə tədbirlərin keçirildiyi məkana çevirməsi dünya birliyində də yüksək qiymətə layiq görülür. 
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə, Romada, Vatikanda, Berlində, Londonda, Varşavada və digər ölkələrdə keçirilən tədbirlər ölkəmizin, zəngin dövlətçilik ənənələrimizin dünyada tanıdılması istiqamətində əvəzsiz töhfələrdəndir.
Azərbaycanın bənzərsiz mədəniyyətinin dünyada təbliği missiyasında da Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd edilməlidir. Fondun təşkilatçılığı ilə mötəbər beynəlxalq qurumlarda, dünyanın möhtəşəm şəhərlərində ölkəmizlə bağlı sərgilər, mədəniyyət gecələri və digər tədbirlərin keçirilməsi, Dünya Dini Lidelərinin Sammiti Azərbaycanın tolerant ölkə olmasından xəbər verir. Avropa Parlamentinin mənzil-iqamətgahında, Afinada, Kannda və dünyanın bir sıra digər ölkələrində Azərbaycan mədəniyyəti günlərinin keçirilməsində, Qərbin mədəniyyət beşiyi hesab olunan Fransanın paytaxtında Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasında, dünyanın müxtəlif şəhərlərində görkəmli şəxsiyyətlərimizin abidələrinin ucaldılmasında Heydər Əliyev Fondunun əvəzsiz xidmətləri var. Londonda, Parisdə, Berlində təşkil olunan “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgiləri, həmçinin dünyanın müxtəlif şəhərlərində təşkil olunan “Azərbaycan – tolerantlıq məkanı” adlı foto-sərgilər, Venesiya Biennalesində təşkil olunan Azərbaycan pavilyonlarındakı sərgilər respublikamızın dünyada daha yaxından tanıdılması istiqamətindəki xüsusi əhəmiyyəti ilə yanaşı, beynəlxalq ictimaiyyətin ölkəmizə olan marağının daha da artmasına xidmət edib.
Heydər Əliyev Fondunun dəstəyi ilə Rumıniyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən tədbir də xüsusi qeyd olunmalıdır. Fondun dəstəyi və “Hamının evi” Assosiasiyasının təşkilatçılığı ilə Buxarestin mərkəzində yerləşən “Sehrli Teatrda” 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbirdə Buxarest meriyasının, Rumıniyada fəaliyyət göstərən QHT-lərin, Əmək, Sosial və Ailə Müdafiəsi Nazirliyinin, Buxarestdəki uşaq evlərinin, uşaq bağçalarının, fiziki və əqli qüsurlu uşaqların qorunub- saxlanılması üçün nəzərdə tutulmuş xüsusi rejimdə fəaliyyət göstərən təhsil müəssisələrinin şagirdləri və müəllimləri, həmçinin valideynləri iştirak ediblər. Mərasimə əlil və fiziki qüsurlu uşaqlar da daxil olmaqla, 500-ə yaxın uşaq qatılıb. Heydər Əliyev Fondu artıq 7 ildir ki, Rumıniyada, ölkənin əksər bölgələrini əhatə edən humanitar və xeyriyyəçilik fəaliyyəti göstərir.
Fransada yerləşən məşhur Notr-Dam kilsəsinin təmiri ilə əlaqədar Heydər Əliyev Fondunun təşəbbüsü ilə göstərilən maliyyə yardımı da beynəlxalq aləmin diqqət mərkəzindən yayınmayıb. Layihənin təqdimat mərasimində şəhərin rəsmiləri və qonaqlar, şəhərin baş yepiskopu və dini qurumların nümayəndələrinin, Alzas regionunun prefektinin, yerli özünüidarə orqanlarının məsul şəxslərinin, Fransa Mədəniyyət Nazirliyinin Alzas bölgəsi üzrə Baş İdarəsinin rəhbəri və əməkdaşlarının, Türkiyənin Avropa Şurası yanındakı Nümayəndəliyinin rəhbəri və Strasburqdakı baş konsulunun, Azərbaycanın Avropa Şurası yanındakı Daimi Nümayəndəliyinin əməkdaşlarının, yerli ziyalıların iştirak etdikləri mərasim hələ də yaddaşlardan silinməyib. Həmin tədbiri açan Notr-Dam Kilsəsi Fondunun rəsmi nümayəndəsi Remi Bodrü xeyriyyəçilik işinin müxtəlif xalqların və ölkələrin yaxınlaşmasında mühüm rolunu qeyd etmiş, 1500 kvadratmetrlik sahəni əhatə edən və Xl əsrə aid qədim tarixi abidənin təmiri məqsədilə Heydər Əliyev Fondunun göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirmişdir.
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən Heydər Əliyev Fondunun sərhəd tanımayan xeyirxah təşəbbüsləri fonda dünyada böyük nüfuz qazandırıb. Pakistanda, Cibutidə, Bosniya və Herseqovina, Misir, Hindistan, Haiti və digər ölkələrdə həyata keçirilən xoşməramlı aksiyalar Azərbaycana olan rəğbəti daha da artırıb. Artıq beynəlxalq ictimaiyyətə də bəllidir ki, dünyada mədəni irsin qorunması, tarixi-mədəni abidələrin və mədəniyyət obyektlərinin bərpası fondun fəaliyyətində prioritet sahələrdən birini təşkil edir. Bu xeyirxah təşəbbüslər sayəsində həyata keçirilən layihələr Azərbaycanın dünyada tolerant ölkə kimi tanınmasında mühüm rol oynayır. Strasburq Kafedral kilsəsinin XIV əsrə aid olan beş pəncərəsinin, Versal Sarayının parkındakı “Amazonka”nın və “Qulpları favn başları ilə bəzədilmiş vaza”nın, Fransada X-XII əsrlərə aid 7 kilsənin, Bolqarıstanın Veliko Tırnovo şəhərində yerləşən “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpasını, Romanın Kapitolini Muzeyinin “Filosoflar zalı”nın təmirini həyata keçirən Heydər Əliyev Fondu Parisin Luvr muzeyində İslam incəsənətinə həsr olunmuş yeni zalların yaradılmasında da iştirak edib. Bütün bunlarla yanaşı, fond İkinci dünya müharibəsi illərində dağıdılmış və yandırılmış Berlin qəsrinin bərpası təşəbbüsünə də qoşulub. Bütün bu xeyirxah missiyalar Heydər Əliyev Fondunun və şəxsən Mehriban Əliyevanın beynəlxalq aləmdəki reytinqini getdikcə yüksəldib və müxtəlif qiymətli mükafatlara layiq görülüb. 
Uzun müddət dünyanın diqqət mərkəzində olan Azərbaycan məhz Mehriban Əliyevanın yüksək təşkilatçılıq qabiliyyəti sayəsində mötəbər tədbirlərə uğurla evsahibliyi edib. Təsadüfü deyil ki, ilk Avropa Oyunlarının təşkilindəki böyük xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva “Heydər Əliyev” ordeni ilə təltif olundu. Həmçinin Azərbaycanın birinci xanımına idman sahəsindəki xidmətlərinə görə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Orden, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı, Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı da təqdim edilib.
Bundan başqa, müxtəlif sahələrdəki xidmətlərinə görə Polşanın “Böyük Komandor Xaçı”, Fransanın “Şərəf Legionu”, Serbiyanın “Sreten”, Macarıstanın “Komandor Xaçı” ordeni, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni, UNESKO-nun “Qızıl Motsart” medalı və digər çoxsaylı mükafatlarla təltif olunub. 
Yaxın günlərdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva daha bir yüksək mükafata -- Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə - IX Piy Ordeninin Böyük Xaçına layiq görülüb. 
Bütün bunlar Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dünyadakı nüfuzunun, fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir.

 

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

6 Mart 2020 21:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə