Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənilərin təxribatı nəticəsində şəhid olmuş sərhədçi əsgərimiz dəfn edilib

Ötən gün Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olarkən düşmən snayperi tərəfindən açılan atəş nəticəsində şəhid olan sərhədçi əsgər Orxan Paşazadənin nəşi doğulduğu Cəlilabad rayonunun Cəfərxanlı kəndinə gətirilib. 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, martın 6-da sərhədçi əsgərimizin nəşi torpağa tapşırılıb.
Dəfn mərasimində Dövlət Sərhəd Xidmətinin nümayəndələri, rayon rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dövlət Sərhəd Xidmətinin rəsmisi şəhid əsgərin təltif olunduğu "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı onun atasına təqdim edib. 
Qeyd edək ki, martın 5-də saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub.
Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər Orxan Nazim oğlu Paşazadə yaralanıb, dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

6 Mart 2020 20:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə