Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın Energetika naziri Vyanada səudiyyəli, rusiyalı həmkarları və OPEC-in baş katibi ilə görüşüb

Vyanada səfərdə olan Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanının Energetika naziri şahzadə Əbdül Əziz bin Salman, OPEC-in baş katibi Məhəmməd Sanusi Barkondo və Rusiyanın Energetika naziri Aleksandr Novak ilə görüşlər keçirib. 
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, səudiyyəli nazirlə görüşdə neftə tələbatı azaldan və qiymətə təsir edən amillər, o cümlədən koronavirusun iqtisadi inkişafı zəiflətməsi vəziyyətində neft bazarının tənzimlənməsi məsələləri müzakirə edilib. “OPEC plus” ölkələrinin neft bazarına növbəti dəstəyinin vacibliyi qeyd olunub. 
Görüşdə, həmçinin ikitərəfli enerji əməkdaşlığına dair məsələlərə də toxunulub. 240 meqavat gücündə külək enerjisi layihəsi üzrə Energetika Nazirliyi və “ACWA Power” şirkəti arasında imzalanmış İcra müqaviləsinin iki ölkə arasında enerji əməkdaşlığının inkişafında əhəmiyyətindən bəhs edilib. Səudiyyəli nazir külək elektrik stansiyasının tikintisi ilə bağlı investisiya layihəsinin həyata keçirilməsi üçün “ACWA Power” ilə müvafiq müqavilələrin imzalanması mərasimində iştirakına razılıq verib.
OPEC-in baş katibi M.Barkondo və Rusiyanın Energetika naziri A.Novakla görüşlərdə isə neft bazarının qısa və uzunmüddətli perspektivdə inkişafı nəzərdən keçirilib. Neftin qiymətində volatilliyin və tələb-təklif arasında fərqin azaldılması üçün hasilatın məhdudlaşdırılması təklifi üzrə fikir mübadiləsi aparılıb. Neft bazarının tənzimlənməsi baxımından OPEC və qeyri-OPEC ölkələri arasında əməkdaşlığın və öhdəliklərin icrasının zəruriliyi vurğulanıb.

6 Mart 2020 20:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə