Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Made in Azerbaijan” brendi xarici ölkələrdə uğurla tanıdılır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illərdə çevik və qətiyyətli, uzaqgörən siyasət nəticəsində iqtisadiyyatın şaxələndirilməsi və investisiya qoyuluşunun sürətləndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin olunması, habelə ixrac imkanlarının genişləndirilməsi istiqamətlərində mühüm tədbirlər həyata keçirilib. “Made in Azerbaijan” brendinin coğrafiyası genişləndirilib. Məhsullarımız bir sıra ölkələrin ticarət evlərində satışa çıxarılıb.

Ölkə rəhbərinin “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 18 yanvar 2016-cı il tarixli sərəncamı, “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 1 mart 2016-cı il tarixli fərmanı və digər hüquqi sənədlər Azərbaycanda qeyri-neft sektorunun inkişafına, eləcə də ixrac potensialının güclənməsinə müsbət təsir göstərib.
Qeyri-neft məhsullarının ixracının artmasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsi də önəmli rol oynayır. İqtisadiyyat Nazirliyində sahibkarlıq fəaliyyətinin diqqət mərkəzində saxlanılması, investisiya qanunvericiliyinin daha da təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlanması bunun bariz ifadəsidir. Məsələn, adıçəkilən nazirlikdə artıq özəl sərmayə qoyuluşunun prioritetliyi nəzərə alınaraq, iqtisadiyyatın investisiya cəlbediciliyinin stimullaşdırılması üçün investisiya fəaliyyəti haqqında yeni qanun layihəsi və birbaşa xarici investisiyaların təşviqinə dair Strategiya, “Azərbaycana sərmayə” (“İnvest in Azerbaijan”) və “Azərbaycanda ilk” (“First in Azerbaijan”) təşviq mexanizmləri, ölkədə fəaliyyət göstərən müəssisələrin qlobal dəyər zəncirlərinə qoşulmasına dair Tədbirlər Planı hazırlanıb.
Bütün bunlar barədə martın 2-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) 2019-cu ildəki fəaliyyətinə, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində görülən işlər və nəzərdə tutulan tədbirlərə dair mətbuat konfransında ətraflı məlumat verilib. Qeyd olunub ki, 2019-cu ildə Azərbaycan şirkətləri öz məhsullarını Almaniyada “Beynəlxalq Yaşıl Həftə 2019”, “Fruit Logistica 2019”, “Anuga 2019”, Rusiyada “Prodexpo 2019”, “Worldfood Moscow 2019”, “MosBuild 2019”, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) “Gulfood 2019”, Çində “Sial China 2019”, “Prowine China 2019”, “Çin Beynəlxalq İdxal Sərgisi” və “Food and Hotel” beynəlxalq sərgilərində vahid ölkə stendində nümayiş etdirib. “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə Azərbaycan məhsulları indiyədək 30 beynəlxalq sərgidə vahid ölkə stendində təqdim olunub.

 

Ötən il “Made in Azerbaijan” brendinin təşviqi və ixracın dəstəklənməsi məqsədilə Çin, Polşa, Latviya, Qətər, İsveçrə, Rusiya, BƏƏ olmaqla 7 xarici ölkəyə 9 ixrac missiyası təşkil olunub. İndiyədək isə 33 ixrac missiyası təşkil edilib. 2019-cu ildə ixrac təşviqinin ödənilməsi ilə bağlı daxil olan müraciətlər əsasında sahibkarlıq subyektlərinə 9 milyon manatadək ixrac təşviqi ödənilib. Ümumilikdə isə indiyədək sahibkarlara 17 milyon manatadək ixrac təşviqi verilib.
Bütün bunlarla bərabər, yerli məhsulların xarici ölkələrdə tanıdılması məqsədilə 2019-cu ildə Dubay şəhərində “Azərbaycan Ticarət Evi”, Rusiyanın Yekaterinburq şəhərində “Azərbaycan Şərab Evi” açılıb. Bununla yanaşı, Moskvada ticarət evi konseptində “Azərbaycan nemətləri” mağazası fəaliyyətə başlayıb. Bu günlərdə isə Moskvanın tanınmış hipermarketlər şəbəkəsində “Azərbaycan nemətləri” guşəsi açılıb. Bundan əlavə, AZPROMO bir çox investisiya təşviqi agentlikləri, ticarət və sənaye palataları və digər müvafiq institutlar ilə əməkdaşlığın möhkəmləndirilməsi və yeni əlaqələrin qurulması istiqamətində işlər aparıb. Ötən il 6 ölkədən olan 10 müvafiq qurumla 11 anlaşma memorandumu imzalanıb. Bu istiqamətdə işlər bu il də davam etdirilir. Belə ki, Prezident İlham Əliyevin İtaliya Respublikasına dövlət səfəri çərçivəsində AZPROMO və İtaliya Ticarət Agentliyi (ICE), İtaliyanın İxrac Kredit Agentliyi (Simest) və “K-BEKSPORT SRL” şirkəti, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfəri çərçivəsində Türkiyə Xarici İqtisadi Əlaqələr Təşkilatı (DEİK) arasında anlaşma memorandumları imzalanıb.
Bu ilin əvvəlindən Azərbaycan məhsulları xarici ölkələrdə keçirilən 3 beynəlxalq sərgidə nümayiş olunub. Belə ki, Azərbaycan şirkətləri Berlində təşkil edilmiş “Beynəlxalq Yaşıl Həftə 2020”, Moskvada “Prodexpo 2020” və Dubayda “Gulfood 2020” beynəlxalq sərgilərində “Made in Azerbaijan” vahid ölkə stendi ilə iştirak edib.
“Made in Azerbaijan” brendinin təşviqi, yerli məhsulların xarici bazarlarda daha çox tanıdılması və eləcə də ixracın və istehsalın stimullaşdırılması məqsədilə tədbirlər bu il də davam etdiriləcək. Belə ki, İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə tikinti və inşaat məhsulları sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətləri Moskvada təşkil olunacaq “MosBuild 2020” beynəlxalq sərgisində iştirak edəcəklər. Bundan başqa, ilin sonunadək Koreya Respublikası, Fransa, Rusiya, Çin, BƏƏ və digər ölkələrdə keçiriləcək beynəlxalq sərgilərdə Azərbaycan məhsullarının “Made in Azerbaijan” vahid ölkə stendində nümayişi, eləcə də Şərqi Avropa, MDB və körfəz ölkələrinə, həmçinin Koreya Respublikasına, Çin, Türkiyə və digər ölkələrə ixrac missiyalarının təşkili nəzərdə tutulur. Bununla yanaşı, bu ilin mayında qida, şərab və digər spirtli içki məhsulları sahəsində Azərbaycan ərazisinə alıcı missiyası təşkil olunacaq. Missiyada Almaniya, Polşa, Xorvatiya, Avstriya və Macarıstandan olan sahibkarların iştirakı gözlənilir. Qeyri-neft sektorunun inkişafı, ölkə iqtisadiyyatının şaxələndirilməsi, yerli məhsulların xarici bazarlarda satışının artırılması istiqamətində işlər davam etdiriləcək.

 

“Xalq qəzeti”

6 Mart 2020 20:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə