Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkədə koronavirus təhlükəsinə ciddi nəzarət olunur

Hər il qış fəslində poliklinikalara, xəstəxanalara əhali tərəfindən müraciətlərin və evə çağırışların sayı digər aylara nisbətən çox olur. Bu da mövsümlə əlaqədar insan orqanizminin ətraf mühit amillərinin təsirinə məruz qalması nəticəsində immun sisteminin zəifləməsi ilə bağlıdır. Buna görə də, xroniki xəstəliklərin kəskinləşməsi, virus infeksiyalarına yoluxma məhz bu mövsümdə baş verir. Hər il insanlar yuxarı tənəffüs yolları virus infeksiyalarından əziyyət çəkir. Bu il də soyuqlamalar, qrip, öskürək, həm böyüklər, həm uşaqlar arasında kütləvi yayılıb. Bu azmış kimi, bütün dünyanı həyəcanda saxlayan koronovirus insanları qorxuya salıb. Nə qədər maarifləndirmə aparılsa, ehtiyat tədbirləri görülsə də, vətəndaşlarımız arasında həyəcan yetərincə var. 

Bu günlərdə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancının televiziyaya müsahibəsini dinlədim. Onun fikrincə, koronavirusa yoluxmuş  81 faiz insan xəstəliyi yüngül formada keçirir. Yəni, çox az qızdırma, cüzi öskürək olur və bəzən həkimə belə getmədən xəstəlik ötüşür. İnsanların təqribən 4 faizi xəstəliyi ağır formada keçirir və xəstəxanaya yerləşdirilir. Ancaq xəstəxanalarda xüsusi ayrılmış personal insanların ümumi vəziyyətinə kömək edir. H1N1-lə (quş qripi) müqayisədə bu virus daha yoluxucudur. Avropadakı iki laboratoriyada ilkin nəticələr nəzərdən keçirilib və ÜST ən yaxşı diaqnostik testləri alıb bütün ölkələrə verib. Azərbaycana 1000 test göndərilib və ikinci dəfə yenidən paylanılacaq. Hökumətimiz testləri almaqda maraqlıdır və həmin laboratoriyalarla sıx əlaqə saxlayır.
ÜST-ün məlumatına görə, dünyada ilk dəfə bu qədər böyük karantin sistemi tətbiq olunub. Budəfəki təcrübədə bütün ölkə karantin rejiminin müsbət nəticələr verdiyini gördü. Ümumilikdə, virusun yüksək temperatura dözümlü olmadığını bilirik, ancaq havalar isindikcə yayılmanın necə nəticə göstərəcəyi məlum deyil. 
İş orasındadır ki, müayinə aparılmadan hər il mövsümdə yayılan virusların yaratdığı simptomlara koronavirus əlamətləri demək düzgün deyil. Çünki, bu, adi qrip də ola bilər. Amma 10 yaşından aşağı insanlar arasında dünyanın heç bir yerində bu infeksiyadan ölüm hadisəsi qeydə alınmayıb. Bütün virusların uşaqlara yoluxma ehtimalı var və ona görə, profilaktik tədbirlərə əməl etmək lazımdır. Uşaqlarda əsasən, təngnəfəslik, öskürək və qızdırma müşahidə olunarsa, mütləq həkimə müraciət etmək lazımdır. Bu viruslardan qorunmanın tək yolu təması əngəlləməkdən ibarətdir. Yəni xəstə insanlarla təmasda olmamaq lazımdır. Valideynlərə demək istəyirəm ki, profilaktik tədbirlərə əməl etsinlər, uşaqlarla birlikdə insanların çox olduğu yerlərə, kütləvi tədbirlərə getməsinlər. Özləri əl və üzü, ağız və burunu yumadan uşaqlara toxunmasınlar. Koronavirus əsasən, yaşlı insanlarda müşahidə olunur və daha çox şəkər, təzyiq, ürək və digər xəstəliklərdən əziyyət çəkən adamlara yoluxur.
Azərbaycanda vəziyyətə tam nəzarət olunur, sərhəd-keçid məntəqələrində sanitar kordon gücləndirilmiş iş rejimində qorunur və dövlət başçısı bu işi xüsusi diqqətdə saxlayır. Prezidentin göstərişi ilə Nazirlər Kabineti yanında xüsusi operativ qərargah yaradılıb, eyni zamanda, əlavə 10 milyon manat vəsait ayrılıb ki, lazımi tədbirlərin görülməsi daha sürətlə aparılsın. Dünən İrandan gələn daha üç şəxsdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Həmin şəxslərdən biri Almaniya vətəndaşı, digər iki nəfər isə İranın Qum şəhərində təhsil alan Azərbaycan vətəndaşlarıdır. Həmin şəxslər xüsusi rejimli xəstəxanaya yerləşdiriliblər və hazırda pasiyentlərin vəziyyəti kafidir, hərarətləri normaldır. Ölkə xaricində olan vətəndaşlarımızın qayıtmaları üçün də hökumət ciddi işlər görür. Bu barədə Prezident İlham Əliyev Goranboya səfəri zamanı mərkəzi rayon xəstəxanasının açılışında rayon ictimaiyyəti qarşısında çıxışında da dedi: “İranda qalan Azərbaycan vətəndaşlarının təxliyə edilməsi üçün xüsusi tədbirlər həyata keçirilir. Onların həm quru sərhəddən, həm də hava nəqliyyatı vasitəsilə Azərbaycana gətirilməsi təmin ediləcək. Ancaq hər kəs anlamalıdır, onlar lazım olan müddət ərzində karantində qalmalıdırlar ki, Azərbaycanda xəstəlik yayılmasın”.
Ölkədə orta və ali məktəblərin, uşaq bağçalarının müvəqqəti olaraq bağlanması haqqında müvafiq göstərişlər verilibdir. Bunun da məqsədi uşaqları, yeniyetmələri o xəstəlikdən qorumaqdır. Həmin yerlərdə indi gigiyena və epidemiologiya mərkəzləri tərəfindən təxirəsalınmaz dezinfeksiya işləri aparılır, yəni bütün lazımi tədbirlər görülür. Azərbaycanda bu xəstəliyin yayılması ehtimalı o qədər də yüksək deyil. Çünki gündə bir neçə dəfə bu məsələ ilə bağlı ölkə ərazisində monitorinqlər aparılır, bütün sərhəd-keçid məntəqələrində xüsusi cihazlar quraşdırılıbdır. 
Yeri gəlmişkən, onu da qeyd etməyi vacib hesab edirəm ki, bu günlərdə ÜST-ün xəbərdarlığına uyğun olaraq, insanlara əhalinin gur toplaşdığı yerlərə getməkdən çəkinmək tövsiyə olunsa da, dövlət başçımız bölgələrə səfərini təxirə salmadı. O, bir neçə rayonda oldu, müxtəlif müəssisələrin açılışında iştirak etdi, ictimaiyyətin nümayəndələri ilə sıx təmasda oldu. Bu, həm də o demək idi ki, mən də sizdən biriyəm, arxanızdayam və sizə gələcək hər hansı zərbənin qarşısına hamıdan öncə çıxmağa hazıram. 

 

Nurlana ƏLİYEVA, 
ATU-nun Tədris Cərrahiyyə Klinikasının şöbə müdiri, tibb üzrə fəlsəfə doktoru 

 

6 Mart 2020 20:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə