Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ milyarderi Soros: “Türkiyə Suriya məsələsində Avropanın dəstəyinə layiqdir”

Türkiyəyə qarşı bədxahlığı ilə tanınan “siyasi oyunlar rejissoru” ABŞ milyarderi Corc Soros birdən-birə Avropanı “Putinin Suriyadakı müharibə cinayətləri” ilə bağlı Ankaranın yanında olmağa çağırıb.

Soros  bu barədə “Faynenşil-Tayms”("Financial Times") nəşrində məqalə dərc etdirib. 

ABŞ milyarderi Rusiya lideri Putini “İosif Stalindan bəri dünyanın ən barbar hökmdarı” adlandırdığı Suriya prezidenti Bəşər Əsədi dəstəklədiyinə görə tənqid edib. Sorosun fikrincə, Türkiyə “Əsəd və onun İdlibdəki rus müttəfiqinin tələsinə düşmüş dinc vətəndaşları qorumaq üçün” hərbi güc tətbiq edən yeganə ölkədir. Bununla yanaşı, o, Türkiyənin “Suriyaya birbaşa hücum etməyə cəsarət etmədiyini, çünki Rusiya Hərbi Hava Qüvvələrinin türklərinkindən güclü olduğunu” da söyləyib. 

Sorosun sözlərinə görə, qaçqın axınının məhdudlaşdırılmasını hədəfləyən Avropa Türkiyənin öz ölkəsindən didərgin düşmüş milyonlarla suriyalını qəbul edərək onların yaşayışını təmin etməklə artıq böyük bir zərbə aldığını anlamalıdır: “Ən azı, Suriya məsələsində Türkiyə Avropanın dəstəyinə layiqdir. Buna görə Avropa atəşkəs əldə etmək üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Putinlə danışıqlar mövqeyini gücləndirməyə çalışmalıdır”.

R.TAHİR,
“Xalq qəzeti”

6 Mart 2020 12:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə