Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham ƏLİYEV: Əminəm ki, ölkəmiz bundan sonra da uğurla inkişaf edəcək

Son 16 ildə Azərbaycanın ancaq bölgələrində 22 yeni xəstəxana, 15 diaqnostika müalicə mərkəzi inşa edilib, 28 mərkəzi rayon xəstəxanası əsaslı təmir olunub. Beş xəstəxananın tikintisi isə davam edir. Beləliklə, ancaq bölgələrdə 70 müasir tibb ocağı istifadəyə verilib. Əlbəttə ki, bu tibb ocaqları insanların sağlamlığına xidmət göstərir. Bakı şəhərində də bir çox xəstəxanaların tikintisi, təmiri artıq yekunlaşıb. Bütövlükdə, son 16 ildə ölkəmizdə 700-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir olunub.
İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti


Azərbaycanda investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması məsələləri Prezident İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi diqqət çəkir. Dövlət başçımız hökumətin həyata keçirdiyi tədbirlərin icra prosesini daim nəzarətdə saxlayır, habelə ölkənin strateji resurslarını qlobal layihələrin reallaşdırılması istiqamətində səfərbər edir. Bu baxımdan son illərdə regional inkişaf və qeyri-neft sektorunun tərəqqisi ilə bağlı gerçəkləşdirilən tədbirləri xüsusi vurğulamaq olar.

Xatırladaq ki, bölgələrdəki mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını və aqrar sektorda islahatları sürətləndirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin gerçəkləşdirilməsi siyasəti ümummilli lider Heydər Əliyevin neft strategiyasının hədəflərini-neft gəlirlərindən səmərəli şəkildə istifadə olunmaqla Azərbaycanın uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasını şərtləndirmişdir.
Son 16 ildə Azərbaycan iqtisadiyyatının dayanıqlılığının təmin edilməsi, onun neftdən və qazdan asılılığının daha da azaldılması, qeyri-neft sektorunun inkişafı məqsədilə ardıcıl tədbirlər davam etdirilib. İqtisadi və maliyyə sektorlarında maksimum şəffaflığın təmin olunması istiqamətində mühüm addımlar atılıb. Şübhəsiz ki, bütün bunlar ölkə həyatının bütün istiqamətlərində, o cümlədən yol təsərrüfatında da köklü islahatların aparılmasını sürətləndirib. Ölkə rəhbərinin düşünülmüş, çevik və qətiyyətli iqtisadi siyasəti sayəsində bu sahədə qazanılan uğurlar daha da möhkəmləndirilib, avtomobil magistrallarının tikintisi və yenidən qurulmasına, regionlarda yol şəbəkəsinin bərpasına xüsusi önəm verilib. Bu isə ölkədə sərnişin və yükdaşımaların keyfiyyətinə müsbət təsir göstərməklə yanaşı, iqtisadiyyatın inkişafını sürətləndirib, turizm potensialından səmərəli istifadəni şərtləndirib.
Azərbaycan ­Prezidenti 
­İlham Əliyevin Goranboy, Şəmkir, Qazax, Ağstafa, Tovuz rayonlarına səfəri çərçivəsində də bunun bir daha şahidi olduq. Goranboy rayonunda Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu, Şəmkir-Abbaslı-Nərimanlı, Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına və Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yollarının açılışı mərasimləri də göstərdi ki, son illərdə regional dövlət proqramlarına uyğun olaraq yol infrastrukturunun inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı dövlət büdcəsi vəsaiti hesabına irimiqyaslı layihələr uğurla icra olunur.
Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə uyğun olaraq əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilir. Bu tədbirlər, ilk növbədə, vətəndaşların həyatının yaxşılaşdırılmasına yönələn layihələrin davamlı olmasını nümayiş etdirir. 
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sisteminin təkmilləşdirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də son illərdə mühüm işlər görülüb, yüzlərlə tibb müəssisəsi tikilib və ya əsaslı təmir olunub. 
Səhiyyə islahatlarının mühüm istiqaməti olan tibb müəssisələri şəbəkəsinin və strukturunun təkmilləşdirilməsi sahəsində son dövrlərdə görülən işlər göz önündədir. Əhalinin sağlamlığının qorunmasında və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında səhiyyənin prioritet sahələri üzrə qəbul olunan dövlət proqramları müstəsna rol oynayıb. Bu proqramlar dövlət tərəfindən maliyyələşdirilib və ölkə üzrə bütün tibb müəssisələrinin yenidən qurulmasını əhatə edib. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan sosialyönümlü siyasətin mühüm tərkib hissəsi kimi ölkədəki tibb ocaqlarında xidmətin pulsuz həyata keçirilməsi, əhalinin icbari tibbi sığortasının təşkil olunması və icrası uğurla davam edir. Azərbaycanda gerçəkləşdirilən səhiyyə islahatlarının əsas qayəsi, həm də aztəminatlı və ağır xəstəliklərdən əziyyət çəkən insanların pulsuz dərmanlarla təmin olunmasına və müalicəsinə yönəldilib.
Bu sahədə aparılan ardıcıl islahatlar səhiyyə sisteminin yeni, müasir mərhələyə qədəm qoymasına hərtərəfli zəmin yaradıb. Təqdirəlayiq haldır ki, səhiyyə sahəsinin inkişafı ilə bağlı icra olunan layihələr respublikanın bütün bölgələrini əhatə edib. Goranboy və Qazax rayonlarında mərkəzi xəstəxana binalarının istifadəyə verilməsi məhz bu qəbildən olan tədbirlərdəndir. Bu cür müasir xəstəxana və tibb ocaqlarının inşası, ilk növbədə, vətəndaşların sağlamlığının qorunması, onların müayinə-müalicə işini yüksək səviyyədə qurmaq üçün atılan addımlardandır. Bu xəstəxanaların müasir, son texnoloji yeniliklərə əsaslanan avadanlıq və qurğularla təchiz olunması ölkəmizin ümumi inkişafının göstəricisidir. Bütün bunlar sübut edir ki, səhiyyə sisteminin təkmilləşdirilməsi Azərbaycanda həyata keçirilən dövlət siyasətində prioritet məsələ kimi daim diqqət mərkəzindədir və sosial siyasətdə mühüm yer tutan səhiyyə islahatları uğurla, həm də məqsədyönlü şəkildə davam etdirilir.
Dövlətimizin başçısının Qərb bölgəsinə səfəri zamanı açılış mərasimlərində iştirak etdiyi səhiyyə obyektlərinin nümunəsində bu, aydın nəzərə çarpır. Prezident İlham Əliyevin Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışı mərasimində sözügedən məsələ ilə bağlı dedikləri də diqqət çəkir: “Son 16 ildə Azərbaycanın ancaq bölgələrində 22 yeni xəstəxana, 15 diaqnostika müalicə mərkəzi inşa edilib, 28 mərkəzi rayon xəstəxanası əsaslı təmir olunub. Beş xəstəxananın tikintisi isə davam edir. Beləliklə, ancaq bölgələrdə 70 müasir tibb ocağı istifadəyə verilib. Əlbəttə ki, bu tibb ocaqları insanların sağlamlığına xidmət göstərir. Bakı şəhərində də bir çox xəstəxanaların tikintisi, təmiri artıq yekunlaşıb. Bütövlükdə, son 16 ildə ölkəmizdə 700-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir olunub”.
Dövlət başçısı çıxışında daha sonra hazırda bütün şəhərlərimizdə müasir tibb müəssisələrinin fəaliyyət göstərdiyini, həmin səhiyyə ocaqlarında həm müalicə, həm də diaqnostika aparmaq üçün bütün imkanlar olduğunu diqqətə çatdırıb. Prezident ildən-ilə müayinədən keçən vətəndaşların sayının artdığını və keçən il 5 milyona çatdığını vurğulayıb. Ölkə rəhbəri bu prosesin mühüm önəm daşıdığını qeyd edərək deyib: “Mən 10 il bundan əvvəl vətəndaşlara belə bir tövsiyə etmişdim ki, ildə bir dəfə hər bir vətəndaş müayinədən keçsin, öz sağlamlığı haqqında onda da, həkimlərdə də məlumat olsun, lazım olan halda müalicə alsın, cərrahiyyə əməliyyatından keçsin. Ancaq o vaxt lazımi şərait yox idi, bu gün isə bu şərait var. Ona görə belə gözəl tibb mərkəzinin yaradılması bizim siyasətimizin göstəricisidir…”. 
Prezident İlham Əliyev Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışı mərasimində hazırda dünya gündəliyini zəbt edən koronavirus məsələsinə də toxunaraq, bunun bütün ölkələrdə ciddi narahatlıq doğurduğunu xüsusi vurğulayıb. Eyni zamanda, Azərbaycanda vəziyyətin nəzarətdə saxlanıldığını və bu məqsədlə Nazirlər Kabinetinin yanında xüsusi operativ qərargah yaradıldığını, tədris müəssisələrinin, uşaq bağçalarının müvəqqəti olaraq bağlanılması barədə müvafiq tapşırıqların icra edildiyini bildirib: “Göstəriş vermişəm, əlavə 10 milyon manat vəsait ayrılsın ki, lazımi tədbirlərin görülməsi daha sürətlə aparılsın. İranda qalan Azərbaycan vətəndaşlarının təxliyə edilməsi üçün xüsusi tədbirlər həyata keçirilir. Onların həm quru sərhəddən, həm də hava nəqliyyatı vasitəsilə Azərbaycana gətirilməsi təmin ediləcək. Ancaq hər kəs anlamalıdır, onlar lazım olan müddət ərzində karantində qalmalıdırlar ki, Azərbaycanda xəstəlik yayılmasın”.
Prezident İlham Əliyev regionlarda iş yerlərinin yaradılmasına prioritet istiqamət kimi böyük əhəmiyyət verir. “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti fəaliyyətə başlayandan sonra artıq onun bir çox regionlarda, o cümlədən Goranboy, Qazax, Ağstafa və Tovuz filiallarının yaradılması da bunun bariz ifadəsidir. 
Xatırladaq ki, Azərbaycan xalçaları bütün dövrlərdə dünyanı heyran qoyub, milli naxışlarımızın şöhrəti hər yanı qarış-qarış gəzib, ətrafında böyük diqqət toplayıb. Azərbaycan xalçalarının ta qədimlərdən başlayan şöhrəti bu gün yeni layihələrlə zənginləşir. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması da məhz bu amildən qaynaqlanıb. Cəmiyyətin əsas məqsədi xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkili, xalça istehsalında yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi, habelə ondan səmərəli istifadədir. 
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, istehlakçıların içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi ilə son illər ölkə miqyasında genişmiqyaslı infrastruktur layihələri reallaşdırılıb. Şəhər və rayon mərkəzləri ilə yanaşı, əhalisinin sayı 1 milyon 400 min nəfər olan 1050 kənddə içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı işlər görülüb. Prezident İlham Əliyevin açılış mərasimində iştirak etdiyi “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi də bunun bariz ifadəsidir. 
Yeri gəlmişkən, Şəmkirçay su anbarının ehtiyatlarının daxili mənbələr hesabına formalaşması ölkəmizin su təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. 2014-cü ildə istismara verilən və ümumi tutumu 164 milyon kubmetr olan anbar əkin sahələrinin suvarılması ilə yanaşı, respublikanın qərb bölgəsində yaşayan əhalinin içməli su təminatına da töhfələr verməkdədir. Burada toplanan suyun içməli su standartlarına uyğun olması, eyni zamanda, təbii durulmadan keçməsi nəzərə alınaraq anbardan, həm də içməli su mənbəyi kimi istifadəyə qərar verilib. Anbarın relyef baxımından Gəncə, Şəmkir, Samux şəhərlərindən yüksəklikdə yerləşməsi yaşayış məntəqələrinin özüaxımlı rejimdə dayanıqlı su təchizatına imkan yaradır. Bütün bunlar nəzərə alınaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə su anbarının yaxınlığında məhsuldarlığı gündə 140 min kubmetr və ya saniyədə 1,6 kubmetr olan sutəmizləyici qurğular kompleksi inşa edilib. Bu kompleks məhsuldarlığına görə Azərbaycanın regionlarında tikilmiş ən böyük içməli sutəmizləyici qurğudur.
Azərbaycanda prioritet vəzifə kimi qarşıya qoyulan iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən biri olan qeyri-neft sənayesinin inkişafı da diqqətdə saxlanılır. Dövlət başçısı İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın qəbul edilməsi də məhz bu sahəyə xüsusi önəm verilməsinin bariz ifadəsidir. Xatırladaq ki, adıçəkilən sənəd qeyri-neft sənayesi ilə bağlı yeni çağırışlar və imkanlar nəzərə alınmaqla hazırlanıb. Bu zaman mövcud sahənin rəqabətqabiliyyətliliyi, innovativliyi və iqtisadi inkişafı dəstəkləməsi prinsipləri diqqət mərkəzində saxlanılıb. Bu, Prezident İlham Əliyevin Ağstafa Aqrar Sənaye Kompleksinin və Qazaxda açılışında iştirak etdiyi əhəng zavodunun nümunəsində aydın nəzərə çarpır. 
“Mətanət A” şirkətinə məxsus “Azerlime” adlı əhəng zavodu regionda yerləşən tikinti-quruculuq işlərində mühüm rol oynayacaq. Rayonun Daş Salahlı kəndində yaradılan bu zavod yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin edilməsi baxımından da xüsusi əhəmiyyətə malikdir.
Yuxarıda qeyd edilənlər deməyə əsas verir ki, Azərbaycanda investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması məsələləri uğurla həll edilir. Bununla bağlı Prezident İlham Əliyev vaxtaşırı bölgələrə səfər edərək, həyata keçirilən tədbirlərin icra prosesini daim nəzarətdə saxlayır, insanların qayğı və problemləri ilə maraqlanır, çətinliklərin aradan qaldırılması istiqamətində tapşırıq və tövsiyələrini verir.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 

5 Mart 2020 22:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə