Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan dünyaya daha bir seçki nümunəsi təqdim etdi

Son illər ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar özünü parlamentin yenilənməsində də büruzə verdi. Bu islahatların qarşıya qoyduğu prioritet vəzifələrdən biri dövlət idarəçiliyində yeni modelin tətbiqi ilə yanaşı,  Azərbaycan vətəndaşının rifah halının yaxşılaşdırılmasıdır. İslahatların miqyası göstərir ki, burada söhbət artıq yeni kursdan, çevik idarəçilikdən  gedir. Bu islahatlar indiyədək mövcud olan iqtisadi modelin tamamilə yenilənməsinə xidmət edir. Bütövlükdə, struktur və kadr islahatları geniş vüsət alıb. 

Parlamentin yenilənməsi  islahatların növbəti və daha mühüm mərhələsi kimi qəbul edildi. Təbii ki,  qanunverici orqan hakimiyyətin icraedici qolunda aparılan, bütün sahələri əhatə edən islahatlardan kənarda qala bilməzdi. Parlament ölkədəki dəyişikliklərə adekvat olmalı, yenilənməli, yeni təfəkkürə malik şəxslərdən ibarət olmalı və müasir düşüncə tərzinə uyğun qanun yaradıcılığında iştirak etmək  nümunəsi  göstərməlidir.
Artıq seçkilər arxada qaldı və dünən  Konstitusiya Məhkəməsinin Plenumu ­2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərin nəticələrini təsdiq etdi.
Ölkəmiz builki seçkiləri də demokratik, azad və ədalətli  keçirməklə dünyaya daha bir seçki nümunəsini təqdim etdi.  Seçkilərin gedişini izləmiş həm yerli, həm də beynəlxalq müşahidəçilərin, eləcə də, dünyanın aparıcı kütləvi informasiya vasitələrinin əməkdaşlarının  rəylərində də  seçkilər  zamanı ciddi qanun pozuntusunun baş vermədiyi bildirilir. Yeri gəlmişkən,  parlament seçkilərini  89 min 676 yerli və 883 beynəlxalq müşahidəçi izləyib. Həmçinin  dünyanın 132  kütləvi informasiya vasitəsinin 199 nümayəndəsi müşahidə aparıb. 
Seçki zamanı şəffaflığın təmin olunması məqsədilə tətbiq edilən üsullar bu dəfə də diqqət mərkəzində oldu. 1000 seçki məntəqəsində veb-kameraların quraşdırılması, barmaqların gözə görünməyən mürəkkəblə işarələnməsi, müşahidəçilər üçün əlverişli şəraitin yaradılması beynəlxalq aləmdə də yüksək dəyərləndirilir.
Dövlət başçısının siyasi iradəsi, demokratik  ənənələrə sadiqliyi, bütün azadlıqların təmin olunmasına yaratdığı şərait  daha bir  şəffaf, azad və ədalətli seçki keçirilməsində özünü açıq şəkildə büruzə verdi. Parlament seçkiləri bir daha təsdiqlədi ki,  Azərbaycan demokratiya yolunda inamla irəliləyir,  ölkəmizdə  siyasi plüralizm, söz azadlığı, demokratik seçki mövcuddur.  

 

Yusif AĞAYEV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, dosent 

 

5 Mart 2020 22:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə