Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Parlament seçkilərinin şəffaf, demokratik keçirildiyi təsdiqləndi

Kütləvi informasiya vasitələri məlumat verdilər ki, martın 5-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 2020-ci il fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərin nəticələrini təsdiq edib.  Plenumun iclasında Milli Məclisə seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə dair yekun qərar qəbul olunub. 

Ölkə əhalisi məhz bu nəticəni gözləyirdi. Çünki beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 5 dekabr ­2019-cu il tarixli sərəncamının icra edilməsi çərçivəsində həyata keçirilən mükəmməl layihələr və çoxsaylı tədbirlər hamını əmin edirdi ki, bu seçkilər uğurla başa çatacaq. 
Xatırladım ki, 9 fevral parlament seçkiləri 125 seçki dairəsi üzrə 5573 məntəqədə keçirilirdi. Məntəqələrin 1000-də veb-kameralar quraşdırılmışdı. Mərkəzi Seçki Komissiyasının son məlumatında bildirildi ki, məntəqələrə 5 milyon 387 min 600 seçki bülleteni paylanılıb. Dünənki seçkilərdə 5 milyon 329 min 460 vətəndaş səsvermə hüququndan istifadə edə bilərdi. 
Daha çox diqqət çəkən məqamlardan biri də o idi ki, seçkilərin gedişini 132 beynəlxalq KİV-in 199 təmsilçisi işıqlandırırdı. Bu KİV-lər 47 ölkəni – ABŞ, Meksika, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Türkiyə, Rusiya və digər ölkələri təmsil edirdilər. Hamıya elan edilmişdi ki, beynəlxalq jurnalistlər parlament seçkilərində yerli mətbuat nümayəndələri ilə eyni hüquqa malikdir. Onlar da yerli jurnalistlər kimi, heç kimdən icazə almadan sərbəst şəkildə seçki məntəqələrinə daxil ola bilirdilər. 
Seçki ərəfəsində hər birimizi daha çox maraqlandıran məqamlardan biri də ATƏT müşahidəçilərinin bu səsvermənin nəticələrinə göstərəcəyi münasibət idi. Son anda məlum oldu ki, onlar da bizim parlament seçkilərimizin ümumi nəticələrinə mane ola biləcək bir irad söyləmədilər. Odur ki, Konstitusiya Məhkəməsi 9 fevral parlament seçkilərinin nəticələrini məhz MSK-nın təsdiq etdiyi protokollar əsasında təsdiq etdi. Bu münasibətlə yeni parlamentin üzvlərini və xalqımızı təbrik edirəm!

 

Tofiq BAKIXANOV, 
Xalq artisti, professor

 

5 Mart 2020 22:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə