Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Koronavirus: Pandemiya təhlükəsi gözlənilmir

Dünya koronavirus xəstəliyindən əziyyət çəkir. Ölkələr bir-birlərinə qapılarını bağlayır, kütləvi tədbirlər təxirə salınır, iqtisadi əlaqələr məhdudlaşdırılır. Yalnız Antarktidada rast gəlinməyən koronavirusun dünya iqtisadiyyatına vurduğu ziyanın məbləği yüz milyardlarla dolları ötür. 

2019-cu ilin dekabr ayından etibarən ortaya çıxan koronavirus səbəbilə ölənlərin sayı artıb. Bütün dünyanı narahat edən koronavirusla bağlı müxtəlif məlumatlar yayılır, ondan qorunmağın yolları göstərilir. Amma həmin məlumatlar arasında doğru bildiyimiz yanlış informasiyalar da var. Məsələn, yeni koronavirusun ən təhlükəli virus olduğu iddia edilir. Əslində, bu virus yeni deyil, hələ koronavirus 2003-cü ildə SARS (Şiddətli Kəskin Respirator Sindromu), 2012-ci ildə isə MERS (Yaxın Şərq Tənəffüs Sindromu) şəklində özünü büruzə vermişdi. Əlbəttə, heç kəs mübahisə etmir, koronavirus təhlükəlidir, amma ən təhlükəlisi deyil. Dünyada bundan da təhlükəli xəstəliklər var. 
Bundan başqa, belə bir iddia da irəli sürülür ki, koronavirusa yoluxan şəxsin sağalmaq şansı da olmur. Əslində, bu iddia da yanlışdır, koronavirusa yoluxan hər xəstə vəfat etmir. Statistika göstərir ki, koronavirusdan ölən insanların faiz göstəricisi, zənn edildiyi kimi, yüksək deyil. Diqqət yetirin: normal qrip xəstəliyindən ölən insanlar koronavirusdan ölənlərdən 60 dəfə çoxdur! Məlumdur ki, koronavirusa yoluxanlar əsasən xroniki xəstəliyi səbəbindən immuniteti zəifləmiş şəxlər və yaşlılardır. Buna görə də, həmin yaş qrupuna daxil olan şəxslər virusdan qorunmaq üçün daha diqqətli olmalı, immun sistemini gücləndirməlidirlər. Bir sözlə, koronavirus haqqında bildiyimiz odur ki, pnevmaniyaya (sətəlcəmə) səbəb olur, daha sonra bir çox yeni virus kimi, antibiotik müalicəyə reaksiya göstərmir. Bu, heyvanlar arasında geniş yayılmış böyük bir viruslar qrupuna aiddir. 
İndi hamı düşünür: yeni virus xəstəliyinin sürətlə yayılması dünyanın inkişafına necə təsir göstərəcək? Dünya iqtisadiyyatını yeni böhran gözləyirmi? Bu suallara birmənalı cavab vermək çətindir. Mütəxəssislər bildirirlər ki, dünya miqyasında iqtisadi tənəzzüldən danışmaq hələ tezdir, amma koronavirus alovunun mənfi nəticələrini iqtisadiyyat artıq hiss edir. Doğrudur, Ümümdünya Səhiyyə Təşkilatı baş verənləri beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət kimi qəbul edir, ancaq heç epidemiya hesab etmədiyi prosesin pandemiyaya keçəcəyini bildirmir. Bununla belə, koronavirusun özü ilə gətirdiyi problemlərin iqtisadi zərərləri artıq hiss olunur. Bəzi hesablamalara görə, yeni xəstəliyin Çin iqtisadiyyatı və bütün Asiya regionu üçün nəticələri 2003-cü ilin atipik sətəlcəmindən daha ciddi ola bilər. Bütün mütəxəssislər razılaşırlar ki, koronavirusun bütün dünya üçün potensial iqtisadi itkiləri böyük olacaq. Unutmaq lazım deyil ki, belə mənzərə tənəffüs infeksiyası xəstəliyinin tüğyan etdiyi dövrlərdə də müşahidə olunur. Bununla belə, etiraf etmək lazım gəlir ki, Çin hələ də bir çox sənaye və yüksək texnologiyalı məhsullar üçün əsas komponentlərin istehsal olunduğu “dünya fabriki” rolunu oynayır. Buna görə də ABŞ-Çin ticarət müharibəsi ilə dağılmayan təchizat zəncirləri yaxın gələcəkdə misli görünməmiş karantin fonunda beynəlxalq ticarətin dayandırılmasından əziyyət çəkəcək. 
Məsələn, avtomobil sənayesində vəziyyət çox mürəkkəbləşə bilər. Belə ki, “IHS Markit”in hesablamalarına görə, avtomobil istehsalçılarının itkiləri birinci rübdə 350 min ədəd məhsul təşkil edəcək, karantin mart ayının ortalarına qədər davam edərsə, itki 1,7 milyondan çox olacaq. Dünyanın beşinci ən böyük avtomobil istehsalçısı olan “Hyundai” şirkəti Çin ehtiyat hissələrinin çatışmazlığı səbəbindən Cənubi Koreyadakı fabriklərdə istehsal xətlərini dayandırmışdır. Digər avtomobil istehsalçısı “Tesla” şirkəti Şanxayda yığılmış “Model 3” modelinin təchizatında gecikmələrin olduğu barədə xəbərdarlıq edir. Oxşar çətinliklər “Toyota”, “General Motors” və “Volksvagen” tərəfindən də bildirilir. Mikroelektronika və yüksək texnologiyalar sahəsində də mənzərə eynidir. Amma ən çox ziyanın görəcəyi sahənin məhz turizm olacağı şübhə doğurmur. Artıq dünyanın bir çox hava yolu şirkətləri, turoperatorları problemin ciddiliyini deyirlər. Bəzi hallarda Cənub-Şərqi Asiya ölkələrinə səyahət planlaşdıranların böyük bir hissəsi səfərlərini təxirə salır. Dünya üzrə turizm sektorunun zərərlərinin milyardlarla ölçüləcəyi bildirilir. 
Heç kimə sirr deyil ki, sürətlə varlanan çinlilər hazırda istənilən ölkə üçün potensial turistlər sayılır və çinliləri cəlb etmək uğrunda ciddi rəqabət gedir. Məsələn, 2018-ci ildə 150 milyon Çin vətəndaşının xaricə gedərək 277 milyard dollar xərclədiyi məlumdur. Ancaq koronavirus xəstəliyinin yayılmasından sonra bu rəqəmdə ciddi azalma müşahidə edilir və epidemialoji vəziyyət uzun davam edərsə, dünya turizm sahəsinin itkiləri daha da artacağı proqnozlaşdırılır. Turizm sahəsilə sıx bağlı olan aviasiya sənayesində də ciddi itkilər qeydə alınır. Ölkələr arasında hava əlaqəsinin məhdudlaşdırılması və qeyri-müəyyən müddətə təxirə salınması aviadaşıyıcı şirkətlərə milyonlarla dollar ziyan vurur. “Tourism Economics”in məlumatına görə, yalnız Amerika aviaşirkətləri bu il ərzində 1,6 milyard dollar itirə bilər. Bundan başqa, “Airbus” Çinin Tianjin şəhərində ayda 6 ədəd A320 markalı təyyarənin istehsal olunduğu fabrikin fəaliyyətini məhdudlaşdırmağa məcbur oldu. Bir sözlə, koronavirusla vəziyyət dəyişməsə, digər sahələrdə olduğu kimi, aviadaşıma sənayesində də maliyyə itkiləri artacaq.
Problem həm də ondadır ki, Çin “dünya fabriki” olmaqla yanaşı, həm də böyük bazardır. Çinlilər, məsələn, lüks malların istehlakının 30 faizini təmin edirdilər. Zərgərlik məmulatlarının istehsalçısı “Pandora” artıq “tələbatın görünməmiş dərəcədə azalması” barədə məlumat verir. Təəccüblü deyil ki, LVMH dünya lüks imperiyasının sahibi Bernard Arno koronavirus çaxnaşmasının ilk qurbanlarından birinə çevrildi. Fransalı iş adamı bir neçə milyard dollar itirərək dünyanın ən varlı adamı titulundan məhrum oldu. Bundan başqa, riteyl şirkətləri də ziyan görməyə başlayırlar. Məsələn, H&M şirkətinin Çində 45 mağazasını bağladı və tədarük zəncirində məhdud fasilələrin ola biləcəyi barədə xəbərdar etdiyi bildirilir. Levi Strauss & Co (Levi’s) və Nike kimi şirkətlərin də Çindəki mağazalarının təxminən yarısını bağladıqları vurğulanır. Walt Disney, Netflix, McDonalds və Starbucks şirkərləri də zərərlə üzləşirlər. Bu da iqtisadiyyatın qloballaşmasının nəticəsidir. Tələbat 30 faiz azalarsa, o zaman nəqliyyat, xidmətlər və digər sahələrdə də gəlirlər azalmağa başlayır. Qeyd etmək yerinə düşər ki, Çin tərəfindən ABŞ, Yaponiya və Cənubi Koreya kompüter çiplərinin və mikroelektronika komponentlərinin alınmasının həcmini Çinin neft idxalının həcmi ilə müqayisə etmək olar. Məlumdur ki, Çin iPhone və ABŞ-ın digər informasiya texnologiyaları nəhənglərinin məhsullarının ən böyük alıcısıdır. Koronavirus səbəbindən Apple, IBM, Microsoft və AMD şirkətlərinin biznesinin azalması və 2020-ci ilin birinci rübündə zəif maliyyə hesabatları texnologiya sektoru şirkətlərinin bazar dəyərinə (kapitallaşmasına) və bütövlükdə, fond bazarına ciddi zərbələr vuracaqdır. Bu da, təbii ki, ABŞ vətəndaşlarının gəlirlərinə mənfi təsir göstərəcək.
Sual oluna bilər: amerikalının kasıblaşması ilə dünya iqtisadiyyatında baş verə biləcək mümkün böhranla nə əlaqəsi var? Məsələ ondadır ki, amerikalıların 60 faizi bu və ya digər dərəcədə səhmlərlə, istiqrazlarla əməliyyatlara cəlb olunmuşlar. Amerikalılar birbaşa və ya pensiya, investisiya və digər fondlar vasitəsilə səhm bazarlarının fəal iştirakçılarıdır. Bu gəlirlər də istehlak xərclərinə gedir. ABŞ-ın Ümumi Daxili Məhsul istehsalının strukturunda da istehlak xərclərinin payı 70 faizdən çoxdur. Amerikalılar koronavirusa görə fond bazarlarında gəlirlərinin bir hissəsini və əmanətlərini itirsələr, istehlakçı tələbi azalacaq və ABŞ iqtisadiyyatı tənəzzülə uğraya bilər. Dünyanın ən böyük istehlakçı dövlətinin də ciddi problemlərlə üzləşməsi dünya iqtisadiyyatı üçün yaxşı heç nə vəd etmir. Bu günlərdə Nasdaq, NYSE, S&P fond birjalarında məcmu olaraq 12,5 faiz azalma qeydə alındı. Amerikanın ən böyük on milyardçısı fond bazarının düşməsi ilə təxminən 100 milyard dollardan artıq vəsait itirdi. Bütövlükdə, dünya iqtisadiyyatının itkiləri 1,5 trilyon dollardan çoxdur və bu proses getdikcə güclənir. Mütəxəssislərin fikrincə, bu, şübhəsiz, təkcə Avropada deyil, həm də onunla fəal əməkdaşlıq edən ölkələrin iqtisadiyyatını inkişaf etdirmək planlarına təsir göstərəcək. 
Bir sözlə, Çin müəssisələrinin işinin dayandırılması və karantin məhdudiyyətləri Avstraliya və Hindistanın dağ-mədən şirkətlərinə, Tailandın, Sinqapurun, Filippinin, Vyetnamın turizm sənayesinə və digər sahələrə, dünya aviaşirkətlərinin əksəriyyətinə, neft şirkətlərinə, Cənubi Koreyada və Malayziyada çip və displeylərin istehsalçılarına, Çindən komplektləşdiricilərdən asılı olan dünya avtomobil istehsalçılarının əksəriyyətinə ziyan vurur. Beynəlxalq ticarət və yükdaşımaları da azalır. Birinci rübün sonunda dünyada müəyyən əmtəə çatışmazlığı gözlənilir. Lakin dünya iqtisadiyyatının artım templərinin ümumi ləngiməsi daha təhlükəlidir. Bəs hazırda müşahidə etdiyimiz prosesi epidemiya hesab etmək olarmı və ümumiyyətlə, bəşəriyyəti daha təhlükəli pandemiya gözləyirmi? Alimlər deyirlər ki, tibbdə hər hansı bir ərazidə yaşayan əhalinin 5 faizinə təsir göstərən infeksion xəstəlik epidemiya hesab olunur. Epidemiya bir neçə ölkəni, qitəni və ya bütün Yer kürəsini əhatə etdikdə isə pandemiya, birdən-birə baş verdikdə eksploziv, yaxud epidemik alovlanma adlanır. Hazırda nə Çində, nə də bir başqa ölkədə əhalinin 5 faizinin koronavirusa yoluxması faktının qeydə alınması barədə məlumat yoxdur. Dünya üzrə 92 mindən artıq insanın koronavirusa yoluxduğu, cəmi 3 mindən artıq insanın xəstəlikdən vəfat etdiyi və 48 mindən artıq insanın da sağaldığı məlumdur. 
Beləliklə, koronavirus təhlükəlidir, ancaq ebola və ya vəba kimi dəhşətli dağıdıcı gücə malik deyil. Əgər dünya ən təhlükəli virus ilə üz-üzə deyilsə (hələ ki, belə görünür), o zaman daha bir rüblük ekstremal eniş baş verməyəcək. Mütəxəssislər güman edirlər ki, Çində baş vermiş xəstəliyin yayılması mart ayında azalmağa başlayacaq, istehsal və beynəlxalq ticarətdə müşahidə edilən kəsir bərpa olunacaq. Bu halda dünya iqtisadiyyatının itkiləri, təxminən 250-300 milyard dollar təşkil edəcək ki, bu da çox böyük məbləğ deyil. Məsələn, Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, ötən il ABŞ-ın Çinlə ticarət müharibəsi dünyaya 850 milyard dollar ziyan vurmuşdu. Odur ki, koronavirus çaşqınlığı uzun müddət davam etməsə, dünyada müşahidə olunan son proseslər öz normal axarına dönəcək. Bu prosesin uzun müddət davam etməməsinə də hər birimiz çaşqınlığa qoşulmamaqla kömək edə bilərik. Hər bir insan koronavrusla mübarizədə zəruri qaydalara əməl edərsə, o zaman çaşqınlığın dəyəri də yüksək olmayacaq. 

 

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”

5 Mart 2020 22:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə